Kabel televiziyaları qiymətləri artırdı

Azərbaycanda kabel şəbəkəsi yayımı ilə məşğul olan operatorlar paketlərini yeniləyir

MTRŞ kanallar paketinin yenilənməsinə münasibət bildirib

Ailə TV kanallar paketi yenilənəcək. “Caspian Telecom”un mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, kabel televiziyası operatorlarında baza paketinə görə aylıq abunə haqqı 10 AZN tətbiq olunacaq: “Baza paketində tarif dəyişikliyinə səbəb ilk növbədə məzmunlu və daha keyfiyyətli televiziya yayımın təmin olunmasıdır. Belə ki, tarif dəyişikliyindən sonra rəqəmsal yayım baza paketində müxtəlif mövzuları əhatə edən ən baxımlı, əhali arasında yüksək tələbata malik telekanallar cəmləşəcək. Bundan əlavə, baza paketinə daxil olan müəyyən telekanallar bir neçə dildə yayımlanacaq”.

Məlumatda deyilir ki, kabel televiziyası xidmətlərinin keyfiyyətinin artırılması və yüksək keyfiyyətli yayımın təmin olunması gündəmdədir: “Bununla bağlı telekanalların yayımında vahid standartların işlənməsi, ən qabaqcıl texnologiyaların tətbiqi, kabel televiziyası operatorlarının əhatə dairəsinin genişləndirilməsi və digər texniki məsələlərin icrasına başlanılıb.

Tarif dəyişikliyi sentyabrın 1-dən qüvvəyə minəcək. Bu tarixədək abunəçilər hazırkı 9 AZN tarifinə uyğun olaraq kabel televiziyası xidmətlərindən istifadə edəcək.

Bu tarixdən KATV1 kabel televiziyası da paketlərin formalaşdırılmasına bəzi dəyişikliklər edəcək. Dəyişikliklər əsasən, abunəçilərə kanalların yayım dili seçimini və istəyə görə kanal seçimindən ibarət yayım paketini formalaşdırmaq imkanı verir.

Eyni zamanda, “HD” paketinin daha da zənginləşdirilməsinə şərait yaradılacaq. Əsas paketdə “əyləncəli”, “kinofilmlər” və “idman” formatlı populyar kanallar üstünlük təşkil edəcək. Yenilənmə abunəçilərə yeni kanalları rus, türk və ingilis dillərində izləmək imkanı da yaradacaq: “KATV1 kabel televiziyası yüksək keyfiyyətli yayımı təmin etmək üçün HD qəbuledicilərə (resiverlərə) və yeni nəsil “Smart Box”lara keçidi reallaşdırır. KATV 1-in internet xidmətinin istifadəçiləri bu “Smart Box”lar vasitəsi ilə şirkətin təqdim etdiyi kanalları 10 günlük arxiv ilə izləyə bilərlər”.

Dəyişikliklərlə bağlı olaraq sentyabrın 1-dən təqdim olunan əsas paketin abunə haqqı 10 AZN təşkil edəcək.

Milli Televiziya və Radio Şurası (MTRŞ) kabel şəbəkəsi yayımı ilə məşğul olan operatorların kanallar paketini yeniləməsinə münasibət bildirib. Şuranın aparat rəhbəri Toğrul Məmmədov APA-ya bildirib ki, Azərbaycanda fəaliyyət göstərən kabel şəbəkəsi yayımçılarının rəhbərləri ilə keçirilən görüşdə kanallar paketinin yenilənməsi barədə müzakirə aparılıb: “Milli Televiziya və Radio Şurası tərəfindən kabel şəbəkəsi yayımçılarına verilmiş xüsusi razılığın, lisenziyanın şərtlərinə əsasən, kabel şəbəkəsi operatorları yayımladıqları xarici telekanalları Şura ilə razılaşdırmalıdırlar. Retranslyasiya olunan xarici kanalların hamısı Şura ilə razılaşdırılmaqla yayımlanır”.

T. Məmmədovun sözlərinə görə, xarici telekanalların müəlliflik hüququnun məsələsi də gündəmdədir: “Kabel operatoru retranslyasiya etdiyi xarici kanalın müəlliflik haqlarına malik olmalıdır ki, retranslyasiya olunan kanal qanuna əsasən yayımlansın. Burada hüquqi cəhətdən problemlər yaranır”.

Aparat rəhbəri qeyd edib ki, kabel şəbəkəsi sahəsi hazırda MTRŞ tərəfindən tənzimlənir: “Paketdə 200 kanalın olmasının hər hansı əhəmiyyəti yoxdur. Retranslyasiya olunan 200 xarici telekanal arasında ən baxımlı maksimum 50 kanal var. Sanki operatorlar bir-birləri ilə daha çox kanal yayımlamaqla bağlı yarışa girib. Bu sahə Şura tərəfindən tənzimlənir”.

Qeyd edək ki, iyulun 23-də MTRŞ-da Azərbaycanda fəaliyyət göstərən kabel şəbəkəsi yayımçılarının rəhbərləri ilə görüş keçirilib. Görüşdə kabel şəbəkəsi yayımı sahəsində olan mövcud vəziyyət müzakirə olunub, yeni tikililərdə, hotellərdə qanunsuz kabel şəbəkəsi yayımına qarşı effektiv mübarizə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi qeyd edilib.

Görüşdə kabel şəbəkəsi yayımçıları tərəfindən bir sıra hallarda xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması, hər hansı hüquqi əsas olmadan xarici teleradio yayımçılarının qanunsuz retranslyasiyası hallarının da mövcudluğu xüsusi vurğulanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar