Türkə, türkdən başqa dost qalmayıb...

Eldar SABİROĞLU

Türkiyə son 50 ildə yaşamadığı bir vəziyyətlə üzləşib. Çökdürmək istəyirlər Türkiyəni. Mağarada pusqu quran Murad Karailan, açıqdan-açığa Türkiyəni təhdid edərək belə deyir: "Bizimlə zarafat etməsinlər. Ərdoğanın qumar oynaması yetər."

Bununla belə, İmralıdan gələn şərtlər günbəgün dəyişir. Yeni və qəbul edilməsi mümkün olmayan iddialar irəli sürülür.

Bu sözlərdən nəticə çıxarmaq lazımdır. Əks təqdirdə Türkiyənin iç problemləri daha böyük izlər buraxa bilər. Hazırda silahlar, partlayışlar susmaq bilmir. Terror, qardaş ölkənin bütün coğrafiyasını əhatə etmək üzrədir. Adamın içi yanır. Doğudan uzaqlarda belə hər gün, hər saat qan tökülür. Ordu və Türk polisilə yanaşı mülki vətəndaşlar da xain pusquların qurbanına çevrilir. Türkiyə hökuməti yetkililərinin verdiyi açıqlamalar, ardı-arası kəsilməyən bəyanatlar səsləndikcə, terror da geniş vüsət alır. Bu o deməkdir ki, geri çəkilmək yoxdur.

Baş verən prosesləri analiz edərkən, açıq-aydın görünür ki, terrorun gücü təkcə PKK-ya bağlı deyil. Bu, PKK-ya dəstək verən məlum mərkəzlərin, Qərbin bəzi dairələri tərəfindən idarə olunan və istiqamətləndirilən siyasi institutların birgə hazırladığı təhlükəli plana daha çox oxşayır. Sosial şəbəkələrdə bu yaxınlarda rast gəldiyim bir informasiya məni dəhşətə gətirdi. Almaniyanın PKK-ya silah verməsi barədə məlumatlar sosial şəbəkələrdə bir-neçə gün qızğın müzakirə olundu. Doğrudanmı, Almaniya belə bir addım atıb? Bunun sübuta ehtiyacı vardır. Türkiyə hökuməti hansı səbəblərə görəsə bu məlumatın üzərindən sükutla keçir. Yeni "Barbaros" hücum planını Türkiyənin üzərində sınaqdan keçirməyə can atan qüvvələr nəinki Türkiyə, bütövlükdə dünya müsəlmanları üçün ciddi təhlükə mənbəyinə çevrilib. Almaniyada bizim soydaşlarımızın qaldığı mehmanxananın yandırılaraq külə döndərilməsi də nələrisə deyir...

İlk Avropa oyunlarının Azərbaycanda keçirildiyi günlərə diqqət yetirin. Bəzi Qərb ölkələrinin, xüsusilə, Almaniyanın həzm edə bilmədiyi hadisələrdən biri də bu idi. Azərbaycan hədəfə çevrilmişdi. Nədir ki, bir müsəlman ölkəsi dünya mədəniyyətinə qovuşurdu. Deyirdilər, olmaz. Açıq və özü də həyasızcasına. Niyə, nə üçün?!

Eynu münasibəti Dağlıq Qarabağla bağlı ikili standartlarda da görürük. Minsk qrupunun problemi həll etmək isiqamətində astagəllik nümayiş etdirməsi və beləliklə, işğalçı Ermənistana bəslədiyi münasibət də eynilə Türkiyəyə qarşı sərgilənir.

Bütün bunlar bir təsadüfdürmü? Fikrimcə, yox. Beşinci səlib yürüşü müsəlman dünyasının başı üzərində qara kabus kimi hərlənir. Müsəlman qardaşlarımız da sanki yatıb, illərdir başlarına bombalar yağdırılsa da, özlərinə yığılmır, birliyi təmin edə bilmirlər. Çünki ABŞ-ın və Qərbin əlində müsəlmanın özündən istifadə edib müsəlmana qarşı problemlər yaratmaq ən gözəl vasitədir. Bunu Səudiyyə Ərəbistanının timsalında aydınca görə bilərik. Bax, əsl bəlamız da burasındadır.

Misirin Nobel mükafatı alan ilk müsəlman yazıçısı Nahib Məhfuza möcüzəyə inanması barədə sual verilir. O bu sualı belə cavablandırır: "Bəli, mən möcüzəyə inanıram və iki müsəlmanın sözünün bir-birini tutmasını dünyanın ən böyük möcüzəsi hesab edirəm."

Bax elə buna görə də, fikrimcə, faciələrimizin kökünü uzaqda axtarmamalıyıq. Yəni, nə qədər ki, biri digərimizə bu cür biganəlik sərgiləyəcəyik, şalvarımızın yırtığı da necə vardı, eləcə də qalacaq.

Türkiyənin dərdləri indi o qədərdir ki, saymaqla qurtarmaz. Qərbin və ABŞ-ın əsas məqsədi və yürütdüyü siyasət bu idi ki, güclü Türkiyəni içindən sarsıtsın. Qardaş ölkədə isə bundan dərs götürmək, ətrafda baş verən hadisələri düzgün təhlil edib birliyə nail olamaq əvəzinə, içəridə kürsü, rəyasət xatirinə bir-birini didib parçalamağa hazırdırlar. Osmanlı imperatorluğunu çökdürən də məhz rəyasət uğrunda aparılan şiddətli çəkişmələr olmadımı!?

İndikilər də bu yolla gedir. Allah eləməsin ki, ixtilaflar uzun çəksin, yoxsa Türkiyə üçün yarana biləcək daha çətin problemləri aradan qaldırmağa sadəcə güc yetməz. Hər gün demək olar ki, Türkiyənin al bayrağına bürünən cənazələr ana və bacıların fəryadını ərşə çəkir. Türkiyə siyasətçilərisə bir-birinə söyüş və təhqirlər yağdırmaqla məşğuldurlar. Artıq siyasi münasibətlər o dərəcədə korlanıb ki, millətə ədəb dərsi keçən iqtidar-müxalifət ailə söhbətlərini gündəmə gətirir. Çox utancverici haldır. Hiss olunur ki, əsəblər gərilib.

Əslində isə, dövlət yetkililərinin borcu budur ki, ağır anlarda belə özlərini cilovlaya bilsinlər. O üzdən Cümhur başqanı Ərdoğanın nümunə göstərməsinə millət daha çox ehtiyac duyur. Ancaq bunun əksini izlədikcə, insan daxilən üzülür. Onun Dövlət Baxçalıya atdığı atmaca, gəlin razılaşaq ki, heç yerində deyildi. Və həmin təhqir Türkiyə mətbuatının manşetlərində yaydan çıxan ox kimi geriyə dönərək "Qaçaq saraya" doğru yön alır. Çünki bu dərəcədə təhqir olmazdı...

Türkiyənin NATO üzvü olduğunu izah etməyə lüzum yoxdu. Bu hərbi-siyasi durumda onun yeri və əhəmiyyətini də heç kim dana bilməz. Lakin göstərilən münasibət, Türkiyənin təklənməsi üçün atılan addımlar heç də qərbin xoş niyyətli olduğunu nümayiş etdirmir. Harda qalıb Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti, BMT, lap elə NATO üzvü olan ölkələr?! Həqiqətən, harda qalıb beynəlxalq təşkilatlar, BMT-nin özü hara baxır! Bir nəfərin burnu qanayarkən hay-küyləri bütün aləmi bürüyür: Qoymayın demokratiya boğuldu, insan hüquqları tapdalandı və s. və i.

Lakin Türkiyəyə qarşı aparılan bu geniş miqyaslı terroru ifşa edəcək, lənətləyəcək konkret bir ciddi dəstəyi görə bilmirik. Bu artıq ikili standart da deyil. İnsanlığa, beynəlxalq hüquqa, ədalətə həqarətdir. Düşünürəm ki, Türkiyənin başına gətirilən bu bəlalar Qərbin hansısa ölkəsində baş vermiş olsaydı, nələr baş verərdi. Nədən uzaqlara gedirik. Bir neçə ay bundan əvvəl Fransada baş verən terroru lənətləyən beynəlxalq birliyin, dövlət və hökumət rəhbərlərinin həmrəyliyinin şahidi olduq. Əleyhinə deyilik, terrorun harada baş qaldırmasından asılı olmayaraq ona qarşı mübarizə də yekdil olmalıdır. Ancaq gəlin görək Türkiyənin timsalında bunu görə bilirikmi?! Əbəttə, yox.

Ümidləri yenə üzmək olmaz. Gərginliyin Türkiyəni tam siyasi böhrana sürükləməsi haqda fikir yürütməyə də tələsməyək. Böyük daxili bir inam var ki, Atatürk ideyalarına sadiq olan Türk xalqı yenindən sonunda terrora son qoya biləcək. Separatizm nə qədər şiddətli xarakter alsa da, Türkiyənin bütövlüyünü sarsıdacaq imkana sahib olmayacaq. Dövlətin və millətin çıxarlarını mühafizə edən bəşəri dəyərlərlə yanaşı, Türkiyə Silahlı Qüvvələrinin gücünü, ana torpaq uğrunda savaş yapmaq əzmini və qüdrətini heç bir vaxt unutmaq olmaz. Mehmetçik üçün Vətənin taleyi öndə durur. Türk əsgəri savaş meydanından qaçmağa adət etməyib. Onun üçün ölüm daha şərəflidir, nəinki torpağı yadlara təslim etmək. Tarix dəfələrlə bunun şahidi olub.

Yeri gəlmişkən, Çukurcadakı partlayış nəticəsində günahsız ölənlərin də taleyinə biganə yanaşmaq olmaz. Onlar da Türk vətəndaşlarıdır. Və bu terrorda kürd xalqını günahlandırmaq düzgün deyil. İstər türk olsun, istər kürd, hər ikisi bu qanlı savaşdan artıq cana doyub. Ancaq bu da bir faktdır ki, neçə müddətdir Çukurcada bu qanlı olay baş verib, dövlət ora girə bilmir. Qanlı hadisə ilə tanış olmaq üçün Çukurcada dövlətə və hökumət yetkililərinə imkan verilmir. Çukurcanın bütün yolları kəsilb. Bu nə deməkdir. Yoxsa Türkiyə bölünür. Səlahəddin Dəmirtaşın arzuları bəlkə öz yerini tapır?..

Mən bu partiya liderinin hər gün, hər saat bəyanatlar yaymasının səmimiliyinə inanmıram. Çünki onun rəhbərlik etdiyi ideoloji mərkəzin arxadan hansı təlimatlar verdiyi qaranlıqdır. Kandildəki silahlar aşağı enməyincə, PKK silahlıları tətiyi buraxmayınca, Türkiyə əsgəri torpağın keşiyində ayıq-sayıq dayanmalıdır. Savaşı heç kim istəmir, ancaq terrorun qarşısı alınmalıdır, ya yox...

Sözümü ötən əsrin əvvəllərində savaş meydanlarında Atatürkün səsləndirdiyi məşhur bir kəlamla bitirmək istəyirəm: "Türkün türkdən başqa dostu yoxdur!"

Sonradan bu ifadədən Türkiyə əl şəkdi. Düzü bu idi. Çünki dünya milliyətçiliyi artıq qəbul etmir. Ancaq indi həmin ifadə öz yerini almaqdadır. Baş verən hadisələr göstərir ki, doğrudan da, türkə türkdən başqa dost qalmayıb...

(Moderator.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar