“CAHANGİR HACIYEV İŞİ”ndə SENSASİYA – “Bandotdel” 7400 nəfərin ölkədən çıxışına qadağa qoydu!

1cahBir neçə gün öncə fantastik “Xəzər adaları” layihəsinin müəllifi, iş adamı İbrahim Nehrəmlinin (Hacı İbrahimin) Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”ə) çağrılması Azərbaycan Beynəlxalq Bankından milyardlarla manat vəsaitin kredit adı ilə alınaraq mənimsənilməsi faktı ilə bağlı başlanan cinayət işini yenidən gündəmə gətirib.

Bankdan götürdüyü 100 milyonların müəyyən hissəsini qeyri-real layihəni reallaşdırmaq adı ilə Xəzərdə batırdığı, böyük hissəsini də xaricdə biznesə, dəbdəbəli maşınlara, təyyarəyə, model gözəllərə yatırdığı ehtimal edilən İ.Nehrəmli sorğu-sualdan sonra buraxılsa da, “Bandotdel”in zirzəmisində xeyli sayda iş adamının olduğu bildirilir.

Tədqiqatın gedişatına yaxın olan məlumatlı mənbə “Turan” agentliyinə hazırda “Bandotdel”də Beynəlxalq Banka kreditlərini ödəyə bilməyən 20-yə yaxın sahibkarın saxlanıldığını bildirib. Mənbənin sözlərinə görə, saxlanılan şəxslərin 50 milyon dollardan 340 milyon dollara qədər kredit öhdəliyi var.

Maraqlıdır ki, 10 milyonlarla, hətta 100 milyonlarla krediti girovsuz verən Beynəlxalq Bankın rəhbərliyindən hələlik heç kim saxlanılmayıb. Yalnız Bankın Dubay nümayəndəliyinin keçmiş rəhbəri Adil Hüseynov saxlanılıb. Onun da girovsuz kredit buraxdığı üçün deyil, bankın 100 milyonlarla dollar vəsaitini təyinatından kənarlaşdırılmasında şəxsən iştirak etdiyi üçün saxlanıldığı iddia edilir.

Əlbəttə, 100 milyonlar dövlət vəsaitinin bankın rəhbərliyinin icazəsi olmadan hansısa iş adamına verilməsi mümkünsüzdür. Belədə Beynəlxalq Bankdan müvafiq qaydalar və normalar pozulmaqla böyük kreditlər buraxan bank rəhbərliyindən heç kimin məsuliyyətə cəlb edilməməsinin səbəbi açıq qalır. Hər halda 100 milyonları təminatsız şəkildə sağa-sola paylayan Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin və ətrafının həbsdən kənarda qalması qəribədir. Ancaq qəribə olan tək bu deyil.

Belə ki, məlumatlı mənbədən “AzPolitika.info”-ya şərti olaraq “Kredit işi” adlanan cinayət işi ilə əlaqədar sensasion məlumatlar daxil olub.

Bu haqda məlumat verməzdən öncə xatırladaq ki, Beynəlxalq Bankdan kredit adı ilə götürülüb mənimsənilən və ya qaytarılması qeyri-real olan vəsaitlərlə bağlı cinayət işinin istintaqı artıq 3 aydır ki, davam edir. Bu proses Prezident İlham Əliyevin ölkənin bank sektorundakı maxinasiyalara son qoyulması barədə göstərişindən sonra başlayıb.

Nazir Ramil Usubovun birbaşa nəzarəti altında “Bandotdel” tərəfindən aparılan bu işlə əlaqədar ilk günlərdən xeyli sayda insan istintaqa cəlb olunub. “Bandotdel”ə çağırılıb dindirilən iş adamları və onların yaxınlarının sayının 100-lərlə olduğu bildirilir. Bu işlə bağlı 5 mindən artıq şəxsin dindirildiyi, 100-ə yaxın adam haqda həbs qətimkan tədbiri seçildiyi də verilən məlumatlar sırasında idi.

Borcunu ödəməyə hazır olanlar və qısa müddətdə (bir neçə gün ərzində) ödəmək öhdəliyi götürənlərin sərbəst buraxıldığından hazırda onların sayının 20-yə düşdüyü bildirilir. Ancaq bu heç də cinayət işinin miqyasının kiçilməsi demək deyil.

Belə ki, bu işlə bağlı “AzPolitika.info”-ya verilən son məlumata görə, “Bandotdel” Beynəlxalq Bankdan kredit alan hər kəsi tədqiqata cəlb edib. Bu məqsədlə Beynəlxalq Bankdan kredit götürmüş 7400 nəfərin ölkədən çıxışına qadağa qoyulub.

Nə qədər qəribə olsa da, ölkədən çıxışına qadağa qoyulanlar arasında Beynəlxalq Bankdan götürdüyü kreditləri vaxtında ödəməyən və ya aylıq ödənişləri gecikdirənlərlə yanaşı, vaxtilə kredit alıb qaytaranların da adları var. Məlumata görə, bu şəxslərin siyahısı “Bandotdel”ə Beynəlxalq Bankın rəhbərliyi tərəfindən verilib.

Əksəriyyəti Beynəlxalq Bankdan istehlak krediti götürən bu şəxslərin bir çoxunun “Bandotdel”ə çağrıldığı, krediti nə üçün, hansı yolla götürdüyünə dair sorğu-sual edildiyi də verilən məlumatlar sırasındadır.

Mənbəmiz bunun nə məqsədlə həyata keçirildiyinə dair dəqiq bilgiyə malik olmasa da, siyahıda adı olanların böyük hissəsinin Beynəlxalq Bankdan kredit adı ilə götürülərək mənimsənilən kreditlərlə heç bir bağlılığının olmadığını bildirir.

manset haci ibrahim cahangirazpolitikaBankın “yoxa çıxan” milyardlarının isə təxminən 25-30 nəfərdə olduğu bildirilir.

Belədə həqiqətən Beynəlxalq Bankdan istehlak krediti götürmüş, hətta nə vaxtsa götürdüyü kreditləri qaytaran vətəndaşların istintaqa cəlb olunmasına, ölkədən çıxışına qadağa qoyulmasına məntiqi izah tapmaq çətindir. Nəzərə alsaq ki, bu insanların içərisində xaricə işgüzar səfər edənlər, müalicə üçün gedənlər də var, bu “STOP” qərarının həm də vətəndaşların hüququnu da kobud şəkildə pozduğunu söyləyə bilərik.

Hansı ki, buna görə, “Bandotdel”dən daha çox müştərilərinin siyahısını sanki cinayət törətmiş şəxslər kimi bu quruma təqdim edən Beynəlxalq Bankın rəhbərliyi daşıyır.

Bunun dəqiq izahını vermək çətin olsa da, ehtimal etmək olar ki, Beynəlxalq Bankdan 100 milyonları götürüb xərcləyənlərin böyük himayədarları olduğundan, onlara nə bank rəhbərliyini, nə də hüquq-mühafizə orqanlarının gücü çatır. Milyardların kiçik bir qrup tərəfindən YEYİLDİYİNİ GİZLƏTMƏK üçün isə CİNAYƏT İŞİNƏ cəlb olunanların sayını artırlar.

Yeri gəlmişkən qeyd edək ki, ilkin məlumatlarda Beynəlxalq Bankdan verilən və geri qaytarılmayan kreditlərin həcminin 6-7 milyard manat olduğu bildirilsə də, bunun izahı verilməyib. Məsələ ondadır ki, Beynəlxalq Bankın ötən ilə dair hesabatına görə, vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 100 milyon manat olub. Onun 749.2 milyon manatı vaxtı keçmiş, lakin dəyərsizləşməmiş, 377.7 milyon manatı isə dəyərsizləşmiş kreditlər sayılır.

Böyük ehtimalla, bu zaman Beynəlxalq Bankdan alınan, hələ vaxtı keçməyən, ancaq şübhəli layihələrə yatırıldığı üçün qaytarılması perspektivi görünməyən vəsait nəzərdə tutulur.

Belə ki, 2014-cü ilin hesabatına görə, Beynəlxalq Bankın ümumi kredit portfeli 8 milyard manatdan çox təşkil edir. Onun 7 milyarddan çoxu korporativ, yəni hüquqi şəxslərə verilən kreditlərdir ki, bu da ümumi portfelin 90 faizindən çoxdur. Yəni bu pullar iri iş adamlarına, dövlət qurumlarına, oliqarxlara verilib. Onlar isə bu pulları adətən sonradan ləğv etdikləri şirkətləri vasitəsilə şübhəli layihələrə yatırıb ortadan çıxarırlar. Sonradan bank pulunu istəyəndə də, nə ortada bir şirkət tapılr, nə də müsadirə etməyə əmlak.

Təsdüfi deyil ki, Beynəlxalq Bankın ötənilki hesabatına görə, qaytarılma vaxtı keçmiş 1,1 milyard kreditin demək olar ki, hamısı iş adamlarına məxsusdur. Belə ki, dəyərsizləşmiş kreditlərin 356 milyon manatını (bu istiqamətdə olan borcun təqribən 99 faizini), dəyərsizləşməmiş kreditlərin isə 660 milyon manatını korporativ (yəni biznes) kreditləri təşkil edirdi. Buradan aydın olur ki, Beynəlxalq Bankdan kredit götürən iş adamlarının heç biri borcunu geri ödəməyib və belə fikri də olmayıb.

Bu cür hallarla bağlı məlumatlar zaman-zaman mətbuatda da işıqlandırılıb. Məsələn, hələ 4 il əvvəl mətbuatda Xəqani Bəşirov adlı iş adamının Beynəlxalq Bankdan müxtəlif şirkətlər vasitəsilə 185 milyon manat kredit götürdüyü və qaytarmadığına dair araşdırma dərc olunmuşdu. Hansı ki, Xəqani Bəşirovun Cahangir Hacıyevlə yaxın dost olduqları məlumdur.

Başqa bir fakt: hələ bir neçə il əvvəl «K 800» traktoru sürmüş Füzuli Dünyamalıyev adlı şəxsin adına təsis edilən “Qafqaz Holdinq”in Beynəlxalq Bankdan zəmanətsiz 10 milyonlarla dollar kredit götürdüyü, sonradan isə holdinqin “iflas etdiyi”, milyonların ortadan çıxarıldığı məlum olmuşdu. Onun baş nazir Artur Rəsizadənin himayəsi altında olduğu da bilinmişdi.

Və yaxud iki il öncə «Anonious» haker qrupu «Azərenerji» ASC ilə bağlı sənədləri açıqlayarkən maraqlı faktlar ortaya çıxmışdı. Məlum olmuşdu ki, Beynəlxalq Bankdan «Azərenerji» 140 milyon manat, «Şəki RET» MMC isə ə 36.02 milyon manat kredit götürüb qaytarmayıb. İş məhkəməyə getsə də, nəticə olmayıb.

“Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədovun Beynəlxalq Bankdan götürdüyü 100 milyon manatdan artıq krediti qaytarmadığı üçün məhkəməyə verilməsi haqda məlumatı isə ötən il “Azpolitika.info” yaymışdı.

haci ibrahim cahangir azpolitika.info mansetBelə faktların sayını artırmaq da olar. Hansı ki, bunun nəticəsində Beynəlxalq Bank həm vaxtı keçmiş kreditlərlə bağlı ölkədə ən böyük problem yaşayan, həm də maliyyə çətinliyi ilə qarşılaşan banka çevrilib…

Göründüyü kimi, Beynəlxalq Bankda belə bir vəziyyətin yaranmasında Cahangir Hacıyevlə yanaşı, müxtəlif sahələrin rəhbərlərinin, ayrı-ayrı oliqarxların da ciddi rolu olub. Sözsüz ki, C.Hacıyev Hacı İbrahim,  Nizami Piriyev kimi iş adamlarına 10 və ya 100 milyonlarla krediti onları himayə edən, arxasında dayanan yüksək vəzifəlilərin xahişi, zəmanət ilə verib. Bəzi yerli və xarici iş adamlarına, oliqarxların sonradan ləğv olunan şirkətlərinə külli miqdarda pul verilməsinə də C. Hacıyevin təkbaşına qərar vermədiyi şübhə doğurmur. İşin “Bandotdel”də məxfi aparılmasının və konkret bir nəticə əldə edilə bilinməməsinin səbəbi də yəqin ki, budur.

Hər halda istintaqın 3 aydır davam etməsinə rəğmən, hələ də 100 milyonlarla vəsaiti girovsuz verənlərin və təyinatından yayındıranların məsuliyyətə cəlb olunmaması (və ya bu barədə məlumatın yayılmaması) işin arxasında oliqarxların, ciddi dairələrin dayandığı ehtimalını artırır.

Mümkündür ki, prezidentin bank sektorundakı maxinasiyalara son qoyulması və özəlləşdirmədən öncə Beynəlxalq Bankdakı vəziyyəti tənzimləmək barədə göstərişini yerinə yetirən dairələr oliqarxların, yüksək vəzifəli şəxslərin müqaviməti ilə üzləşiblər. Bu üzdən də bankdan götürülüb qaytarılmayan və təyinatından yayındırılaraq mənimsənilən milyardların məsuliyyətini daha geniş çevrə ilə bölüşmək istəyirlər. Bacaracaqlarmı, zaman göstərəcək!

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar