700 ballılar və ali məktəblərin reytinqi

Etibar Əliyev

Cəmiyyəti təhsilin pillələrinin içərisindən ən çox orta təhsil maraqlandırır. İnsanlar haqlıdırlar: uşaqların gələcək taleyi məhz təhsilin bu pilləsindən asılıdır. Bu səbəbdən dünyada təhsil sahəsində aparılan islahatlar və tədqiqatların böyük hissəsi orta təhsilə aiddir. Keyfiyyətli orta təhsili olan dövlətlər ali təhsil sarıdan bir o qədər narahat olmurlar. Amerika pedaqoqu və filosofu Con Dyüinin fikrincə məktəbin vəzifəsi uşağın beynini müxtəlif məlumatlarla doldurmaq yox, onda hər bir insanın malik olduğu qabiliyyəti və təmayülləri, istedad nişanələrini oyatmaq və inkişaf etdirməkdən ibarət olmalıdır. Bu baxımdan məktəbin üzərinə həqiqətən böyük yük düşür.

Elə bir məqam yetişməlidir ki, bizim orta məktəblər uşaqlarda istedad nişanələrini oyatmalı, onların layiqli vətəndaş kimi yetişməsinə yardımçı olmalıdır. Yerli və Beynəlxalq Fənn olimpiadalarında bizim uşaqların layiqncə təmsil olunmaları, həmçinin onların qəbul imtahanlarında yüksək nəticələr əldə etmələri bizi sevindirir. Məktəb təhsilinin keyfiyyətinin qiymətləndirilməsinin müxtəlif meyarları mövcuddur. Məncə uşaqların yüksək nəticələr göstərməsi bu istiqamətdə xüsusi meyar kimi dəyərləndirilməlidir. Dünyada Universitetlərin reytinqinin qiymətləndirilməsində onların məzunlarının keyfiyyət göstəriciləri də nəzərə alınır. Yerli səviyyədə keyfiyyətin qiymətləndirilməsində bu amil mühüm rol oynamalıdır. Ən yüksək nəticə göstərən abituriyentlər seçim edərkən ali məktəbin reytinqini nəzərə alırlar. Bu onların haqqıdır. Çünki onlar qalibdirlər.

Bu tədris ilində 700 bal toplayanların sayı ötən tədris ilinə nisbətən 2 dəfə çox olub. Belə olan halda ali məktəblərin reytinqləri əvvəlki illərə nisbətən bir qədər aydınlaşır: 700 ballıların ixtisas seçiminə diqqət edək:

ADA universiteti -4 nəfər

Bakı Ali Neft Məktəbi -3 nəfər

Prezident yanında Dövlət İdarəçilik Akademiyası -2 nəfər

Tibb universiteti -2 nəfər

Qafqaz universiteti -1 nəfər

Bakı Dövlət Universiteti -1 nəfər

İstifadə etdiyim mənbədə (modern.az) abituriyentlərin biri ixtisas seçimi barədə hələ fikirləşdiyini bildirmişdi.

Göründüyü kimi yüksək nəticə göstərən abituriyentlər yeni yaradılmış ali məktəblərə daha çox üstünlük verirlər. Onlar “yaşlı”, eyni zamanda əvvəllər böyük nüfuza malik olan Azərbaycan Pedaqoji Universiteti, Dillər Universiteti və Neft Akademiyası kimi ali məktəbləri seçmirlər. Tibb Universitetinin isə alternativi olmadığından bu ali məktəbi seçənlərin başqa yolu qalmır.

Sevindirici hal ondan ibarətdir ki, ixtisas seçimi edən 13 yüksək balıların 6-ı texniki ixtisasları seçiblər. Dyünin təbirincə desək məktəb (repetitorlar yox!) onlarda bu sahədə istedad nişanələrini oyada bilib.

Bu ilin 700 ballılarının seçimi nəyi göstərdi:

Bakı Ali Neft Məktəbi və ADA Universiteti nüfuzlarını qorumaqla yanaşı, həm də artıra biliblər;

Qafqaz Universitetinin nüfuzu ötən illərə nisbətən aşağı düşüb;

700 ballıların belə seçimi 600-700 intervalında bal toplayanların seçiminə də təsirini göstərəcək.

Sonda gəldiyim qənaət bundan ibarətdir ki, yaxşı ali məktəbin qurulması üçün mütləq “inkişaf edən təhsil mühiti” vacib şərtlərdən biri olamlıdır. Sonra gəlir professor müəllim heyətinin seçiminin yaxşılaşdırılması və elmi tədqiqatların inkişafı.

Bunlar təmin olunduqdan sonra yüksək ballılar başqa ölkələrin ali məktəblərində təhsillərini davam etdirməyə meyil göstərməyəcəklər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar