Aydın Bəşirovun daha bir gizli əməli açıldı

Qaçaqmalçılıq yolu ilə neft daşıyan quruma məxsus «Zəngəzur» gəmisinə kapitanlıq etmiş Rasim Nəzərov rəhbərliyin əmrini yerinə yetirdiyini bildirib

Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Zəngəzur” gəmisi qaçaqmalçılıq yolu ilə xam neft daşınması həyata keçirib.

“Axar.az”ın əldə etdiyi sənədlərdə göstərilir ki, “Zəngəzur” gəmisi 2013-cü il may ayının 3-də kapitan Rasim Nəzərovun rəhbərliyi ilə beynəlxalq konvensiyaların əksinə gedərək, qanunsuz olaraq sahildən 40 mil məsafədə dayanıb. May ayının 7-də isə “Zəngəzur” gəmisinə Qazaxıstanın “Abay” və Rusiyanın “Aleksandr” gəmilərindən yük götürülməsi ilə bağlı 121 nömrəli radioqrama daxil olub. Radioqramaya əsasən, “Zəngəzur” gəmisi may ayının 8-də, saat 10:15-də 4.000 ton xam neft götürmək məqsədilə “Abay” gəmisinə yaxınlaşıb. Həmin gün saat 15:00-da gəmidən yükləmə başlanılıb və may ayının 10-u saat 08:00-da yükləmə başa çatdırılıb. May ayının 10-u saat 12:55-də “Zəngəzur” gəmisi “Abay” gəmisindən aralanıb. “Zəngəzur” 9.500 ton xam neftlə yola çıxır

Bundan 4 gün sonra, may ayının 14-ü saat 20:00-da Rusiyanın “Aleksandr” gəmisi “Zəngəzur” gəmisinə yaxınlaşsa da, yükdaşımaya ertəsi gün saat 14:30-da başlanılıb. May ayının 16-da saat saat 08:30-da “Aleksandr” gəmisindən 5.000 ton xam neftin “Zəngəzur” gəmisinə yüklənməsi başa çatdırılıb.

Rusiyanın “Aleksandr” və Qazaxıstanın “Abay” gəmilərindən ümumilikdə 9.500 ton olan xam neft götürən “Zəngəzur” gəmisi may ayının 20-si yola düşərək bir gün sonra saat 21:30-da Səngəçal terminalına çatıb.

Bütün məlumatlar “Zəngəzur” gəmisinin qeyd kitabında rəsmiləşib və kapitan Rasim Nəzərovun imzası ilə təsdiqlənib.

Beynəlxalq konvensiyalara görə, sahildən 40 mil kənarda yük mübadiləsi qadağan edildiyi halda kapitan niyə bu qanunsuzluğa gedib? Nəzərə alsaq ki, belə qanunsuzluqlar yalnız qaçaqmal daşınmalarında yol verilir, onda gəminin qeyd kitabında əksini tapan bu məqamlar daha çox diqqət çəkir.

Məsələ ilə əlaqədar 2013-cü il may ayında “Zəngəzur” gəmisinə kapitanlıq etmiş Rasim Nəzərov “Axar.az”a faktı təsdiqləyərək, rəhbərliyin əmrini yerinə yetirdiyini dedi: “Bu hadisə baş verib, amma burda mənim heç bir günahım yoxdur. Mən sıravi kapitanam və yükdaşımanı da idarədən mənə verilən əmrə əsasən yerinə yetirmişəm. Işimi sənədli-sübutlu şəkildə görmuşəm”.

Xəzər Gəmiçiliyi QSC-n mətbuat xidmətinin rəisi Vüqar Sadıqov isə hadisədən xəbərsiz olduğunu bildirib və sahildən 40 millik məsafədə yük götürmənin qanuna zidd olduğunu qeyd edib: “Inanmıram ki, gəmi bu məsafədə yük götürsün”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar