RUSİYA ORDUSU NECƏ BİR MÜHARİBƏYƏ HAZIRLAŞIR? – Moskva, alternativ hərbi vasitələr axtarışında

Son illər Rusiya ordusunun imkanları və real potensialı ilə bağlı məsələlərə çox diqqət ayrılır. Ona görə də, gələcək 10-20 il ərzində müharibələrin xarakterinin dəyişəcəyi şəraitində Rusiya silahlı qüvvələrinin buna qarşı necə reaksiya göstərəcəyini ciddi şəkildə analiz etmək lazımdır. (“The National İnterest”)

Mövcud avtomatlaşdırma, silahların uzaqdan idarə edilməsi və hərbi texnikanın süni intellektlə təchiz olunması fonunda Rusiya silahlı qüvvələri xeyli dərəcədə əlverişsiz vəziyyətə düşür. Çünki Rusiyada Qərbin avtomatlaşdırılmış sistemləri ilə müqayisə edilə biləcək müasir texnika yoxdur və həm də onlar bu cür sistemləri sərbəst şəkildə hazırlamaq imkanlarına da malik deyillər. Rusiya avtomatik idaretmə, pilotsuz uçuş aparatları və müxtəlif mürəkkəb elektron qurğular baxımından Qərb ölkələrindən xeyli geridə qalıb.

Rusiya hakimiyyəti indiki geriliyin miqyasını yaxşı anladığı üçün, bu yaxınlara qədər həmin problemin öhdəsindən Qərb ölkələrinin müdfiə sənayesi ilə əməkdaşlıq etmək yolu ilə gəlməyə çalışırdı. Lakin Krımın ilhaqı ilə əlaqədar olaraq, NATO üzvü olan ölkələr Rusiya ilə əməkdaşlıqlarını dondurublar. Ona görə də, Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar, Rusiya Hərbi Sənaye Kompeksinə məxsus olan müəssisələri çox məqsədli müasir hərbi texnologiya istehsal etməkdən məhrum qoyub. Digər yandan isə, neftin qiymətinin aşağı düşməsi nəticəsində yaranan büdcə böhranı ilə bağlı meydana gələn maliyyə məhdudiyyəti də müasir texnoloji cihazların hazırlanması prosesini xeyli çətinləşdirəcək.

Nəticədə Rusiya Qərbin hərbi avtomatlaşdırma texnologiyasına qarşı dayana biləcək alternativ vasitələr axtarmağa məcbur olacaq.

Rusiyanın öz hərbi sferasının güclü tərəfini istifadə etməsinin iki həll yolu var. Həmin variantlar - düşmənin rabitə kanallarında pozuntular yaratmaq və həmçinin də radio elektron silahların köməyi ilə pilotsuz uçuş aparatlarının sıradan çıxarılmasıdır. Bu sferalar üzrə Rusiya ordusunun (ondan əvvəl Sovet ordusunun) zəngin təcrübəsi var. Bu yaxınlarda mətbuatda geniş işıqlandırılan radioelektron sistemlərinə qarşı olan “Rıçaq-AB” qurğusu, düşmənin ən müasir radiolakasiya stansiyasını bir neçə yüz kilometr məsafəyədək təsbit edib sıradan çıxarmaq xüsusiyyətinə malikdir.

Rusiya ordusu, həmçinin Qərbin hərbi-texniki üstünlüyünə qarşı birbaşa hərbi fəaliyyətə girmədən, qeyri-requlyar müharibə aparmaq və kibernetik hücumlardan istifadə etməyə də cəhd göstərir. Yəni, ruslar özgə qüvvələrin əli ilə Qərbə qarşı mübarizəyə üstünlük verməyi qarşıya məqsəd qoyub. Rusiya Qərblə birbaşa üzləşmədən hərbi kəşfiyyat stukturu olan Baş Kəşfiyyat İdarəsi (ГРУ) və xüsusi təyinatlı hərbi birləşmələri işə sala bilər. Onlar, həmçinin qonşu ölkələrdə (Baltik ölkələrində) rus əhalisindən isitifadə etmək vasitəsilə hibrid müharibələrlə təxribata baş vurmaq variantına da əl atarlar .

Rusiya dövlət stukturları tərəfindən təşkil ediləcək kiber müharibələr, böyük ehtimalla, xüsusi əməliyyat üzərində cəmləşdiriləcək. Beləki, çinli hakerlər ABŞ hökumətinin kadrlar idarəsinin kompüter şəbəkəsinə hücum edərək, orada çalışanların şəxsi işlərini ələ keçiriblər. Bu onu göstərir ki, öz növbəsində ruslar da gələcəkdə düşmənin təhlükəsizlik sistemlərini məhv etmək üçün haker hücumlarından məharətlə yararlana bilərlər.

Ənənəvi hərbi vasitələrə gəlincə isə, Rusiya üçün strateji cəhətdən daha çox yüksək dəqiqlikli mərmilər və raketlər xüsusi əhəmiyyət daşıyır. Bütün bu sistemlərdən istifadə olunmaqla, Rusiya ərazilərinin qorunması, müdafiə sistemləri və sərhəd zonalarında yerləşdirilmiş qurğuların köməyi ilə həyata keçiriləcək. Bu cür eşalonlaşdırılmış müdafiə sistemləri hal-hazırda Krımda quraşdırılır və gələcəkdə Kuril adalarından Kalininqrada qədər uzanan bütün sərhəd ərazilərdə yerləşdiriləcək. Rusiyanın idarə olunan zenit raketləri ilə birlikdə quraşdırılan alçaq tezlikli radarları, amerikanların radarlara yaxalanmayan “stels” texnologiyasına qarşı işlənib hazırlanmış müasir mexanizmdir. Böyük ehtimalla, bu qurğular sayəsində amerikanların hücum təyyarələrinin önü Rusiyanın Hava Hücumundan Müdafiə sistemləri vasitəsilə dayandırılmağa çalışılacaq. Lakin həmin sistemlərin əsas çatışmamazlığı, yenə də texnologiya ilə bağlıdır. Rusiyanın kosmik proqramları çərçıvəsində peyklərin buraxılması prosesində yaşadığı problemlər, onun ordusunun düşmən cəbhəsindən gələ biləcək mümkün hücumları kosmosdan veriləcək məlumatlar əsasında izləməsində müəyyən çətinliklər yaradacaq. Belə olan təqdirdə isə Rusiyanın təhlükəsizlik baxımdan mühüm əraziləri, yalnız yerdəki radiolokasiya sistemləri vasitəsilə qorunacaq.

Sözsüz ki, yüksək dəqiqlikli idarə olunan mərmi və raketlər, hücum məqsədi ilə də istifadə edilir. Məsələn, bu məqsədlə hədəfi maksimum 500 kilometrədək vurmaq qabliyyətinə mallik olan “İskander” kompleksi vasitəsilə, qonşu ölkələrə qarşı raket hücumları həyata keçirilə bilər. Hazırda Rusiya ordusunun bir çox gəmi və sualtı qayıqları yerdəki hədəfləri məhv etmək üçün güclü qanadlı raketlərlə təchiz olunub.

Belə tip raketlər, nəinki Rusiyanın yaxın qonşularını qoxutmaq, hətta uzaq məsafədəki ölkələr üçün də təlaş yarada biləcək xüsusiyyətə malikdir. Həm də ki, gəmilərdə və sualtı qayıqlarda quraşdırılmış bu raketlər təhlükəsiz və eyni zamanda da yaxşı qorunan Qara dəniz, Baltik dənizi və Oxot dənizi ərazilərindən buraxıla bilər. Həmin raketlərin nisbətən kiçik gəmilərdə, məsələn, freqat və patrul korvetlərində yerləşdirilməsi və onların gövdəsindən buraxılması, Rusiya Hərbi Dəniz Qüvvəllərinin öz donanmasını lazımı sayda döyüş gəmiləri iə təchiz etməsinə də böyük ehtiyac yaratmır.

Düzdür, Rusiyanın hərbi-texniki cəhətdən adi silahlar və ya qeyri -nüvə silahları üzrə ABŞ-ı üstələməsi az ehtimal olunduğuna görə, Moskva əsas etibarı ilə özünün nüvə potensialına söykənəcək. Çünki Rusiya hərbi strateqləri nüvə silahına ölkənin adi silahlardakı çatışmamazlığının kompensasiyası kimi baxırlar. Elə məhz bu səbəbdən də Rusiyanın nüvə doktrinası müəyyən dərəcədə NATO-nun soyuq müharibə dövründəki doktrinasına oxşayır. Rusiya liderləri onlara qarşı adi silahlarla yönələcək zərbəni, ölkənin suverenliyinə və ərazi bütövlüyünə təhlükə hesab edərək, taktiki nüvə silahı vasitəsilə cavab verəcəklərini açıq şəkildə bəyan edirlər.

Kreml rəhbərliyi tam mənası ilə ölkənin hərbi potensialının Amerika ilə müqayisəyə gəlmədiyini yaxşı anlayır və bununla yanaşı, yaxın iyirmi ildə Çindən də geri qalacaqlarını da görürlər. Ancaq Rusiya liderləri hərbi cəhətdən ümumi texnoloji geriliyin və zəif potensialın üstünü bütün var gücləri ilə öz ordularının nisbətən güclü tərəflərinin koməyi ilə qapamağa çalışırlar.

Öz növbəsində Qərbin hərbi strateqləri bütün diqqətlərini Rusiyanın kiber müharibə sferasındakı imkanlarının neytrallaşdırılmasına və həmçinin də siyasi məqsədlər naminə onların qonşu ölkələrə qarşı qanadlı raketlər və taktiki nüvə silahlarından istifadəsinin əngəllənməsi istiqamətinə yönəltməlidirlər.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar