CƏBHƏDƏ ŞİDDƏTLİ ATIŞMA - 5 erməni hərbçisi öldürüldü, 8-i yaralandı +VİDEO

Cəbhə xəttində düşmənin 5 nəfər hərbi qulluqçusu məhv edilib və 8 nəfəri yaralanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verib.

Məlumata görə, avqustun 22-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs haqqında razılaşmanı növbəti dəfə xaincəsinə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin Ağdam və Xocavənd rayonları istiqamətində yerləşən mövqelərini qəflətən iriçaplı atıcı silahlardan, 60 və 82 millimetrlik minaatanlardan atəşə tutublar.

Cəbhənin bu istiqamətində yaranmış əməliyyat şəraiti qiymətləndirilərək komandanlıq tərəfindən düşmənin müdafiəsinin ön xəttində və dərinliyində əvvəlcədən müəyyən edilmiş kvadratlara, o cümlədən mövqelərə, postlara, səngərlərə, bölük dayaq məntəqələrinə, kommunikasiya xətlərinə minaatanlar və toplardan yaylım atəşi ilə cavab zərbələri endirmək barədə qərar qəbul edilib.

Erməni tərəfi növbəti dəfə itkilərini xalqından gizlətməyə cəhd etməsinə baxmayaraq əldə olunan məlumata əsasən düşmənin 5 nəfər hərbi qulluqçusu məhv edilib və 8 nəfəri yaralanıb.

Qısamüddətli şiddətli atəşdən sonra düşmən tərəfinə meyitlərini çıxarması və ağır yaralılarına yardım göstərməsi məqsədilə komandanlıq atəşin müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

Düşmənin atəşi nəticəsində biz tərəfdən 3 hərbi qulluqçu yüngül qəlpə yarası alıb. Təxirəsalınmaz ilkin tibbi yardımdan sonra hərbi qulluqçulara daha yüksək ixtissaslı yardım göstərilməsi məqsədilə onlar hərbi tibb müəssisəsinə çatdırılıb. Həkimlərin sözlərinə görə yüngül qəlpə yarası almış hərbi qulluqçuların vəziyyəti qənaətbəxşdir, onların həyatı üçün heç bir təhlükə yoxdur. Göstərilən tibbi yardımdan sonra hərbi qulluqçular hərbi hissəyə qaytarılıblar.

Şəxsi heyətin mənəvi-psixoloji reabilitasiyası üzrə təşkil olunan və həyata keçirilən iş nəticəsində hərbi qulluqçuların döyüş əzmi və qələbə ruhu yüksək səviyyədədir.

Müdafiə Nazirliyi bəyan edir ki, qoşunların təmas xəttində vəziyyətin növbəti dəfə gərginləşməsinə və işğalçıların sıralarında baş verəcək insan itkilərinə görə məsuliyyət bütövlükdə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Müdafiə Nazirliyi əvvəlcədən xəbərdar edir ki, Ermənistanın hərbi rəhbərliyindəki əliqanlı yaramazları cilovlamaq məqsədilə düşmənin mövqelərinə endiriləcək zərbələr daha sarsıdıcı, təsirli və amansız olacaqdır.

----

“Ermənistan Kütləvi İnformasiya vasitələrində Azərbaycan tərəfinin cəbhədə itkilər verməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”.Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı deyib. O bildirib ki, Azərbaycan ordusu heç bir itki verməyib və erməni tərəfinin yaydığı məlumatlar dezinformasiyadır.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına əsasən avqustun 22-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs haqqında razılaşmanı növbəti dəfə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin Ağdam və Xocavənd rayonları istiqamətində yerləşən mövqelərini iriçaplı atıcı silahlardan, 60 və 82 millimetrlik minaatanlardan atəşə tutublar. Cəbhənin bu istiqamətində yaranmış əməliyyat şəraiti qiymətləndirilərək Azərbaycan ordu komandanlığı tərəfindən düşmənin müdafiəsinin ön xəttində və dərinliyində əvvəlcədən müəyyən edilmiş kvadratlara, o cümlədən mövqelərə, postlara, səngərlərə, bölük dayaq məntəqələrinə, kommunikasiya xətlərinə minaatanlar və toplardan yaylım atəşi ilə cavab zərbələri endirmək barədə qərar qəbul edilib. Erməni tərəfinin növbəti dəfə itkilərini xalqından gizlətməyə cəhd etməsinə baxmayaraq, əldə olunan məlumata əsasən düşmənin 5 nəfər hərbi qulluqçusu məhv edilib və 8 nəfəri yaralanıb. Qısamüddətli şiddətli atəşdən sonra düşmən tərəfin meyitlərini çıxarması və ağır yaralılarına yardım göstərməsi məqsədilə komandanlıq atəşin müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

Ermənistan mətbuatı isə cəbhədə 4 Azərbaycan hərbçisinin ölməsi, 15-dən çox hərbçinin yaralanması barədə xəbər yayıb.

Müharibə olacaqmı?

 

Cəbhədə baş verənlər müharibənin yenidən başlaması ilə nəticələn bilərmi?

Politoloq Zərdüşt Əlizadə əmindir ki, müharibə başlamayacaq, münaqişə ilə bağlı ipləri əlində saxlayan Rusiyaya indiki məqamda qüvvələr nisbətinin dəyişməsi lazım deyil. «Ona görə də müharibənin başlanmasına imkan verilməyəcək», - söyləyir politoloq.

Zərdüşt Əlizadə baş verənləri Azadlıq radiosuna belə izah edib: «Sadəcə, camaat arasında təşviş yaratmaq istəyirlər. Fərsiz idarəetmə göz önündədir. Bir yanda manatın devalvasiyası, bir yanda özbaşınalıq. Hakimiyyət bu şəkildə diqqəti yayındırmağa çalışır. 27 ildir hakimiyyət Qarabağ kartından uğurla yararlanır».

Başqa bir politoloq Ərəstun Oruclu isə bu qənaəti bölüşmür. Onun fikrincə, cəmiyyət atəşkəsin pozulması və ya əsgər ölümü haqda xəbərlərə adekvat reaksiya vermir, çox biganə yanaşır. Buna görə də bu cür xəbərlərin cəmiyyətin diqqətini hansısa problemdən yayındıracağına inanmır.

Politoloq istisna etmir ki, son zamanlar cəbhə xəttində baş verənlər hansısa hərbi əməliyyatlar öncəsi yaşanan intensivlikdi. «Bu günlərdə həddən artıq çox məlumatlar dolaşır. Bu məlumatlarda Azərbaycanın Rusiya ilə anlaşdığı, Azərbaycanın işğal altındakı torpaqlarının bir hissəsini geri qaytaracağı, Moskvanın buna göz yumacağı söylənir. Bu realdırmı, demək çətindir. Amma söhbət gedir. Bundan başqa, bu günlərdə Rusiyanın Azərbaycanda yeni radiolokasiya stansiyası inşa edəcəyi haqda anlaşmadan da danışılır. Təbii ki, belə anlaşma varsa, bunun bir qarşılığı da olmalıdır. Həmin qarşılıq da Bakı üçün torpaqların qaytarılması ola bilər. Bu da istisna deyil», - deyir Ərəstun Oruclu.

VAQİF

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar