"MƏNİM KİMİ ADAMA PUL VERƏRLƏR?”- Gülər Əhmədova

Sabiq deputatın vəkilinin vəsatətləri təmin olunmadı

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası davam etdirilib.Hakim İlqar Murquzovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı Nəsir Bayramov ötən prosesdə Gülər Əhmədovanın vəkili tərəfindən verilən vəsatətlərə münasibət bildirib. Prokuror məhkəmədən vəsatətlərin təmin olunmamasını istəyib. Daha sonra hakimlər müşavirəyə gediblər.

Fasilə zamanı Gülər Əhmədova prosesdə iştirak edən jurnalistlərdən onun fikirlərinin bəzi mətbuat orqanlarında təhrif olunmamasını istəyib: “Mən Elşaddan pul almamışam. Zatən, onun mülki iddiası təmin olunmayıb və zərərçəkən kimi tanınmayıb. Lakin bəzi mətbuat orqanları mənim fikirlərimi başqa cür yazırlar. Elşad Abdullayevin səhifə aldığı qəzetlərə və saytlara isə bildirmək istəyirəm ki, hansısa bir qadını şərləməklə, bir körpəni gözü yaşlıq qoymaqla qazanılan çörək pulu halal deyil, bunu bilsinlər. Azərbaycanın 99 faizi bilir ki, Elşad mənə pul verməyib. Mənim kimi adama pul verərlər?

Bu gün Elşad Abdullayev işi ilə bağlı həbsdə olan adamların arasında yeganə adamam ki, Elşadın mənə pul verməsini sübut edən nə video, nə sənəd, nə şahid var. Vaqif Hüseynovda, Arzu Kazımovda konkret sənədlər var idi, Mirələkbər Seyidovda səhv etmirəmsə, hətta video da vardı. Mən heç özüm də bilmirəm ki, nəyə görə tutulmuşam”.

G.Əhmədova daha sonra həbsində media mənsublarını da günahlandırıb: “Başda “dostum” Sevinc Telmanqızı (“Yeni Müsavat”ın əməkdaşı – red.) olmaqla o qədər yazdılar ki, axırda məni tutdular. Sevinc Babayevanın oğlu Ayxandan qəhrəman düzəltdilər. Bugünlərdə də yazmısız ki, bağı oğurlanıb. Kimdi ki, onun bağını oğurlasınlar? Dünya çempionudur, generaldır? Bunun nəyi xəbərdi? Onu niyə şişirdirsiz? Onun kimliyi o vaxt bəlli oldu ki, xəstə anasını İstanbulda qoyub, gəlib burda onun acığına 2 uşaqlı arvadla toy elədi. İstanbula gedəndə anasından maşının sənədlərini istəmişdi, o da sənədləri oğluna yox, maşın satıcısına verdi. Bu da qayıdıb acıqla toy elədi. Amma anası öləndən sonra o, danışmağa başladı. Mən cavab vermədikcə də elə bildilər ki, günahkaram. Mənə də deyirdilər ki, danışma, deputat olmusan, fikir vermə”.

Sabiq deputat vəkil Elçin Sadıqovun bugünlərdə onunla bağlı dediklərinə də münasibət bildirib. Xatırladaq ki, vəkil Gülər Əhmədovanın sifarişi ilə təcridxanada onun müvəkkili Şəmsiyyə Bəylərqızına təzyiq göstərildiyini, oğlu ilə görüşünə əngəl yaradıldığını demişdi. Vəkilin sözlərinə görə, G.Əhmədova gecələr şəhər gəzintisinə çıxarılması ilə bağlı xəbərlərin yayılmasında Ş.Bəylərqızıdan şübhələnir. G.Əhmədova bu xəbərin tamamilə yalan olduğunu deyib: “Başdan-ayağa yalandır. Elçin Sadıqov Əvəz Zeynallının vəkili idi. O vaxtdan mənə qarşı şər-böhtan kampaniyası aparır. Gah dedi ki, kameramda mebel var. Mən elə bu iki məsələyə görə ondan məhkəməyə, ya da Vəkillər Kollegiyasına şikayət etsəydim, karyerasının üzərindən xətt çəkilərdi. Vəkillik karyerasında yüksəlmək istəyir. Kifayət qədər adamlar var ki, mənim adımdan istifadə edib, özlərini reklam edirlər. Mənim adımla kim reklam olunmaq istəyirsə, ona uzun ömür, can sağlığı, reklamında da uğurlar arzu edirəm. Uşaq da bilir ki, mənim gecələr türmədən gəzintiyə çıxmağım mümkün deyil. Orda hətta adamları da kameradan bir-bir çıxarırlar. Dustaqlar bir-bir kameradan çıxarılır. Onlar bir-birini heç görə bilmirlər. Heç üzləşib salamlaşmaq belə mümkün deyil. Əgər mənim adımın keçməsi Şəmsiyyəyə nədəsə kömək edəcəksə, buna etirazım yoxdur. O da bir qadındır, anadır. 4 hüquq müdafiəçisi – Novella Cəfəroğlu, Səidə Qocamanlı gəlib mənim kameramı görüblər. Mənim kameram orda ən sadə kameralardan biridir. Hətta taburetkalardan birinin üstü yanıb deyə, qəzet sərmişik”.

Səhhətindəki problemlərlə bağlı danışan G.Əhmədova ayaqlarının tutulduğunu deyib “Ayağım gəzməməkdən tutulub. Bir neçə kvadrat metrlik kamerada nə qədər gəzmək olar ki? Nə ağac görürsən, nə hava görürsən. 7 metrlik quyu kimidir. O biri məhkəmədə vəziyyətim pisləşəndən sonra qəbul etdiyim dərmanların hamısı infarkta aiddir”.

G. Əhmədova ona üç il cəza veriləcəyini gözləmədiyini də deyib.

Müşavirədən qayıdan hakimlər vəsatətlərin təmin olunmaması barədə qərar qəbul olunduğunu bildiriblər.

Məhkəmənin baxış iclası fevralın 6-na təyin olunub.

Qeyd edək ki, dünən günün ikinci yarısında Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə vəkil Əfsər Talıbov Gülər Əhmədova barəsində cinayət işinə xitam verilməsi və ittiham hökmünün ləğv edilməsi barədə vəsatət qaldırıb.

Ə. Talıbov Elşad Abdullayevin yaydığı videonun sübutlar siyahısından çıxarılması, Sevinc Babayevanın yazdığı mesajların sübutlar siyahına daxil olunması, əlavə şahidlərin dindirilməsi, Gülər Əhmədovanın istintaq zamanı verdiyi ifadənin tam mətninin elan olunması və sübutlar siyahısından çıxarılmasının müzakirə edilməsi, Elşad Abdullayevin gətirilərək ifadəsinin alınması barədə də vəsatətlər verib.

Vəkil Ə. Talıbov eyni zamanda Səlcuq Ağlayanın və Ayxan Məmmədovun Türkiyə məhkəməsində verdikləri ifadələrin sübutlar siyahısına daxil edilməsi, Sevinc Babayevanın Türkiyədə olarkən Azərbaycanın prokurorluq orqanlarına ünvanladığı müraciətin sübutlar siyahısına əlavə olunmasını istəyib.

Məhkəmə vəsatətlərin çox olduğunu əsas gətirərək, prosesin bu günə kimi təxirə salınması barədə qərar vermişdi.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Ötən il fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmündə onun ifadəsi özünü müdafiə kimi qiymətləndirilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar