ETİBAR PİRVERDİYEV DƏ BÜDCƏNİ BELƏ DAĞIDIR - Layihələrin qiymətləri dəfələrlə şişirdilir

Azərbaycanda eyni uzunluqlu elektrik xətlərinin çəkilişinə Türkiyədən iki-üç dəfə artıq xərc çəkilir

Pirverdiyev ona yaxın olan AZENCO şirkəti vasitəsilə dövlət vəsaitlərini talamaqda ittiham olunur

“Azərenerji”nin xərcləri ilə bağlı “Bizim Yol” qəzeti maraqlı araşdırma dərc edib. Araşdırmada “Azərenerji” ilə Türkiyə Elektrik Dağıtım Anonim Şirkətinin(TEDAŞ) eyni ölçülü investiya layihələrinə xərcləri müqayisə edilib və maraqlı nəticələr alınıb. Araşdırmanı ixtisarla təqdim edirik.

2012-ci ildə “Azərenerji” ASC tərəfindən həyata keçirilən bir sıra investisiya layihələri:

- Uzunluğu 12,7 km olan 2-ci Qala hava xəttinin 8 km hissəsinin yenidən qurulmasına 1 milyon manat

- Uzunluğu 5 km olan Ramanı hava xəttinin yenidən qurulmasına 362,9 min manat

- Uzunluğu 13 km olan 1-ci Qala hava xəttinin yenidən qurulmasına 1 milyon manat

- Uzunluğu 8,1 km Zığ hava xəttinin 3,2 km hissəsinin yenidən qurulmasına 491 min manat

- Uzunluğu 5,1 km olan Zığ hava x-nə 251,5 min

- 12 km-lik 3-cü Suraxanı hava xəttinə 754,5 min manat

- 17,6 km-lik Dübəndi hava x-nə 1,106 milyon manat

- 18,5 km-lik 2-ci Maştağa hava x-nə 1,163 milyon manat

- 8,9 km-lik 4-cü Ramanı hava x-nə 560 min manat

- 14,3 km-lik 5-ci Şimal hava x-nə 506,2 min manat

- 17,2 km olan 110 KV-luq 1-ci Şimal hava x-nə 1,081 milyon manat

- 9,1 km olan 1-ci Maştağa hava x-ə 572,2 min manat

- 7,7 km-lik 3-cü Binəqədi hava x-nə 484,1 min

- 10,9 km-lik 5-ci Ramanı, 2-ci Suraxanı hava x-nə 791,1 min manat

Həmin il Türkiyənin TEDAŞ şirkətinin həyata keçirdiyi eyni ölçülü bir sıra layihələrinə yönələn xərclərə nəzər yetirək: (mənbə TEDAŞ-in investisiyalara dair hesabatından. tedas.gov.tr)

Nisbətən bahalı şəhər sayılan Antalyada;

- Dənizkəntdən Çakış köyə uzanan 10 km-lik xəttin yenidənqurulması 420 min TL (146,2 min manat (hazırki məzənnə ilə hesablandığına görə məbləğdə 2012-ci ilə nisbətən qismən fərq yarana bilər)

- Hisarçandır-Söyütcüm-ə 23 km-lik yeni elektrik xəttinin çəkilməsi 1,1 milyon TL (385 min manat)

- “Kəmər TM-Çamyuva Irt. ENH” layihəsi çərçivəsində 4,5 km-lik xəttin çəkilişinə 900 min TL (313 min manat)

- Dereköy-Sülekler-ə 12 km elektrik xəttinin yenidən qurulması 600 min TL (209 min manat)

Xidmətlər nisbətən ucuz olan Diyarbəkirda;

- Aktəpə-Öncülüyə 3,7 km-lik elektrik xətti və beton dirəyin tikintisinə 145 min TL (50 min manat)

- Isapinar KÖK- Doruk KÖK 6,1 km-lik xəttin tikintisinə 235 min TL (82 min manat)

- Mollatəpə-Göktəpəyə 4 km-lik xəttlərin yenidənqurulmasına 155 min Tl (54 min manat)

Bundan başqa dövlətin əsaslı vəsait qoyuluşundan “Azərenerji”yə ayrılan xərclərdə iqtisadi rayonlar üzrə toplam gücləri 16,3 MVt olan kiçik su elektrik stansiyalarının tikintisinə 27,5 milyon manat vəsait ayrılıb.

Türkiyənin Enerji Piyasası Düzənləmə Kurumunun hər bir bölgə üçün hesabatında göstərilir ki, paytaxt Ankarada 11,7 MVt gücündə su elektrik stansiyasının tikintisinə isə cəmi 18 milyon TL (6,2 milyon manat) ayrılıb və işlər işlər 2013-cü ildə yekunlaşıb.

Müqayisədən görünür ki, Azərbayanda eyni uzunluqlu elektrik xətlərinin çəkilişinə Türkiyədən iki-üç dəfə artıq xərc çəkilir. Türkiyədə istehsalatın olmasını əsas gətirib, materialların ucuz başa gəldiyini ehtimal edə bilərlər. Amma burada əməkhaqqı və kompensasiya məsələsini diqqətdən qaçırmaq olmaz. Azərbaycanda kompensasiya ödənilmədiyi halda, Türkiyədə elektrik xətlərinin altına və stansiyaların tikildiyi əraziyə düşən torpaqları sahiblərindən bazar qiymətinə, bəzən daha baha qiymətə alırlar. Habelə 2012-ci ildə orta aylıq əmək haqqı Azərbaycanda 450 dollar olubsa, Türkiyədə 1400 dollardan aşağı deyildi. Bir işçiyə bizdən ən azı 3 dəfə artıq əmək haqqı ödənilib. Digər bir səbəb kimi çəkilən elektrik naqillərinin gərgiliyi ola bilər. “Azərenerji”nin çəkdiyi xətlərin daha yüksək gərginlik qəbul etmə gücünə malik olmasını əsas gətirə bilərlər. Bunu mütəxəssislər daha dəqiq qiymətləndirə bilər. Hələ ki, havalar soyuyanda naqillərimizin sərtliyə davam gətirmədiyi, tez-tez fasilələr yaratmaq məcburiyyətində qalması göz önündədir. Əldə olan faktlardan bizim yoza bildiyimiz yalnız səbəb var: bu sahədə icra edilən layihələrin smeta dəyəri bir neçə dəfə şişirdilir.

Pirverdiyev ona yaxın olan AZENCO şirkəti vasitəsilə dövlət vəsaitlərini talayır

“Azərenerji” ASC iri vergi ödəyicisidir. Qurum artıq uzun müddətdir büdcə proqnozunu yerinə yetirə bilmir və ən böyük borc sahiblərindən biridir. Üstəlik, abonentlərdən ödəmələri 98 faizə çatdırsalar da, büdcədən asılılıqları davam edir.

İqtisadçı ekspert Qadir İbrahimlinin sözlərinə görə, 2005-ci ildən indiyəcən dövlət büdcəsindən “Azərenerji” ASC-yə 1 milyard 132 milyon manat və yaxud 1,5 milyard dollar dövlət investisiyası yatırılıb:

“Buraya 1 milyard 431,6 milyon dollar xarici kreditləri də əlavə etsək (Mənbə: Maliyyə Nazirliyinin rəsmi arayışı, 1 oktyabr 2010-cu il, son 2 il ərzində elektrik enerjisi sektoruna ayrılan xarici kreditlərin məbləği açıqlanmırA.F), demək olar ki, son 6 ildə bu sektora 3 milyard dollara yaxın vəsait yatırılıb. Bir elə fantastik xərcləmələr fonunda heç bir pozitiv nəticə yoxdur. Çünki ölkənin daxili enerji tələbatı hələ də ödənməyib. Elektrik verilişindən məhrum qalan massivlər var. Həmin investisiyalar səmərəli istifadə olunmur. Əvəzində bu sektorda korrupsiya günbəgün inkişaf edir”.

Ekspert bildirib ki, ötən ilin aprelində Milli Məclisdə Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı deputat Çingiz Qənizadə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevə qarşı bir sıra ağır ittihamlar səsləndirib. Deputat Priverdiyevi ona yaxın olan AZENCO şirkəti ilə müqavilələr bağladığını, dövlət vəsaitlərini taladığını deyib: “Məsələn, su elektrik stansiyalarının birinin tikintisi zamanı nəzərdə tutulan müqavilədə tikintinin 20 aya başa çatdırılacağının göstərilməsinə baxmayaraq, 15 ay əlavə vaxt uzadılıb və büdcədən əlavə vəsaitlər ayrılıb. Ümumiyyətlə, ”Azərenerji" bütün əməliyyatlarını AZENCO şirkəti ilə birlikdə aparır və nəticədə böyük korrupsiya faktları olur". Deputat Hesablama Palatasına təklif edib ki, “Azərenerji” ilə bağlı apardığı araşdırmaları Baş Prokurorluğa göndərsin. Hesablama Palatasının rəhbəri Heydər Əsədovun bu məsəyələ reaksiyası çox qısa olub: “Azərenerji” ASC-nin fəaliyyətində kriminal məqama rast gəlinmədiyi üçün bu iş Baş Prokurorluğa göndərilməyib".

Qurumun saytında konsolidə edilmiş (təhrif olunmuş hesabatın dəqiqləşdirilməsi) hesabatları da yer alıb. Bu hesabat “Azərenerji”nin 2012-ci il hesabatından götürülüb (31 dekabr 2012-ci il)

Qurumun saytında layihələr, elektrik stansiyaları, təmir və bərpa olunan, eləcə də beynəlxalq auditor şirkətinin verdiyi rəy də yer alıb. Ancaq bir məsələ var ki, layihələrin məbləği, xərclənən vəsaitlər, gəlirlər ayrı-ayrılıqda deyil ümumi şəkildə göstərilib. Bununla da nəyin necə xərcləndiyini deyil, ümumi rəqəmlər toplusunu görmək olar. Hesablama Palatasının 2011-ci ilə olan rəyinə baxaq:

Büdcəyə borc hardan yarana bilər?

“Azərenerji” ASC-nin debütor borclarının silinməsinə görə dövlət büdcəsinə olan 92,3 milyon manat məbləğində olan kreditor borcu silinib. 2011-ci il ərzində “Azərenerji” ASC-nin ümumi borc məbləğinin 152590,2 min manat və ya 14,2 faiz azalaraq 91973,9 min manata enməsinə baxmayaraq bu borcun həcmi hələ də yüksək olmaqla dövlət büdcəsinə olan ümumi borcun 29,6 faizini, dövlət mülkiyyəti üzrə dövlət büdcəsinə olan ümumi borcun isə 74, 5 faizni təşkil etmişdir. Son 5 il ərzində elektrik enerjisi haqqının yığım səviyyəsi orta hesabla 57,7 faizdən 97,4 faizə çatdırılmışdır ki, bu da dövlət büdcəsi qarşısında yaranan öhdəliklərin vaxtında icra olunmasını təmin etməlidir.

Bu barədə məlumata qurumun saytında rast gəlmədik.

“3 milyard dollar xarici, yerli investisiya yatırılan dövlət müəssisəsinin gəlirləri məntiqlə artmağa doğru getməlidir. Buna baxmayaraq, müəssisənin vergi, sosial müdafiəyə olan borcları artmaqdadır. Bunların hamısı Hesablama Palatasının rəyində əksini tapıb. Vergi borcu nədən yaranır? Müəssisəyə investisiya yatırılırsa, enerji istehsalı rentabellidirsə - əhaliyə satılan enerjinin maya dəyəri 2,5 qəpikdir. Bu baxımdan borcun haradan yarandığı qaranlıq qalır. Hökumət korrupsiya faktını araşdırmalı idi. Məsələ daha da dərinləşir. İri borc yaranır və Nazirlər Kabineti həmin borcları silir. Sanki “Azərenerji”də olan korrupsiya fakrtlarını legitimləşdirir. Baxmayaraq ki, bunun özü də qanuna ziddir. Çünki müəssisənin borcları müflis olduğu, vergi ödəmə qabiliyyəti olmadığı halda silinir” - söylədi Q.İbrahimli.

Ancaq maraqlıdır ki, dövlət büdcəsinə olan borcu ildən-ilə şişən “Azərenerji” ASC-nin əməkdaşlanın ezamiyyət xərci adı altında milyonlarla manat silinir. Bir qədər əvvəl “Azərenerji” ASC-nin əməkdaşının büdcəyə 350 min manata başa gələn ezamiyyət xərci məlumat bunu təsdiqləyir.Dubaya gedən həmin əməldaşın xərcləri belə olub:

- «Jumeirah Dubay» hotelində qalma xərci 327 dollara başa gəlib;

- “Salmontini Dubai - Restaurant” restoranında şam yeməyi 1127 dollar;

- “Bürc Xəlifə”dəki ticarət mərkəzinin lüks saunasında bir günlük istirahət 487 dollar;

- “Louis VUITTON”, “İF boutique”, “Harvey NİCHOLS”, “FALCON Gallery”, “HOME CENTRE” və digər mağazalardan alış-verişinə 20000 dollar;

- Biznes-klass sinfindən olan avtomobilin icarəsinə isə 780 dollar xərc çəkilib.

Bu haqda məlumatı “Azərenerji” yox,“Anonymous” haker qrupu açıqlayıb. Məlumata qurum rəhbərliyi mətbuat xidməti səviyyəsində münasibət bildirib: “Etibar Pirverdiyev məsələni araşdıracaq”.

Ancaq bu "araşdırmadan" heç bir səs çıxmadı. Heç çıxacağı a gözlənilmir. Bəlkə ona görə ki, “Azərenerji”nin gəlirlərini və bu sahəyə büdcədən yönələn vəsaitlərin DAĞIDILMASININ arxasında elə Etibar Pirverdiyevin özü durur?

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar