KİTABIN DƏFNİ

etibar-e-300x300Etibar Əliyev

2008-ci ildə Davosda keçirilən sammitdə “insanların həyatını yaxın 15 ildə nə dəyişəcək” sualına cavab axtarılıb. Həmin forumda 4 mühüm hadisənin baş verəcəyi barədə xəbərdarlıq edilib:

neftin bir barelinin qiyməti 500 dollara çata bilər;

su ticarət mübadiləsinə çevrilə bilər;

Afrika gözlənilmədən iqtisadi gücə malik ola bilər;

kitab yoxa çıxa bilər.

Həmin sammitdən 7 il ötməsinə baxmayaraq irəli sürülən proqnozların üçünün işartısı hələlik görsənmir. Biz iqtisadi proqnozların verilməsinin nə qədər çətin olmasını manatın devalvasiyasında gördük. Bizim görkəmli iqtisadçılarımız manatı proqnozlaşdıra bilmədilər. Onların indi söylədikləri isə əhalini çaşdırmaqdan başqa bir şey deyil. Bizim iqtisadçıların manat haqqında söylədikləri Davos sammitində irəli sürülən üçüncü hadisəyə bənzəyir. Bütün bunlar bir yana, ancaq kitab yavaş-yavaş yoxa çıxır. Bu prosesin internetin meydana gəlməsi ilə başlandığını deyənlər daha çoxdur. Bizdən başqa dünyanın hər yerində bu istiqamətdə çox ciddi diskussiyalar aparılır. Müasir dövrün nəhəng mütəfəkkirlərindən biri sayılan Umberto Eko yazır: “Oxumaq üçün hansısa informasiya daşıyıcısı lazımdır. Bu, təkcə kompüter ola bilməz. Cəhd edib bir saat hansısa romanı ekrandan oxuyun. Gözləriniz tennis topuna çevrilə bilər”.

Ekonun dediklərində həqiqət var: məsələn, Tolstoyun “Hərb və sülh” romanını yaxud Hüseyn Cavidin əsərlərini internet vasitəsilə oxumaq mümkündürmü? Məncə, bu, çox çətindir. Həqiqətən də internet kitab oxumayanlar üçün əsl alibiyə çevrilib.

Xalqların kitaba münasibətində fərqliliklər həmişə olub. Sovetlər vaxtı təkcə Bakıda demək olar ki, hər tində kitab mağazası var idi. Tələbəlik dövründə mən kitab növbələrinə rast gəlmişəm. Sovetlərin süqutundan sonra kitab mağazalarının yerləri satılmağa başladı. Nəşriyyatlar, mətbəələr, kitabxanalar bağlandı. Bu proses bizdə hələ internet meydana gəlməmişdən geniş vüsət almışdı. İndi kitab mağazalarının demək olar ki, hamısı icarədədir.

Ölkədə uşaq ədəbiyyatından tutmuş, bədii ədəbiyyat da daxil olmaqla bütün elm sahələrində kitab qıtlığı var. Hamı gözünü "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğluna dikib. Dostumuz Şahbaz bəyi mən XXI əsrin maarifçisi adlandırardım. Onu isə Vergilər Nazirliyi işləməyə qoymur. Dövlət Şahbaz bəy kimi şəxslərə kitab çapını daha da genişləndirmək üçün maddi və mənəvi dəstək verməlidir. Onun bu sahədə gördüyü işləri kitab mağazalarında monitorinq aparmaqla qiymətləndirmək olar.

Kitaba münasibət şəxsi kitabxanası olan insanların sayı ilə də ölçülür. İndi Azərbaycanda normal şəxsi kitabxanası olan az adama rast gəlmək olar. Bu yaxınlarda hansısa jurnaldan oxudum: məşhur rus kino aktyoru Georgi Vitsinin kitabxanasında 16 min kitab olub. Bir aktyorun evindən çıxan kitab görəsən, bizim neçə akademikin kitabxanasına bərabərdir?

Bukinist kitab dükanlarına daxil olanlar maraqlı mənzərənin şahidi olur.20-30 il öncə tapılmayan bütün kitablara rast gəlmək mümkündür. Görünür, vaxtilə kitaba həvəs göstərən insanların övladları oxumur. Bu səbəbdən kitabları satışa verirlər. Azərbaycanda “Bukinist” kitab mağazası ənənəsini Elson və Vidadi adlı iki dəyanətli şəxs qoruyub, saxlaya bilib.  Onlar çox ağır şəraitdə fəaliyyət göstərsələr də hər halda Bakı şəhərində yeganə “Bukinist” –i qoruyurlar (Sabir bağı ilə üzbəüz zirzəmidə yerləşən “Bukinisti” nəzərdə tuturam).

Bizim əksər alimlərin yazdığı kitablara diqqət etdikdə dərhal onların şəxsi kitabxanasının olmaması, öz sahələri üzrə kitabı yaxşı bilməməsi qənaətinə gəlirsən. Təsəvvür edin, bir kitab dükanında tarixin yaradıcıları sayılan Fukidid, Mommzen, Droyzenin kitablarının üstünü toz basmış şəkildə gördüm. Eyni ilə təbiət elmləri sahəsində böyük alimlərin Eynşteynin, Feynmanın, Hokinqin, Dokkinzin və başqalarının kitablarını alan yoxdur. Vaxt vardı ki, bu dahilərin yalnız adını eşitmişdik. Bəlkə bu kitablar da internetdən oxunulur? İnandırıcı görünmür.

Kitab haqda çox danışmaq və yazmaq olar. Amma kitabxanamın lap birinci cərgəsində özünə yer tutan XX əsrin böyük yazıçılarından biri Xorxe Lyuis Borxesin kitabından bir misal gətirmək istəyirəm: “Gözlərim tam tutulsa belə mən yenə də kitab alıram. Mən evimi kitabla doldururam. Axırıncı dəfə mənə 20 cildlik “Brokqauz ensiklopediya”sını bağışladılar. Evimdə bu kitabın olduğunu hiss etdim və özümü xoşbəxt sandım. Gözlərim tam tutulduğundan mən heç nə oxuya bilmirəm. Ancaq ensiklopediya mənim yanımdadır. Mən onun gərginliyini hiss edirəm. Kitab - xoşbəxtlik əldə etməyə bəslənən ümiddir”.

Böyük yazıçının bu fikirləri gözləri işıqlı dünyanı görüb kitab oxumayanlara gözəl örnəkdir.

Məncə, kitab adı çəkiləndə onu bir dəqiqəlik sükutla yad etməyə çox vaxt qalmayıb. Davos sammitində kitabla bağlı qaldırılan məsələ bizdə ötən əsrin 90-cı illərindən aktullaq kəsb etməyə başlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar