PROQNOZU MANATLA ÇÖKƏN İQTİSADÇI-DEPUTAT - Bu yekəlikdə özündən müştəbehlik olar?

Qarşıdan parlament seçkiləri gəlir. Parlamentə düşmək üçün dəridən-qabıqdan çıxanların yerinə adam xəcalət çəkir. Çoxlarının kürkünə birə düşüb. Ehtimal olunur ki, yeni parlamentin tərkibində xeyli dəyişikliklər olacaq. Maraqlıdır, bir neçə çağırış deputat olanların demək olar ki, hamısı yenidən parlamentdə oturmaq istəyir. Bunların biri də iqtisadçı Əli Məsimlidir.

Əli Məsimli bu yaxınlarda moderator.az saytına seçki təəssuratını belə bölüşüb:“Deputatın əsas vəzifələri qanun yaradıcılığı prosesində fəal iştirak etmək, öz seçiciləri ilə görüşmək, onların müraciətlərini aidiyyəti orqanlara çatdırmaq və müsbət həllinə nail olmaqdan ötrü əlindən gələni etmək, mətbuatla təmasda olmaq, ölkədə baş verən ictimai-siyasi proseslərə dövlətçilik təfəkkürü prizmasından münasibət bildirmək, imkanı daxilində xeyriyyəçilik tədbirlərində iştirak etmək, beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil etməkdir. Belə geniş diapazonda bütün istiqamətlər üzrə fəaliyyətlə hamını eyni dərəcədə qane etmək mümkün olmasa da, hər halda sadaladığım həmin istiqamətlərdə gördüyüm və bundan sonra da görə biləcəyim işləri obyektiv dəyərləndirməklə, həm də əlbəttə, ilk növbədə ictimai rəyi və seçicilərin əhvali-ruhiyyəsini nəzərə almaqla parlament seçkilərində iştirak edəcəyəm. Əsas məqsədim yenə də Azərbaycanı, parlamenti və seçiciləri layiqincə təmsil etmək olacaq”.

Göründüyü kimi, Əli Məsimli, gördüyü və görə biləcəyi işləri obyektiv dəyərləndirməklə, yenidən deputat olmaq istəyir. “Muğam müsabiqəsi”ndəki kimi, gördüyü işlərə 10 verib.

Ölkəmizdə demək olar ki, bütün sahələrdə artıq ekspertlər formalaşıb. Vahid Əhmədovla Əli Məsimli iqtisadiyyat sahəsində tanınmış ekspertlər sayılırlar.

Ara-sıra onlara, iqtisadiyyatı Elşən Musayev kimi bilən Vüqar Bayramov da qoşulur.

2000-ci ildə Bakıda güclü zəlzələ olanda hamı gözünü mütəxəssis kimi Elçin Xəlilova dikmişdi. Elçin Xəlilov deyirdi ki, qorxmayın, daha belə güclü zəlzələ olmayacaq. O, cəmiyyətdə yavaş-yavaş tanınmağa başlayan kimi, fürsətdən istifadə edib Yasamal rayonundan deputatlığa namizəd oldu. Amma seçkidə Əliməmməd Nuriyevə uduzduqdan sonra ondan zəlzələ haqqında soruşanda, əsəbi halda bunları demişdi: “Bilmirəm. Gedin Əliməmməd Nuriyevdən soruşun”.

Əli Məsimli də hikkəli adamdır. O, da seçilməsə Elçin Xəlilov kimi danışa bilər .

Əslində bizim Əli müəllimin iqtisadi proqnozlarına və rəylərinə ehtiyacımız varmı? Məncə nə dövlətin, nə də cəmiyyətin buna ehtiyacı qalmayıb.

Bu ilin fevral ayında manatın devalvasiyası elə 2000–ci lin zəlzələsi kimi bir şey idi. Gözlər Əli Məsimli və Vahid Əhmədova dikilmişdi: Parlamentdə bir partada oturan bu iqtdisadçı deputatlar məsləhətləşmədən bir-birindən fərqli mülahizələri ilə aləmi qatdılar:

Manatın devalvasiyasına 2 gün qalmış (19 fevral 2015-ci il) Əli Məsimlinin contact.az saytına müsahibəsi:

Sual: Manatın avro və dollara nisbəti ilin sonunadək nə qədər dəyişə bilər?

Cavab: Manatın avro və dollara nisbəti ilin sonunadək maksimum 1 dollar 90 qəpik (hazırda 1 dollar 0,7857 manatdır) səviyyəsinə qədər arta bilər. Hesab edirəm ki, bu, 2015-ci il üçün maksimum dəhliz hesab oluna bilər. Manatın avroya nisbəti isə məhz manatın dollara nisbətində gedən proseslərin nəticəsində formalaşacaq.

Devalvasiyaya 1 gün qalmış Vahid Əhmədovun proqnozu: Manatın ucuzlaşması yalnız 5-7 qəpik səviyyəsində özünü göstərə bilər. Biz çalışacağıq ki, bu azalma insanların sosial durumuna, onların pensiyalarına, əmanətlərinə təsir etməsin”.

Qəzet Yazır: “V.Əhmədovun fikrincə, bu il Azərbaycanda dollar maksimum 85 qəpiyə qədər bahalaşacaq. Onun sözlərinə görə, bu məsələni Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədr müavini Alim Quliyevlə müzakirə edib.” (Azadlıq qəzeti 20 fevral 2015-ci il)

Özlərinə görkəmli iqtisadçı adı qazandırmış bu şəxslər bilmədikləri şey haqqında niyə danışdılar görəsən? İnsanları Elman Rüstəmovdan çox Əli Məsimli ilə Vahid Əhmədov çaşdırmadımı? Belə olan halda cəmiyyət ekspertlərə daha çox inanır. Onların Elman Rüstəmova hücumu, verdikləri səhv proqnozları ört-basdır etməyə xidmət edirdi.

Bundan sonra seçicilərə nə haqda danışmaq olar?

Məsələn, mən belə bir rüsvayçı proqnoz versəydim ümumiyyətlə deputatlığın adını çəkməzdim..

Əli Məsimli cəmiyyətdə özünü ziyalı, mədəni, yerini bilən adam kimi aparır. Doğurdanmı belədir? Onun istiqamet.com saytına verdiyi müsahibəyə diqqət edək:

Müxbir: Neft bitdisə, Azərbaycan xalqı nə ilə dolanacaq? Çox ciddi problemdir...

Cavab:Təbii. Mən həmişə deyirəm ki, postneft dövrünə hazırlaşmaq lazımdır. Bu termini yalnız Azərbaycan hökuməti Ümumdünya İqtisadi Forumu Bakıda keçiriləndən sonra birtəhər anlamağa başladı. Savad o dərəcə deyil ki, anlasınlar ki, postneft anlayışı neftin qurtarması demək deyil. Sadəcə, neftin dominant rol oynamasının arxa plana keçməsidir. Kimsə özünün cibindən qorxur, postneft sözünü eşidən kimi onu elə bil ki, elektrik cərəyanı vurur. Mənim neçə dəfə bu sözümü eşidəndə rəng verib rəng alanlar var. Təbii ki, mənə qarşı çıxış edə bilməzlər. Onları tarakan kimi əzərəm.

Əli Məsimlinin mədəniyyəti budur. Müsahibənin bu hissəsində o, qolu zorlu idmançı kimi danışır. Bu adam onunla polemikaya girmək istəyənləri “tarakan kimi əzməklə” hədələyir. Tamamilə alim etikasına zidd olan ifadədir. Bu yekəlikdə özündən müştəbehlik olar? İqtisadçı deputat elə danışır ki, sanki “postneft” anlayışını o, elmi dövriyyəyə gətirib. Halbuki, bu anlayış ötən əsrin 70-ci illərindən Amerikada və Qərbdə işlədilir.

2008-ci ilin İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Pol Kruqmanın “Böhrandan çıxış yolu var!” adlı son kitabının “Depressiv iqtisadiyyat” fəslində böhranla bağlı dahi Con Meynard Keynsdən maraqlı epiqraf verilib:

“Dünya dərhal başa düşmədi ki, biz müasir tarixdə böyük iqtisadi fəlakətin təhdidi altında yaşayırıq. Lakin indi adi adamlar başa düşdülər ki, nə baş verir: fəlakət təzə başlayanda onlar azacıq da olsa narahatlıq keçirmədilər. İnsanlar gələcəyə şübhə ilə yanaşmağa başladılar. Nə əcəb xoşbəxt həyat sona yetir və onlar kədərli reallıqla toqquşmalı olacaqlar? Bəlkə bu gecə qarabasmasıdır. Belədirsə bu nə vaxt keçəcək?

Tərəddüd yersizdir. Bu gecə qarabasmasıdır və sübh tezdən sovuşacaq. Təbii sərvətlər və insanların imkanları əvvələr olduğu kimi, zəngin və məhsuldardır. Gündəlik yaşam üçün material probleminin həlli istiqamətində irəliləyiş ləngiməyib. Əvvəllər olduğu kimi 20 il bundan əvvələ nisbətən hər kəsin yaşayış səviyyəsini daha da yüksəldə bilərik. Tezliklə bunu yenə təkrar etmək olar. Bizi aldatmayıblar. Biz işləmə mexanizmini axıra qədər başa düşmədiyimiz incə və mürəkkəb maşını idarə edə bilmədiyimizdən hədsiz dərəcədə xoşagəlməz hallar yaratmışıq. Nəticə belədir: nə vaxtsa, ola bilsin ki, uzun bir zaman kəsiyində zənginlik və firəvanlıq tərpənməz (hərəkətsiz) qala bilər”.

Manatın devalvasiyası göstərdi ki, elə Əli Məsimli kimi iqtisadçılar da bizim kimi iqtisadiyyat adlanan incə və mürəkkəb maşının işləmə mexanizmini axıra qədər başa düşməyiblər. Parlamentdə iqtisadçılar üçün həmişə kvota nəzərdə tutulub. Fikrimcə lovğa, proqnozları və mülahizələri başa düşülməyən, fikrinə qarşı çıxanları “tarakan kimi əzərəm” deyən iqtisadçı alimə seçicilər etimad göstərməməlidir. Həm də zəmanə xeyli dəyişib. Qərb təhsili görmüş, mədəni və gənc iqtisadçılar parlamentə seçilməlidir...

Etibar Əliyev

Təhsil eksperti

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar