RƏSUL QULİYEV AZƏRBAYCANA QAYIDIR?! – Azərbaycan siyasətində ŞOK

Eks-spiker prezident seçkisindən 3 ay əvvəl hakimiyyətlə razılaşıb; onun avqustdan sonrakı dönüşü təsadüfi olmayıb!

“Azərbaycan parlamentinin sabiq sədri Rəsul Quliyev, 18 il əvvəl tərk etdiyi vətənəninə dönmək üzrədir.” Bu sensasiyalı məlumatı AzPolitika.info-nun əməkdaşı ən azı iki ciddi mənbə ilə dəqiqləşdirə bilib. Bu mənbələrdən biri (ilk mənbə) hakimiyyətə, digəri R.Quliyevin özünə yaxındır.

Məlumata görə, R.Quliyevlə hakimiyyətin emissarları arasında ilk təmaslar 9 oktyabr prezident seçkisindən təxminən 3 ay əvvələ təsadüf edir. Bu ərəfələrdə müxalifət ilk dəfə tam tərkibdə birləşərək dünyaca məşhur ziyalını – Rüstəm İbrahimbəyovu Milli Şuranın sədri seçmiş, ardınca onu özünün prezidentliyə vahid namizədi elan etmişdi. Milli Şuranın, bir qədər də konkretləşdirsək, R.İbrahimbəyovun arxasında Rusiyanın durduğu, bu ölkənin prezidenti Vladimir Putinin İlham Əliyevi devirmək niyyətində olduğu, Milli Şuranın namizədi rəsmən qeydə alınarsa, Azərbaycanda hakimiyyətin istənilən halda dəyişəcəyi barədə söz-söhbətlərə isə əksəriyyət, ən çox da hakimiyyət inanmışdı. Komanda daxilində çox böyük təşviş var idi və bu narahatçılıq özünü açıq şəkildə biruzə verməyə başlamışdı. Uzun illərdir Rusiyanın birbaşa himayəsi sayəsində hakimiyyətdə qalan bir zümrə, bu dəfə özünü elə Rusiyadan qorumalı idi. Komanda daxilində yaxşı başa düşürdülər ki, Moskvanın qərarı qətiləşəcəyi halda, bunun qarşısında durmaq çox çətin olacaq. Rusiyadan hərtərəfli (ən əsası da maliyyə) dəstək alacaq müxalifətin vahid namizədi çox qısa zaman ərzində real alternativə çevrilə, 20 illik Əliyevlər hakimiyyətinə son qoya bilərdi.

Hakimiyyət hadisələrin bu yöndə inkişafını dayandırmaq üçün, əsasən iki istiqamətdə iş aparırdı:

1. Rusiya prezidenti ilə danışıqlar aparmaq və prezident seçkilərində Rusiyanın, ən azı neytrallığına nail olmaq.

2. Birləşmiş müxalifəti içindən dağıtmaq və monolit qüvvəyə çevrilməsinə imkan verməmək.

Birinci istiqamət üzrə hakimiyyətin uğurları məlumdur – kritik dövrdə Putinin Bakıya səfər etməsinə nail olundu, bu səfərin nəticəsində R.İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılması məsələsi düyünə düşdü. Həmçinin, Moskvadan Azərbaycanda ciddi əks-səda verən açıqlama və bəyanatların (Söyün Sadıqov, Abbas Abbasov və digərlərinin dili ilə) arası kəsildi.

Hadisələrin sonrakı gedişi, əldə olunan məlumatlar, seçkisonrası proseslərin təhlilindən belə nəticə çıxarmaq mümkündür ki, hakimiyyətin İKİNCİ İSTİQAMƏT üzrə fəaliyyətində də ciddi nailiyyətləri olub.

Bizə verilən məlumata görə, seçkiöncəsi hakimiyyət üçün ən kritik period iyul ayının sonları, avqustun əvvəllərinə təsadüf edib. Bu ərəfələrdə Rəsul Quliyev də Moskva ilə (Şəxsən Abbas Abbasovla) sıx təmaslarda idi və hakimiyyət əleyhinə aktiv iş aparırdı. R.İbrahimbəyovun vahid namizədliyi R.Quliyevi tam qane edirdi. Eks-spikerin hesablamasına görə, hakimiyyət dəyişəcəyi halda, prezidentin kimliyindən asılı olmayaraq, faktiki söz sahibi o olacaqdı. Lakin, hələ ki, qeyri-müəyyənlik davam edirdi və heç nə təminat altında deyildi. Hakimiyyətin Moskva ilə hər an anlaşma əldə edəcəyi ehtimalı real olaraq qalırdı...

Belə bir vaxtda Bakıda Müsavatla ciddi təmaslara keçən hakimiyyət, R.Quliyevə də müəyyən təkliflər göndərir...

Eks-spiker hakimiyyətə doğru ilk addımı Rüstəm İbrahimbəyovu, elan etdiyi kimi, iyulun 31-də Bakıya qayıtmaqdan çəkindirmək olur. Milli Şuranın sədrini ciddi-cəhdlə Bakıda onu təhlükənin gözlədiyinə inandıran R.Quliyev, həmin vaxt elan etmişdi ki, guya R.İbrahimbəyovu elə aeroportda həbs edəcəklər və ona bir neçə il iş verəcəklər. Sitat:

“O, 31 iyulda Bakıya gələrsə onu qarşılamağa gedənləri amansızcasına dağıtmaq, kimlərisə həbs etmək komandası artıq verilib. Bunun üçün inandıqları xüsusi polis dəstələrində 2 mindən artıq komandos yaradılıb. R.İbrahimbəyovu isə aeroportda həbs edib 2 gün ərzində açılmış ``cinayət`` işi ilə əlaqədar həbsxanadan buraxmamaq istəyirlər. Düşünürəm ki, R. İbrahimbəyov Bakıya gəlməmişdən öncə hansı isə bir ölkədə Milli Şuranın bir sıra üzvüləri ilə görüşməli və dərindən müzakirə etməlidir.”

R.Quliyevin bu təhdidləri öz işini gördü və R.İbrahimbəyov Bakıya 31 iyulda Bakıya qayıtmaqdan imtina edərək, Milli Şuranın rəhbərlərini Tiflisə görüşə çağırdı. Bu görüş baş tutsa da, real heç bir nəticəsi olmadı və hakimiyyət, R.İbrahimbəyovun Bakıya gələcəyi halda üzləşəcəyi çətin situasiyadan yayına bildi.

Az sonra Rusiya prezidenti Bakıya səfər etdi, R.İbrahimbəyovun namizədliyi dalana dirəndi, Milli Şura məcburiyyət qarşısında öz namizədini dəyişərək, Cəmil Həsənlini qabağa verdi. Bu vaxtdan sonra R.Quliyev hədəfini tamamilə dəyişərək, bütün fəaliyyətini Milli Şuraya, Cəmil Həsənliyə qarşı yönəltdi.

Avqustun 1-dən sonra ACP lideri bir dəfə də olsun İlham Əliyevin adını çəkmədi, əvəzində dəfələrlə Cəmil Həsənlini təhqir etməkdən çəkinmədi. Bütün bunların məntiqi nəticəsi olaraq, R.Quliyev seçkidən dərhal sonra İlham Əliyevin legitim prezident olduğunu bəyan etdi.

Seçkidən sonrakı fəaliyyətini isə, özünün də etiraf etdiyi kimi, Əli Kərimli və İsa Qəmbərin siyasətdən getmələrinə nail olmağa həsr edib.

AzPolitika.info-nun etibar etdiyi mənbənin iddiasına görə, bütün bunlar, həmçinin R.Quliyevin ACP-dən istefa verib rəsmi siyasi fəaliyyətinə son qoyması təsadüfi olmayıb və Rəsul Quliyevlə hakimiyyətin emissarları arasında danışıqlar və konkret razılaşmaların təzahürləridir.

R.Quliyev ard-arda 2 prezident seçkisində hakimiyyətə xidmətlərinin qarşılığında Azərbaycana qayıtmasına şərait yaradılması tələbini də irəli sürüb. Eks-spikerə bildirilib ki, seçkidən bir müddət sonra bu məsələni müzakirə etmək olar...

Belə bir razılaşmanın ola biləcəyini R.Quliyevə yaxın mənbələr də təsdiqləyir.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar