MİLLƏT VƏKİLİNDƏIN GENERALA AĞIR İTTİHAMLAR - "Bizi ailəvi həbs etdirəcək, ya ölkədən çıxartdıracaq?!"

"Bir neçə gün əvvəl qardaşım Dilavərin (Əliyev) oğlu Bəhruzu işlədiyi kafedən 7-8 polis tutub Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə (Bandotdel) aparıblar". Bu barədə VHP sədri "Qafqazinfo"ya müsahibəsində bildirib. O qeyd edib ki, qardaşı oğluna qarşı bu cür münasibət digər qardaşı Əlövsət Əliyevlə bağlıdır: "Bəhruzun komputerini götürüb baxıblar. Üç gün onu orada ac-susuz, sorğu-sualsız saxlayıblar, sonra buraxıb deyiblər ki, get sabah gələrsən. Bu nə münasibətdir?! Onun atası polis işçisisidir, atasına zəng edib deyin ki, oğlunu göndər. Bu basqın nə deməkdir?! Bəhruzla bir yerdə iki nəfəri də tutublar, onları buraxıb Bəhruzu saxlayıblar. Şəkinski idarə rəisidir deyə nə istəyir onu etməlidir?! Bizi ailəvi həbs etdirəcək, ya ölkədən çıxartdıracaq?! Bunun özündən soruşan yoxdur ki, sənin bu məsələdə heç günahın yoxdur?! Onun atası çox ləyaqətli bir kişi idi, Əkrəm Şəkinski. Çox yaxşı da münasibətlərimiz var idi. Atası buna bənzər vəziyyətdə qətiyyən belə hərəkət eləməzdi. Hər şeyin bir hüquqi əsası olmalıdır. Saxta sənəd düzəldənlər, sərhəddən qanunsuz keçirənlər həbs olunub. Məsləhət verməyə görə adam həbs edərlər?".

Daha sonra millət vəkili Əlövsət Əliyevin işi ilə bağlı Daxili işlər naziri Ramil Usubovla görüşünə və qardaşının Emin Şəkinskinin ailəsi ilə bağlı axtarışa verilməsinə də münasibət bildirib: "Daxili işlər naziri mənim şəxsi təsəvvürümə görə, bu məsələlərdə obyektivliyi qorumağa çalışan və lazımsız münaqişə yaratmaqdan uzaq duran bir adamdır. Amma proseslər onun istəyincə olur ya, yox, bunu deyə bilmərəm. Əlövsətin kimliyini, xidmətlərini çox yaxşı bilir. Nazir müavini Vilayət Eyvazov Əlövsətin fəaliyyətinə həmişə qayğıyla yanaşıb. Əlövsət yalnız hüquq daxilində ona müraciət edən adamlara məsləhət verib.

Əlövsət deyir ki, ona müraciət ediləndən sonra iki dəfə zəng edib ki, bu məsələni Şəkinskinin özünə desin. Təəssüf ki, onu Şəkinski ilə əlaqələndirməyiblər. Qadın Əlövsətə deyib ki, Şəkinksi məni psixi xəstəxanaya salıb uşaqlarımı əlimdən almaq istəyir. Qadının xaricə getməsinin səbəbi, ailəsindən didərgin düşməsi, köhnə ərinin niyə onu xəstəxanaya salmaq istəməsi araşdırılmır. Şəkinskinin uşaqları ilə bağlı narahatçılığını başa düşürəm. Həmin qadın Gürcüstandadır, getsin uşaqlarını götürüb gətirsin. Daha burda Əlövsətin nə günahı var? Əlövsət bu məsələyə görə ölkədən didərgin düşdü. O gedəndən sonra bacılarım, qardaşlarım, ona zəng edənlər, kənd-kəsəkdə olan qohumlar – hamısını polisə çağırıb sorğu-suala tuturlar. Əlövsətin böyüyü mənəm, mənə heç nə demirlər".

Qeyd edək ki, Sabir Rüstəmxanlının qardaşı Dilavər Əliyev polis mayorudur. Hazırda Bakı şəhər Yol Polisi İdarəsində işləyir, bundan əvvəl isə Yardımlı və Ağcabədi rayonlarında yol polisi şöbəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin prezidenti Əlövsət Əliyev və daha 14 şəxs DİN Cinayət-Axtarış Baş İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş ailəsini saxta sənədlə ölkədən çıxarmaqda və evindəki seyfindən 60 min manat oğurlamaqda təqsirləndirilir.

DİN Cinayət-Axtarış Baş İdarəsinin rəisi Emin Şəkinski ötən il keçmiş həyat yoldaşı tərəfindən ona məxsus pulların oğurlanması, övladlarının ölkədən saxta sənədlə çıxarılması ilə bağlı ərizə verib. Həmin ərizə əsasında hazırda məhkəmə qarşısında dayanan bir qrup Bərdə sakini həbs olunub.

Gülnarə Şəkinskaya və Miqrasiya rəhbəri Əlövsət Əliyev ölkədə olmadıqları üçün barələrində həbsli axtarış elan edilib.

Təqsirləndirilən şəxslərdən üçü həbsdə, qalanları zamindədir. Onlar saxta sənədin düzəldilməsində və Şəkinskinin ailə üzvlərinin Balakən sərhəddindən Gürcüstata keçirilməsində iştiraklarını məhkəmədə etiraf ediblər.

Məhkəmədə ifadə verən Namiq Camalov adlı təsirləndirilən şəxs Emin Şəkinskinin keçmiş həyat yoldaşını “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin prezidenti Əlövsət Əliyev vasitəsilə tanıdığını bildirib: "Əlövsət Gülnarəni mənə öz bacısı qızı kimi tanıtmış, adının da Aysel olduğunu demişdi. Aysel kimi tanıdığım Gülnarəyə sürücülük edirdim. Sənədlərlə bağlı onu müəyyən yerlərə aparmışam. Bir necə dəfə Bərdəyə – polis şöbəsinə getmişik.

Deyirdi, evi plana düşüb. Bakıdakı evindən qeydiyyatdan cıxaraq, rayon qeydiyyatına düşmək istəyir. Onun yanında həmişə Şəfiqə adlı yaşlı qadın olurdu. Bərdədə Pənah və Saçlı ilə görüşdük, polis şöbəsinə girib cıxdılar. Sənəd məsələsi ilə onlar məşğul olurdular.”

Təqsirləndirilən şəxs bunu da bildirib ki, bir neçə dəfə Bərdə Rayon Polis Şöbəsinə gedib-gələndən sonra Gülnarə Şəkinskaya başqa ad və soyadla – Aysel Müzəffər qızı Əliyeva olaraq şəxsiyyət vəsiqəsi və xarici pasport əldə edib: “Mən sonadək nə onun əsl adının Gülnarə, nə soyadının Şəkinskaya, nə də Emin Şəkinskinin advadı olduğunu bildim”.

Onu da qeyd edək ki, Əlövsət Əliyev müsahibələrində Gülnarə Şəkinskayaya hüquq müdafiəçisi kimi hüquqi yardım göstərdiyini bildirib: “Müraciət zamanı bildirdi ki, əgər ölkəni tərk etməsə, onun ruhi əsəb xəstəlikləri dispanserinə salınmasına real təhlükə var. Bunlara əsaslanaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən səfirliklərin, beynəlxalq təşkilatların hər hansı birindən və ya hər hansı bir ölkədən qaçqın statusu almaq üçün məndən məsləhət istədi. Mən qaçqın statusu almağa əsas olan hallar haqqında ona geniş məlumat vermişəm. Eyni zamanda ona Qanunun əsas prinsiplərindən birini, yəni heç kəsin vətəndaşı olduğu ölkənin ərazisində qaçqın statusu almaq hüququnun olmadığını izah etmişəm. Həmin vaxt onun uşaqlarını xaricə aparmasına icazəsinin olub-olmadığı ilə də maraqlanmamışam və bu mənim fəaliyyətimə aid olan iş deyil”.

Murad

AzPOLİTİKA.İNFO

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar