“RAMİZ MEHDİYEV GÜLƏR ƏHMƏDOVAYA ŞANS VERMİŞDİ Kİ...” - Elşad Abdullayevdən ŞOK açıqlamalar

“Gülər Əhmədovaya əmr vermişdi ki, səni 15 ildir deputat seçdirmişəm, pulu da apar öz hesbından Elşad müəllimə ödə, ancaq o, ölkədən qaçmaq istədi”

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, Fransada siyasi mühacirətdə olan Elşad Abdullayev hazırda həbsdə olan, Bakı Ağır Cinayətlər Məhkəməsində prosesi davam edən Gülər Əhmədova və onun vəkilinın ilk iclasda qaldırdığı vəsatətlərlə bağlı yeni müraciət yollayıb. “AzPolitika.info”-ya da göndərilən həmin müraciəti qısa ixtisarla və zəruri redaktə ilə dərc edirik:

“23 yanvar 2014 il tarixli Gülər Əhmədovanın Apellyasiya Məhkəməsindəki qondarma vəsatətlərinə dair aşağıdakıları bildirirəm:

“Gülər Əhmədovanın məni Bakıya dəvət etməsini səmimi qəbul etmək olmaz”

1. Avropa Şurası hər il qərar qəbul edir ki, Azərbaycanda müstəqil məhkəmələr yoxdur. Həqiqətən də, Gülər Əhmədovanın məhkəmə şousu məhkəmə görüntüsüdür, məhkəmələr siyasi sifarişlə işləyirlər. Sosial şəbəkələrdə ictimailəşmiş video görüntülər əlahəzrət faktdır. Sosial şəbəkələrdə bu gizli video görüntülərə 6 milyondan cox şəxs baxmışdır, 70 mindən cox şərh yazılıbdır. Kimsə bunu inkar ede bilmez.

Hesab edirəm ki, bu məhkəmə prosesi hərtərəfli aparılmayıbdır, qeyri obyektivdir, qərəzlidir və “Gülərqeyt” cinayətinin ört-basdır edilməsində maraqlı vəzifəli şəxs - Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin siyasi sifarişidir. Bu günə qədər qanunsuz olaraq məhkəmə bir tərəfli aparılır, hazıra

qədər məhkəmə məni zərərçəkmiş kimi tanımır, mənim nə vəkilim, nədəki qanuni nümayəndəm Gülər Əhmədovanın məhkəməsinə buraxılmır ki, mənim qanuni maraqlarımı tələb edib qorusunlar. Hələ bu bir yana qalsın, Gülər Əhmədova bu günə qədər yalandan məni məhkəməyə dəvət edir. Amma, mən şəxsən məhkəməyə gəsəm belə, yenə utanmadan-qızarmadan deyəcəklər ki, Siz zərərçəkən deyilsiniz. Qanunla da sizi məhkəməyə buraxa bilmərik, necə ki, qanunun bu prinsipini bəhanə edərək mənim vəkilimi və qanuni nümayəndəmi Gülər Əhmədovanın məhkəməsinə buraxmırlar. Ona görə də Gülər Əhmədovanın məni Bakıya dəvət etməsini səmimi qəbul etmək olmaz.

04 oktyabr 2012-ci  il tarixindən Prezidentin sərəncamı ilə prokurorluqda Elmar Camalovun rəhbərliyilə Müstəqil İstintaq Komissiyası(MİK) yaranana qədər Baş Prokurorlugun Ağır Cinayətlər İdarəsinin müstəntiqi Vüqar Nəsibov məni dindirmə protokolunda zərərçəkmiş şəxs kimi tanımışdır. Xalq arasında belə bir ictimai fikir formalaşmışdı ki, əğər MİK-sı yaradılıbsa, deməli, cinayət işini ört-basdır edəcəklər. İlk vaxtlar mən buna inanmaq istəmirdim. Ancaq bu gün deməyə əsas var ki, MİK-sı Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə ilə əlbir fəaliyyət göstərir. Qaldı ki, sizin mənə qarşı etmiş olduğunuz qondarma məhkəmə vəsatətlərinizə, hamısının cavablarını şikayət formasında sosial şəbəkələr vasitəsi ilə, onlayın əlaqə xəttilə, telefon faksları ilə və poctla aidiyyatı şəxslərə göndərmişəm.”

“Zərəçəkmiş şəxs “ehtiyac” içərisində yaşayan Mehdiyev və Qaralovdur...”

Daha sonra Elşad Abdullayev prezident İlham Əliyevə və digər vəzifəli şəxslərə, eləcə də beynəlxalq təşkilatlara göndərdiyi məktubun surətini müraciətinə əlavə edib. Həmin məktubda qeyd ounur:

“Bu işdə faktiki olaraq zərəçəkmiş şəxs “ehtiyac” içərisində yaşayan Ramiz Mehdiyev və Baş Prokurordur. Çünki mənim Ramiz Mehdiyevin tələbi ilə Gülər Əhmədovaya verdiyim pulları Mehdiyev hədiyyə kimi mənimsədiyi üçün faktiki olaraq bu işdə o, zərərçəkmişdir. O, isə öz növbəsində Gülər Əhmədovaya əmr vermişdir ki, səni 15 ildir deputat seçdirmişəm, pulu da apar öz hesabından Elşad müəllimə ödə. Gülər Əhmədova da pulu öz hesabından qaytara bilmədiyi üçün ölkədən qaçmaq istədikdə, Prokurorlugun müstəntiqi onu sərhəddə saxladı. Və ondan yazılı ifadə alaraq bir daha Elşad Abdullayevin pulunu qaytarmaq üçün son şans verdi. Lakin Gülər Əhmədova son şansını dəyərləndirmək əvəzinə mənə qarşı şantaja-şərə əl atdı və həbs olundu. Gülər Əhmədovanın pulun miqdarı haqqında dedikləri də həqiqətə uyğun olmayan quru şərdir.

2. Gülər Əhmədovanın qondarma məhkəmə vəsatətləri-şərləməsi isə suda batanın saman çöpündən yapışmasıdır. Filosof Nikola Makiavelli yazır ki, hakimiyyəti zəbt etmiş zümrə özlərinin qanunsuz hakimiyyətlərini əllərində saxlamaq və xalqın əleyhinə etmiş olduqları cinayətləri gizlətmək məqsədilə başqalarını şərləməklə məşgul olurlar. Onlar, başqalarını şərləməklə özlərinin qanunsuz hakimiyyətini və cinayətlərini ört-basdır edirlər. O şərləyir ki, etmiş oldugu ağır dövləti cinayəti gizlətsin.

Burada söhbət ağır dövləti cinayətdən gedir. Gizli videoğörüntülərdə Ramiz Mehdiyevin vasitəçisi Gülər Əhmədovanın mənimlə apardıgı uzun-uzadı söhbətin predmeti yalnız 3 problemin birğə həllindən ibarət olmuşdur. Gülər Əhmədovanın məhkəmə vəsatətlərini qondarma hesab edirəm. Onun məqsədi aşağıdakı ağırlaşdırıcı cinayət hallarını gizlətməyə hesablanmışdır:

“Hüquq- mühafizə orqanları kim Mahiri fəal axtarırsa onun üstünə gedir”

Brincisi, MTN zabiti Mahir Abdullayevin geri qaytarılması üçün külli miqdarda pulun tələb olunduğunu gizlətməyə xidmət edir. Bu qədər maddi sübutların ortada olmasına baxmayaraq, hələ bu günə qədər heç kim məhkəmə məsuliyyətinə cəlb olunmamışdır.

Başda baş prokuror Zakir Qaralov olmaqla, Azərbaycanın hüquq-mühafizə orqanları MTN zabiti Mahir Abdullayevi axtarıb tapmaq deyil, əksinə, Mahir Abdullayevi axtaranlara qarşı mübarizə aparırlar, onları təzyiq altında saxlayırlar, təhdid edirlər və qondarma cinayətlərlə həbs edirlər. Zərərçəkmiş tərəfindən sosial şəbəkələrə təqdim edilən bu qədər maddi sübutlara baxmayaraq, hüquq mühafizə orqanları kim Mahiri fəal axtarırsa, onun üstünə gedir, utanmadan-qızarmadan onu ittiham edərək deyir ki, Mahir Abdullayevi sən oğurlamısan.

Buna subut kimi, qardaşım oğlu, Qarabağ şəhid atası Mübariz Abdullayevin 10 (on) il müddətinə cinayət məsuliyyətinə cəlb olunmasını göstərə bilərəm. O, ən cox Mahiri axtaranlardan olubdur. Bu gün ona deyirlər ki, Mahiri sən oğurlamısan. Ondan heç bir günahı olmadan işgəncələr altında saxta ifadələr alınıb və həbs edilib...

Yaxud, bacım oglu, Qarabağ müharibəsi iştirakçısı, hüquqşünas Azad Mürsəliyev Mahir Abdullayevin Müdafiə Komitəsini yaradan kimi sifarişli, dizinə qədər cinayətin içində batmış şəxslərin əli ilə, özlərinə yaxın qəzetlərin əli ilə onun üstünə gələrək ittiham edirdilər ki, Mahiri sən oğurlamısan... Azad Mursəliyev 22 yanvar 2014-cü il tarixdən aclıq aksiyasına başlamışdır. Bu addımı onun hansı səbəbdən atdığını hamımız gözəl bilirik...

Digər qohum-əqrəbamdan da kimsə Mahirin axtarılmasında bulunan kimi, ona qarşı müxtəlif təzyiq vasitələrindən istifadə edilmişdir. Azərbaycan Konstitusiyasına zidd olaraq, qohum-əqrəbanı 37-ci ildə olduğu kimi bir-birinə qarşı qoyurlar. Prokurorluq bizi təzyiq altında saxlayıb ki, susaq. Lakin bütün qanunsuz təzyiqlərə baxmayaraq, mən Bakıda ola-ola Avropa Məhkəməsinə 09 aprel 2010 il tarixində şikayət edib qeydiyyatdan keçdim.

“Gülər Əhmədova şərt qoymuşdu ki, deputat keçdikdən sonra 2-3 günə qardaşınızı qaytaracaqlar”

İkincisi, istintaq- məhkəmə prosesi məndən ABU-nun təsisçiliyindən imtina edib,  onu PA rəhbərinin qohumu, MTN polkovniki Fikrət Əliyevin adına keçirib Ramiz Mehdiyevin nəzarətinə vermək tələbini gizlətməyə xidmət edir. 600 ildir kriminoloji – hüquq elmi sübut edir ki, adam oğurluğu cinayətində zərərçəkmişdən pul və əmlak istəyən şəxs oğurluq cinayətinin başında duran subyektdir. Bir qardaşım Mahir Abdullayevi oğurladıb, diğər qardaşım elmlər namizədi Eldəniz Abdullayev “Qurd qapısı” restoranında zəhərlətdikdən sonra, hər ay ABU-da aparılan qanunsuz yoxlamalarla məndən pul və ABU-nun tələb edilməsi bu günə qədər gizlədilir.

Üçüncüsü, Gülər Əhmədovanın istintaqı-məhkəmə şousu deputat seckilərilə bağlı cinayət əməllərini gizlətməyə yönəlmişdir. Gülər Əhmədova şərt qoymuşdur ki, deputat keçdikdən sonra 2-3 günə qardaşınızı qaytaracaqlar. Əksinə, onlar mənə hər cür mane olurdular ki, mən deputat keçməyim...

“Poqonlu mütəşəkkil dəstənin ifşa olunmasını tələb edirəm”

3. Gülər Əhmədovanın cinayət əməllərinə prokurorluq-məhkəmə orqanları tərəfindən bu günə qədər düzgün huquqi qiymət verilməmişdir. Bir hüquq professoru kimi hesab edirəm ki, Gülər Əhmədovanın qanuna zidd əməllərində hədə-qorxu gəlməklə rüşvət alma kimi cinayət tərkibi vardır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311 və 312-ci maddəsinin qeyd bəndi). Bu zaman, Gülər Əhmədovanın əməllərində AR Cinayət Məcəlləsinin 31-35-ci maddələri qaydaları əsasında cinayətdə iştirakçılıgı mövcuddur. Cinayətin başçısı, rəhbəri, təşkilatçısı və diğər iştirakçılarının da məhkəmə məsuliyyəti müyyən edilməlidir. Ancaq prokurorluq-hakimlər tərəfindən bu günə qədər ört-basdır edilir. Onun cinayət əməllərində Cinayət Məcəlləsinin 144-cü maddəsinin tərkibi- adam oğurluğu vardır. O, bü günə qədər vəzifəsindən sui-istifadə edərək bilə-bilə Mahir Abdullayevin oğurluq cinayətini gizlədibdir.

Nəzərə alınsa ki o, deputatdır, MTN-də Adam Oğurluğu Kommissiyasının üzvüdür, Karete Federasiyasının Prezidentidir, Bakı Dövlət Universitetində müəllimdir və s. Bütün bunlar onun Cinayət Məcəlləsinin 110-cu maddəsinin tərkibi- insanları zorakılıqla yoxa cıxarma kimi cinayətlərdə iştirakçılığı öz əksini tapması hüquqi zərurətdir. Bəyənmədiyimiz 37-ci ildə Stalin formal da olsa repressiya qurbanlarını məhkəmədən keçirib, hökm cıxarırdı. Bu gün Azərbaycanda Mahir Abdullayevin oğurluq təcrübəsində insanları izsiz-tozsuz yox edirlər, zərərçəkmişi özlərini müdafiə etmək hüququndan məhrun edirlər, Gülər Əhmədovanın məhkəmə şousu bunu bir daha təsdiq edir”.

Sonda sabiq rektor qeyd edir ki, G.Əhmədovanın əməllərinə dələduzluq kimi yox, “İnsanları zorakılıqla yoxa çıxarma” cinayəti kimi hüquqi qiymət verilməlidir: “Gülər Əhmədovaın qanuna zidd əməllərinə görə Cinayət Məcəlləsinin 110-cu maddəsi -  insanları zorakılıqla yoxa çıxarmaya görə ağır cinayət məsuliyyəti müəyyən etmişdir, beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 110-cu maddəsinə görə, insanları zorakılıqla yoxa çıxarma dedikdə “Dövlətin və ya siyasi təşkilatın göstərişi, dəstəyi və ya razılığı ilə uzun müddət ərzində qanuni müdafiədən kənarlaşdırmaq məqsədilə şəxsi tutma, həbs etmə və ya oğurlama və sonradan şəxsin azadlıqdan məhrum edilməsini danma və ya onun aqibəti və ya yeri barədə məlumat verməkdən imtina etmə’’ başa düşülür. Cinayət Məcəlləsinin 295-ci maddəsinə görə hakimlərin bilə-bilə ədalətsiz hökm çıxarması məhkəmə orqanlarının vəzifəli şəxsləri tərəfindən törədilən ədalət mühakiməsi əleyhinə cinayətlərdən ən təhlükəlisidir. Ümid edirəm ki, haqq-ədalət gec-tez öz yerini tutacaq, əsas günahkarlar məhkəmə məsuliyyətinə cəlb olunacaqlar. Baş Prokuror Zakir Qaralovdan və Ali Məhkəmənin sədri Ramiz Rzayevdən Mahir Abdullayevi oğurlayan təqsirli şəxslərin və onların qanunsuz əmrlərini icra edən poqonlu mütəşəkkil dəstənin ifşa olunmasını və müqəddəs Azərbaycan qanunları ilə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirəm !!!”.

Hörmətlə: Hüquq professoru Elşad Abdullayev

Fransa, Paris, 24 yanvar 2014 il”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar