BÖYÜK İMPERİALİST DÖVLƏTLƏRSİZ QƏRBİ XAOS GÖZLƏYİR! – İkiqütblü dünya zərurəti

Hal-hazırda ruslar tərəfindən Ukraynada yayılan zorakılığa şahidlik edirik. Digər yanda isə İŞİD özünün qanlı işğal yürüşünü davam etdirir. Afrikadan Asiyaya qədər amansız münaqişələr və böhranların aktivləşməsindən belə bir nəticəyə gəlmək olar ki, dünyadakı nizam-intizam təminatı aradan silinir. Beynəlxalq hüquq normaları və ya legitim qəbul edilmiş qlobal hegemon gücün qayda-qanunu tənzimləməsinə kölgə düşüb.

Dünyadakı qayda-qanunun və nizamın bərpası strategiyasını inkişaf etdirmək üçün bu günkü proseslərin hərəkətverici gücünü kompleks şəkildə analiz etmək lazımdır. (Die Welt)

Bu məsələdə ən yaxşı başlanğıc nöqtəsi böyük imperiyaların talelərinə diqqətlə nəzər yetirməkdən ibarət ola bilər. Həmin tarix 1923–cü ildə dağılan Osmanlı imperiyasından başlayır. Osmanlı imperiyası XVI-XVII əsrlərdəki öz inkişafının zirvə nöqtəsində Cənubi Avropada, Qərbi Asiyada və Afrikanın Şimalında çox böyük torpaqlar zəbt etmişdi. Osmanlı imperiyasının çöküşündən 70 il sonra Sovet İttifaqı süquta uğradı ki, bunun da ardından indi Çin imperiyasının bərpası prosesi gedir. Çin iqtisadi sferadakı uğurlarını tədricən geosiyasi təsir müstəvisinə transformasiya etdirməyə can atır.

Biz hazırda Raymon Aronun “imperiya respublikası” adlandırdığı ABŞ-ın təsirinin azalması ilə qarşılaşırıq. 1945-ci ildən sonra beynəlxalq sabitliyin müdafiəsi üçün ABŞ-ın başlıca iştirakı ilə çoxsaylı beynəlxalq institutlar yaradıldı. Bunların içərisndə BMT Təhlükəsizlik Şurası, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı xüsusi və mühüm yer tutur. Hazırda həmin təşkilatı sistemlərin dəyişən geosiyasi və iqtisadi reallıqlara uyğunlaşa bilməməsi və həm də ki, mövcud şərtlərə adekvat cavab vermək imkanları tükəndiyi üçün, onların legitimliyi şübhə altına düşüb.

İndiki şərtlər daxilində dünya daha az imperiyalara bölündüyü üçün beynəlxalq arenadakı aktyorların sayı artıb və başlıca trend milli suverenitet tərəfə istiqamətlənib. Afrikanın müstəmləkəçilikdən qurtarmasından sonra yeni dövlətlər yaranmağa başladı. Ümumiyyətlə isə elə ilk baxışdan da, bu dövlətlərin müstəqilliyi süni görünürdü. Əvvəllər belə bir fikir hakim idi ki, Afrika qitəsində vəziyyətin kəskinləşməsi və qeyri-stabilliyin hökm sürməsi bir qədər də dərinləşəcək. Həmin oxşar fenomen indi qlobal arenada müşahidə olunmağa başlayır.

BƏRABƏRSİZLİK İĞTİŞAŞLARA YOL AÇIR

Qloballaşma ilə birlikdə varlılarla kasıblar arasında həm ölkə daxilində, həm də ölkələr arasında uçurum yaranıb. Elə məhz buna görə də, beynəlxalq sistemin legitimliyi üçün vacib olan həmrəylik hissi itib. Əgər ondan yalnız bir qism insan yararlanırsa, onda ümumi rifah haqqında necə danışmaq olar? Belə bir ziddiyyətli kontekstdə hakimiyyət və legitimlik arasında balans təşkil edəcək beynəlxalq qayda-qanun yaratmaq hədsiz çətindir. Bu problemin öhdəsindən gəlməkdən ötrü üç mümkün ssenari üzərində dayanılır.

Birinci ssenariyə görə geosiyasi reallığın daha yaxşı formalaşdırılması üçün beynəlxalq nizam–intizam sistemi yenidən müəyyənləşdirilməlidir.

İkinci Dünya Müharibəsindən sonra ABŞ və SSRİ-nin rəhbərlik etdikləri iki qütblü dünya yaranmışdı. Sovet İttifaqının dağılmasından sonra bir qütblü dünya meydana gəldi və ABŞ yeganə super dövlət rolunda çıxış etməyə başladı. Son on ildir ki, ABŞ öz qlobal rolundan bir qədər geri çəkilib. Lakin hələ ki, heç bir ölkə bu boşluğu doldurmayıb. Ona görə də beynəlxalq sistem qeyri-stabilliyə bürünür.

Qlobal sabitliyin müdafiə olunması və çoxtərəfli əməkdaşlıqda iştirak edilməsi üçün ABŞ-a digər bir ölkə də qoşulmalıdır. Böhran yaşayan Avropa Birliyi bu rolu öz üzərinə götürməyə hazır deyil. Belə bir rolu oynamaq üçün Rusiyanın nəinki lazımı resursları çatışmır, hətta bu ölkənin özü iğtişaşlar törətməklə məşğuldur. Keçid iqtisadiyyatına malik olan Braziliya və Hindistan, həmçinin də inkişaf etmiş sənaye ölkəsi Yaponiya regional gücdürlər. Onların qlobal güc əldə etməkləri isə yalnız uzaq perspektivə aid olan ehtimaldır.

ÇİN QLOBAL SƏVİYYƏDƏ NİZAM YARADA BİLƏCƏK DÖVLƏTƏ ÇEVRİLƏ BİLƏCƏKMİ?

Öz imkanları və ambisiyası hesabına ABŞ ilə birgə dünya çapında aparıcı rol oynaya biləcək dövlət Çin ola bilər. Hər iki ölkənin beynəlxalq sistemi birgə möhkəmləndirmək və bütün dünyaya yayıla biləcək xaosun qarşısını önləmək imkanları var. Lakin bu cür iki qütblü dünya nizamının yaradılması universal müalicə vasitəsi deyil. Ona görə ki, müəyyən düşüşə baxmayaraq, ABŞ hələ ki, Çinə nisbətdə innovasiya və geniş enerji resursları məsələsində mühüm struktur üstünlüyünə malikdir. Elə bu səbəbdən də yeni dünya nizamı birtərfli ola bilər. Amma Çin rəhbərliyi Amerikanın onları qəbul edə biləcək gücdə olmasını təsdiq edəcək addımlar atmalıdır.

İkinci ssenarı isə beynəlxalq sistemi möhkəmləndirəcək fundamental dəyərlərin canlanmasından ibarətdir. 18-ci əsrin sonlarında Jan-Jak Russo əminliklə qeyd edirdi ki, Avropada demokratiyanın çatışmaması müharibənin əsas səbəblərindən biridir. Bu gün isə qanunun aliliyinin çatışmamsı hiss olunur. Əslində məsələ çox da mürəkkəb deyil. Sadə vətəndaşlar daha çox korrupsiyalaşmış hökumət tərəfindən varlıların bir qədər də varlanmasına birbaşa və bilavasitə yollarla necə yardım olunmasını gördüklərindən, daha çox məyyus olurlar. Əhalinin narahatçılığını kəsmək üçün bir çox hökumətlər millətçilik əhvalını revanşıst formada müdafiə edərək, öz vətəndaşlarının mübarizəsini hansısa xarici düşmənə tərəf yönəldir.

BMT TƏHLÜKƏSİZLİK ŞURASI İFLİC OLUB

Üçüncü variant çoxtərəfli beynəlxalq institutların funksiyasının yenidən qiymətləndirilməsindən ibarətdir. BMT Təhlükəsizlik Şurasını iflicdən qurtarmağın ən yaxşı yolu, bu təşkilata məxsus olan bir çox mühüm səlahiyyətlərin, məsələn “Böyük iyirmilik” ölkələrinə verilməsi ola bilər. Bu cür yanaşma ideal olmasa da, ancaq hər halda belə bir vəziyyət bu günün müvafiq geosiyasi dinamikasına uyğun gəlir.

Yuxarıda sadalanan bu üç ssenari beynəlxalq sistemdə islahat aparmaq üçün dünya güclərinin ixtiyarında olan yeganə mümkün vasitədir.

Dünya nizamının bundan sonra da erroziyaya uğramasının və hər tərəfin xaosa bürünməsinin qarşısı alınmalıdır.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar