“SƏFƏR ƏBİYEVİ 2 QƏPİYƏ SATAN BU GENERAL…” – Polkovnikdən sensasiyalı açıqlamalar

“General ikiüzlü olmamalıdır! Ancaq bizim generallar içərisində, çox təəssüf ki, belələri vardır!”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev son bir həftədə Müdafiə Nazirliyinin rəhbərliyində çox ciddi dəyişikliklər edib. Belə ki, müdafiə nazirinin müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-mayor Qorxmaz Qarayev, Azərbaycan Silahlı Qüvvələrin Baş Hərbi İnspeksiyasının rəisi, Azərbaycanın Milli Qəhrəmanı general-mayor Fəxrəddin Cəbrayılov və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor Mirzə Almasov vəzifələrindən azad olunublar. Onların yerinə digər təyinatlar olub.

Müdafiə Nazirliyinin rəhbərliyində aparılmış bu dəyişikliklərin səbəbləri ilə bağlı ziddiyyətli məlumatlar dolaşır.

AzPolitika.info Prezidentin qəbul etdiyi bu gözlənilməz qərarlarla bağlı Müdafiə Nazirliyi Mətbuat Xidmətinin keçmiş rəhbəri, polkovnik Eldar Sabiroğludan mövqe öyrənib. Keçmiş xidmət rəhbəri bəzi generallarla bağlı sensasiyalı açıqlamalar verib.

“Ali Baş Komandanın qəbul etdiyi qərarlar müzakirə olunmur. Ona görə də, heç bir şərh verə bilmərəm. Amma görünür qəbul edilən bu qərarlar səbəbsiz də deyil. Cənab Əliyev ciddi faktlara malik olmasa idi, yeni təyin etdiyi generallar barədə bu cür ölçü götürməzdi. Görünür bizim bilmədiklərimiz, bildiklərimizdən daha çoxdur.

Hərbi məsələlərə münasibət bildirərkən, gərək səhvə yol verməyəsən. Düşmən hər bir şeyi izləyir. Mən onun tərəfdarıyam ki, hətta nöqsan varsa da belə, o, çılpaqlılğı ilə təqdim olunmasın. Bu mənim səmimi fikrimdir.

Silahlı Qüvvələrdə ən önəmli meyar həm də odur ki, yüksək zabit heyəti Ali Baş Komandana son dərəcə sədaqətli olmalı, müdafiə nazirinin əmr və göstərişlərini yüksək peşəkarlıqla yerinə yetirməlidir. General ikiüzlü olmamalıdır! Ancaq bizim generallar içərisində, çox təəssüf ki, belələri vardır!”

E.Sabiroğlu, ad çəkməsə də, iki generala qarşı sərt ittihamlar irəli sürüb, onları “satqın” adlandırıb: “Mən, nə qədər acı olsa da, belələrindən biri haqda danışmaq istərdim. Adını çəkməyəcəyəm, ancaq söhbətin kimdən getdiyini müəyyən etmək heç də çətin olmayacaq. Bu general da daxil olmaqla, bir dəfə, səhv etmirəmsə, İtaliyaya rəsmi səfərə gedirdik. Təyyarədə həmin generalla söhbətimiz oldu. Dedi ki, “kişi olmasaydı (Səfər Əbiyev nəzərdə tutulur-E.S), bunlar mənim həyatımı məhv etmişdilər". “Bunlar” deyəndə kimi nəzərdə tutduğunu soruşduqda, xahiş elədi ki, üstünü vurmayım. Ancaq “üstü açıq idi”. Hamı bunu bilirdi. Tenderdə rüşvət aldığı üçün Prezident Heydər Əliyev onu tutduğu vəzifədən azad etmək barədə göstəriş vermişdi. Sonradan o geri qaytarıldı. Bax, bu, səhv idi! Görünür vaxtilə Səfər Əbiyevi 2 qəpiyə satan bu general, Zakir Həsənovun da göstərmiş olduğu etimadı yerə vurub. Ona görə də cəzasını alıb.

Mən deyim ki, bunun kimilər az deyil. Birisi də var idi – indi ev tapşırıqlarını yerinə yetirir. Amma keçmiş nazirin vaxtında nələr danışırdı. Daxili telefonla mənə zəng edib, 30-40 dəqiqə qulağımı “deşirdi” – onun-bunun dalınca danışıb, məndən söz çəkmək istəyirdi ki, aparıb yerinə-məqamına çatdırsın. Özünü də Səfər Əibiyevə ən sədaqətli adam kimi nümayiş etdirirdi. Vəziyyət dəyişəndə bir anın içində elə dona girdi ki, tanımaq belə mümkün deyildi. Hətta vaxtilə təqdimat mərasimində - bax bunun adını çəkəcəyəm - Hikmət Mirzəyevi düşmən kimi qələmə verən bu general, onunla ağız-ağıza elə öpüşürdü ki, gəl görəsən. Mən bu səhnələri çox görmüşəm.”

Həmsöhbətimiz deyir ki, Müdafiə Nazirliyinin rəhbərliyində dəyişiklikdən sonra o da mövqe dəyişə, yeni nazirin etimadını qazana bilərdi. “Mənim haqqımda da bəziləri belə bir fikir söyləyirdi ki, Eldar Sabiroğlu, yeri gəldi-gəlmədi, Səfər Əbiyevi müdafiə edirdi. Ola bilsin ki, belə şeylər olub, bəzən də həddindən artıq olub. Ancaq onu qeyd etmək istəyirəm ki, Səfər Əbiyevdən satqınlıq edib, Zakir Həsənovun etimadını qazanmış olsaydım, heç şübhəsiz ki, öyrəşmiş adam kimi, yeri gələndə onu da satacaqdım. Satqının xüsusiyyəti bundan ibarətdir. Ona görə də, silahlı qüvvələrdə yüksək zabit heyətində belə insanların olmasını qəbul etmək çətindir.”

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar