Yunusların məhkəməsində sensasion yenilik..

Şahid: "Tədbirlərin birində erməni jurnalist mənə yaxınlaşaraq, Leyla Yunusla əməkdaşlıq edə biləcəyimi dedi, onun telefon nömrəsini mənə verdi"

Mətanət Əzizova: "Qadın Krizis Mərkəzi qeydiyyatdan keçmədiyi üçün xaricdən təşkilata ayrılan pullar Ön Qafqaz Qadınlarının Cəmiyyətinin hesabına köçürülürdü"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə jurnalist Anna Daqidaşvili şahid qismində dindirilib.

O, fəaliyyəti ilə bağlı tez-tez xaricdə səfərdə olduğunu, konfranslara qatıldığını bildirib: “Belə tədbirlərin birində erməni jurnalist mənə yaxınlaşaraq, Leyla Yunusla əməkdaşlıq edə biləcəyimi dedi və onun telefon nömrəsini mənə verdi. Mən Leyla Yunusla əlaqə saxlayıb, əməkdaşlığa başladım. İşim Dağlıq Qarabağ məsələsinə dair müsahibələr alıb, onların jurnalına təqdim etməkdən ibarət idi. Bu işimə görə mənə 150-170 manat ödənirdi. Leyla Yunus Rauf Mirqədirovla əlaqə saxlayıb, müsahiblərə verəcəyim sualları ondan almağımı tapşırdı. Rauf Mirqədirovun nömrəsini verdi. Bundan sonra sualları mən ondan alırdım”.

Jurnalist Əkbər Həsənov isə Arif Yunusun dəvəti ilə 2 dəfə - 2006 və 2007-ci illərdə Ermənistanda səfərdə olduğunu deyib: “Yunusovları yaxşı tanıyıram. Mənə maraqlı olduğu üçün onun təkliflərini qəbul etdim. Mənimlə bərabər Arif Yunus və Azad İsazadə də olub. Arif Yunus daha çox Ermənistan prezidentinin keçmiş xüsusi nümayəndəsi, “Həmrəylik” Araşdırma Mərkəzinin rəhbəri, politoloq David Şahnazaryanın təşkil etdiyi görüşlərə qatılırdı. Mən yazı yazıb qonorar alırdım. Onlarla əlaqəm 2012-ci ildə korlandı. Buna səbəb Arif və Leyla Yunusların jurnalistləri aşağılaması oldu. Onlar ikisi Baden Badenə gedirdi. Soruşdum ki, jurnalistləri niyə aparmırsınız? Arif Yunus kinayəli şəkildə “jurnalistlərin orda nə işi var” dedi. Gördüm ki, onlar bizə aşağı sinfin nümayəndələri kimi yanaşırlar. Bundan sonra onlarla əlaqəmi kəsdim”.

Həbsdə olan jurnalist Rauf Mirqədirov şahid ifadəsində bildirib ki, Yunusovlar ailəsini 90-cı illərin əvvəllərindən tanıyır: “Məni Ermənistanda keçirilən tədbirlərə Arif Yunus vasitəsilə dəvət olunurdum. Orada hər il tədbirlər keçirilirdi. Mən ya özüm gedirdim, ya da telefonla qatılırdım. 2002-ci ildə Arif Yunusa dedim ki, məni ödənişli layihəyə yazsınlar ki, qonorar alım. Belə də elədilər. Bundan başqa, Sülh və Demokratiya İnstitutunun şəbəkə layihələrindən də pul alırdım”.

“Unibank” ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib ki, bankda Leyla Yunusun özünün və müəssisəsinin hesabları olub.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Leyla Yunusun rəhbərlik etdiyi təşkilatın layihələrində iştirak etmədiyini deyib. Əlavə edib ki, Qadın Krizis Mərkəzi qeydiyyatdan keçmədiyi üçün xaricdən mərkəz üçün ayrılan qrantlar Ön Qafqaz Qadınlarının Cəmiyyətinin hesabına köçürülüb. Leyla Yunus həmin pulları Qadın Krizis Mərkəzinə verib.

Sonra hazırda Rusiyada yaşayan, 2005-2007-ci illərdə “Bank Standart”ın İdarə Heyətinin sədri olmuş Səlim Pirimovun istintaqa ifadəsi oxunub. İfadədə Arif Yunusun hesabına 2 dəfə Ermənistandan, 2 dəfə isə başqa xarici dövlətdən pul köçürüldüyü bildirilib.

Prosesdə hazırda xaricdə yaşayan Qadın Krizis Mərkəzinin sədri Mətanət Əzizovanın məktubu oxunub. M. Əzizova istintaqa verdiyi ifadəsini təsdiqləyərək, Leyla Yunusdan dəfələrlə pul aldığını bildirib. O da bildirib ki, Qadın Krizis Mərkəzi qeydiyyatdan keçmədiyi üçün xaricdən təşkilata ayrılan pullar Ön Qafqaz Qadınlarının Cəmiyyətinin hesabına köçürülüb. Dəfələrlə Leyla Yunusla görüşərək, həmin pulları alıb. M. Əzizova Leyla Yunusun Ermənistanda dəfələrlə tədbirlər keçirdiyini və buna görə qrantlar aldığını yazıb. Bildirib ki, Leyla Yunus Sülh və Demokratiya İnstitutu xətti ilə keçirilən tədbirlərə görə ona pul verməyib.

Məhkəmə prosesi avqustun 5-də davam etdiriləcək.

Qeyd edək ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.

Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.

641 DƏFƏ OXUNUB

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar