“Cinayətkar komanda üzvlərini qorumaq çətinləşəcək” – Əli Kərimli

Dərc olunub: 25/01/2014 - 12:55

1DFİlham Əliyevin Avropa Birliyi ilə Assosiasiya sazişinin imzalanmayacağı haqda bəyanatın arxasında hansı məqsəd durur?

AXCP sədri Əli Kərimli Ukraynada baş verən hadisələr fonunda Azərbaycan hakimiyyətinin, İlham Əliyevin tutduğu yolun ölkəmizi yanlış istiqamətə apardığını bildirir. O, Facebook səhifəsindəki son yazısında İlham Əliyevin Avrointeqrasiya kursundan dönməsini milyonlarla insanın, dövlətin, millətin maraqlarını şəxsi maraqlarına qurban verməsi kimi qiymətləndirib. Yazını təqdim edirik:

“Ukrayna xalqının Avropa seçimi uğrunda necə fədakarlıqlar etdiyini görürsüzmü? Deməli, Ukrayna xalqı başa düşüb ki, Avrointeqrasiya sadəcə geopolitika məsələsi, kimlərlə birlikdə olmaq seçimi deyil, həm də inkişaf etmək, bugünkü problemləri həll etmək, gələcəkdə isə daha firavan, daha xoşbəxt yaşamaq imkanıdır. Bu seçim ölkəmiz üçün də çox aktualdır. Azərbaycan Avropa Birliyi (AB) ilə Assosiasiya sazişi imzalayıb, AB-yə inteqrasiya yolu tutsa, Avropa standartları həyatımızın müxtəlif sahələrində addım-addım da olsa, tətbiq ediləcək. Qanunlar dəyişdirilib, demokratikləşdiriləcək. Məhkəmələr müstəqilləşəcək. Polis, prokurorluq əhali ilə daha insani, daha mədəni davranmaq məcburiyyətində olacaq. Ordunun üzərində vətəndaş nəzarəti bərqərar olacaq. Vətəndaşlarımız Avropa dövlətlərinə vizasız gedib-gələcək. Bir tərəfdən öz ölkəmizin təhsil və səhiyyəsi tədricən də olsa, Avropa standartlarına uyğunlaşdırılacaq, digər tərəfdən isə yüz minlərlə azərbaycanlı üçün Avropada təhsil almaq, müalicə olunmaq, biznes qurmaq, iş tapmaq daha əlçatan olacaq. Azərbaycan da AB-nin azad ticarət məkanına qoşulacaq. Öz şəxsi biznesini qurmaq, pul qazanmaq, bazarda azad rəqabət aparmaq imkanı indikindən qat-qat yaxşı olacaq. Adamların əmlakını əlindən zorla almaq mümkün olmayacaq və s. Bir sözlə, milyonlarla insanın həyatı və gələcəyi müsbətə doğru dəyişəcək.
Bəs o zaman niyə İlham Əliyev bu yolu seçmir? Niyə bu qədər insanın həyatının yaxşılaşmasını istəmir? Niyə AB ilə Assosiasiya sazişi imzalamağa hazırlaşmadığını bəyan edir? Ona görə ki, hüquqi dövlət quruculuğu, AB-yə inteqrasiya yolu seçilsə, xalqın səsini almadan hakimiyyətdə qalmaq mümkün olmayacaq. Cinayətkar komanda üzvlərini qorumaq, “korrupsiya azadlığı”ndan faydalanmaq çətinləşəcək. Xalqla hesablaşmaq lazım gələcək. Bəli, bu artıq faktdır ki, İlham Əliyev özünün və ətrafındakı oliqarxların daha bir müddət hakimiyyətdə qala bilmələri, xalqın sərvəti hesabına daha da varlanmaları naminə ölkəni Avrointeqrasiya kursundan döndərir. Bununla da milyonlarla insanın, dövlətin, millətin maraqlarını şəxsi maraqlarına qurban verir. Bəs biz necə, xalq olaraq öz gələcəyimizin həllində iştirak etməyəkmi? Ətrafımızda baş verənləri sadəcə seyrmi edək?”.










loading...


Fikrinizi bildirin