CAHANGİR ƏSGƏROV ƏTRAFINA KİMLƏRİ YIĞIB? – “AZAL müəmması”nın sirri! - ŞOK SİYAHI
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bütün məlumatları Moskvaya ötürülür
Cahangir Əsgərov aeroportun ərazisində nar plantasiyası salıb və daha nələr-nələr…
Son ayların əsas müzakirə mövzularından biri “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) həm sərnişindaşıma, həm də karqo xidməti üzrə tətbiq etdiyi qiymətlərin həddindən artıq yüksək olmasıdır.
Göründüyü kimi, AZAL rəhbərliyi prezidentin tənqidindən sonra bir necə istiqamət üzrə qiymətləri aşağı salacağını bəyan etsə də, bunu da yerinə yetirmək istəmir.
Məsələ ondadır ki, Azərbaycanın hava məkanını inhisara alan, ucuz sərnişin daşımaları ilə məşğul olan aviaşirkətləri ölkəyə buraxmayan AZAL rəhbərliyinin bu cür qiymət siyasəti yalnız vətəndaşların cibinin soyulmasına deyil, eləcə də, dövlətə ciddi ziyan vurur. Biletlərin qiymətinin qonşu ölkələrlə müqayisədə dəfələrlə yüksək olması birinci növbədə Azərbaycana turistlərin cəlb olunmasına mane olur ki, bunun da çoxsaylı zərərləri var. Belə ki, ölkəyə xarici valyutanın gəlməsinin qarşısını alır, işgüzar mühiti aşağı salır, bölgələrin turizm potensialından istifadəyə imkan vermir, xidmət sahəsində maaşalanların gəlirlərinin aşağı səviyyədə qalmasına səbəb olur, bu sahədən büdcəyə daxl olan vergilərin minimum səviyədə qalmasına gətirib çıxarır və sair.
Bu da təbii ki, şirkətin əlavə gəlirlər əldə etməsinə, büdcə öhdəliklərini artırmağa imkan vermir. Təsadüfi deyil ki, AZAL-ın uzun illərdir ki, büdcəyə bir qəpik də olsun vəsait ödəmədiyi, ziyanla işlədiyi bildirilir. AZAL iri vergi ödəyicisi olsa da, büdcə qarşısında öhdəlikləri yerinə yetirmir. Belə ki, ötən il büdcəyə 29 milyon manat vergi ödənişi nəzərdə tutulsa da, bunun 14,5 milyon manatını yerinə yetirə bilib. Təkcə ötən il büdcə qarşısında təqribən 14 milyon manat borclu qalıb.
Təkcə onu qeyd edək ki, son illər bu şirkətin bütün xərcləri dövlət büdcəsindən ödənilib. Son 10 ildə təkcə büdcənin investisiya xərcləri bölməsindən "Azərbaycan Hava Yolları"na 860 milyon manat vəsait ayrılıb!
2005-ci ildə - 5 milyon;
2007-ci ildə - 25 milyon;
2008-ci ildə - 28 milyon 200 min;
2009-cu ildə - 54 milyon 721 min;
2010-cu ildə - 115 milyon 200 min;
2011-ci ildə - 261 milyon 521 min;
2012-ci ildə - 232 milyon 650 min;
2013-cü ildə - 177 milyon 864 min;
2014-cü ildə - 20 milyon.
Şübhəsiz ki, AZAL-ın sərnişindaşıma və karqo xidməti üzrə tətbiq etdiyi qiymətlərin həddindən artıq yüksək olmasının əsas səbəbi, məhz şirkətdəki korrupsiya, gəlirlərin mənimsənilməsi və lazımsız istiqamətlərdə xərcləmələrlə bağlıdır. Elə son aylar AZAL-ın qiymət siyasətinə qarşı kampaniyanın müəlliflərindən biri olan tanınmış hüquqşünas Aslan İsmayılov da bu fikirdədir. O, mediaya son açıqlamasında bildirib ki, AZAL-ın qiymət oyunbazlığı, sadəcə, vətəndaşların aldadılması deyil: “Atılan addımlar AZAL prezidenti Cahangir Əsgərovun öz korrupsiyasını ört-basdır etməyə hesablanıb. Qiymətlərin aşağı salınması görüntüsünü yaratmaq üçün fırıldağa əl atdı
Bu deyilənləri şirkət daxilindən “AzPolitika.info”ya verilən bəzi maraqlı məlumatlar da sübut edir. AZAL-dakı mötəbər mənbənin sözlərinə görə, hazırda “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) aviaparkında xeyli sayda müasir avialaynerlər mövcuddur. Belə ki, AZAL uçuşları “Airbus”, “Boeing”, “Embraer ERJ” tipli müasir, komfortlu sərnişin təyyarləri ilə həyata keçirir. Ancaq AZAL QSC-nin təyyarə parkının imkanlarından tam istifadə olunmur. Belə ki, faizlə götürsək, sərnişin daşınması üzrə AZAL-ın imkanlarının maksimum 50 faizindən istifadə edilir.
Əvvəllər AZAL QSC-nin aerozalları ildə 3 milyon sərnişini qəbul etmək imkanına malikdi. Ancaq bu imkanın yalnız 40 faizindən istifadə edilirdi.
Beləliklə, Azərbaycanda ildə 9 milyon sərnişin Bakının hava limanından istifadə də bilər”.
Bura digər şəhər və rayonlardakı aerovağzalların imkanlarını da əlavə etsək, AZAL-ın il ərzində 11-12 milyon sərnişinə xidmət etmək imkanının olduğunu söyləyə bilərik. Ancaq bunun heç 20 faizindən belə istifadə olunmur.
Belə ki, 2014-cü ildə AZAL 1 milyon 800 mindən bir qədər çox sərnişin daşıyıb ki, bu da imkanlardan 5-6 dəfə azdır.
Təsadüfi deyil ki, qeyd edilmiş təyyarə tiplərinə külli miqdarda vəsait xərclənməsinə baxmayaraq, onlardan demək olar ki, istifadə edilmir. Halbuki belə bahalı aviatexnika həmişə uçuşda olmalıdır. Buna baxmayaraq, çoxtutumlu bahalı təyyarələr Binə Hava Limanındaki bazaya gətirilən gündən, praktiki olaraq, fəaliyyətsiz saxlanılırlar.
Belə görünür ki, AZAL boş yerlərin pulunu da biletin üzərinə gələrək əhalidən alır. Buna görə də, AZAL-ın biletlərinin qiyməti başqa aviaşirkətlərin biletlərindən bir neçə dəfə baha olur. Halbuki, xeyli ucuz qiymətə bir qədər kiçik tutumlu təyyarələr almaqla, həm böyük vəsaitlərə qənaət etmək olar, həm biletlərin qiymətini aşağı etmək, həm də uçuşların rentabelliyini təmin etmək.
Qənaət olunan vəsaiti isə, AZAL-ın işçilərinin maaşlarının artırılmasına və digər sosial ehtiyaclara sərf etmək olar. Ancaq deyəsən, C.Əsgərovu bunlar o qədər də maraqlandırmır.
AZAL-dakı mənbənin “AzPolitika.info”ya təqdim etdiyi bəzi məlumatlar da, C.Əsgərovun Azərbaycan mütəxəssislərinə mənfi, hətta demək olar ki, yaramaz münasibətinin mövcudluğundan xəbər verir.
Deyilənləri AZAL rəhbərliyində təmsil olunan şəxslərlə bağlı “AzPolitika.info”ya təqdim olunan natamam siyahı da təsdiqləyir. Həmin siyahıya diqqət edək:
1.AZAL prezidenti Cahangir Əsgərov – milliyəti naməlum;
2.İqtisadiyyat və maliyyə məsələləri üzrə vitse-prezident – Andropova Lyubov Pavlovna – Rusiya vətəndaşı;
3.Hüquq İdarəsinin rəisi – Kazımova Lyudmila Akperovna;
4.Xüsusi şöbənin rəisi (I şöbənin) – Tarasova Valentina Qavrilovna;
5.Maliyyə-iqtisad İdarəsinin rəisi – Quliyev Ələddin Xeyirbəy oğlu, milliyətcə ləzgidir;
6. Baş mühasibin müavini - Knyazeva Vera Vasilyevna;
7. Baş mühasibin müavini - Qusarova Marina Qəzənfərovna;
8. İqtisadi Proqnozlaşdırma Xidmətinin rəisi – Bikinina Raisa
9. İqtisadi proqnozlaşdırma şöbəsinin rəhbəri - Kalinova Nina Anatolyevna və s.
Metrologiya xidmətində 10 mütəxəssisdən yalnız biri azərbaycanlıdır, digərləri hamısı rusdur.
“Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi:
- Müdir - Sultanov Valeriy Zeynətdinoviç
- Müdir müavini - Ayutov Davud Xasanoviç.
Məlumatlara görə, təyyarələrin təmiri xidməti yerli mütəxəssislərlə eyni səviyyədə olmayan Türkiyə vətəndaşlarının rəhbərliyi altındadır.
Son vaxtlara qədər Milli aviaşirkətin icraçı direktoru Baltikyanı ölkələrin birindən olan xanım idi.
Daşınmaların Təşkili Xidmətinin müdiri Avstriya aviaşirkətinin keçmiş təmsilçisi Kristina adlı qadın idi.
Bunlar AZAL heyəti haqqında məlumatların kiçik hissəsidir. Bizim milli mütəxəssislər AZAL-dan kənarda özlərinə iş axtarmaq məcburiyyətindədirlər. Bu faktlar Cahangir Əsgərovun Azərbaycan dilində danışanlara ikinci sort adamlar kimi baxdığına dair fikirləri təsdiqləyir.
AZAL-dakı mənbənin digər məlumatları isə sensasiya xarakterlidir. Lakin onların dərindən araşdırılmasına ehtiyac var. Məsələn, mənbənin iddiasına görə, 2008-ci ildən AZAL-da tətbiq olunan “Sofi” proqramına Rusiyadan nəzarət etmək imkanları var. Belə ki, AZAL-la bağlı bütün məlumatların cəmləşdiyi bu proqramın bazası Moskvada yerləşir.
Belə bir şəxsin Azərbaycanın hava məkanının şəriksiz sahibi olması nə dərəcədə doğrudur?
Murad Məmmədov
AzPolitika.info
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.