DÖVLƏT MÜLKİYYƏTİNİN TALANINDA MƏHKƏMƏ İZİ – Maddi maraqlar və hüququn ələ salınması

3 hektar dövlət torpağının mənimsənilməsinə “yaşıl işıq” yandıran hakim dövlət mənafeyinin müdafiəçisi rolunda

Bakının Suraxanı rayonu ərazisində 3 hektarlıq qiymətli torpaq üstündə qüdrətli dairələr arasında məhkəmə çəkişməsi 2 saylı İnzibat İqtisad Məhkəməsində sabah davam edəcək. Qalmaqallı işlə bağlı qərarın elan olunacağı gözlənilir.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun, “Araz İnşaat LTD” şirkətinin, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinovun, deputat İlham Əliyevin və digərlərinin adı keçən işlə bağlı AzPolitika.info-nun 24 avqust tarixli sayında məlumat verilib.

Qısaca xatırladaq ki, söhbət ümumilikdə 3 hektar ərazinin saxta sənədlər əsasında özününküləşdirilməsi və bir hissəsinin satılmasından sonra qüdrətli tərəflər arasında başlayan məhkəmə çəkişməsindən gedir. İşin təfərrüatı bundan ibarətdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2005 və 2010-cu il tarixli sərəncamları ilə Suraxanı rayonu, Zığ qəsəbəsinin cənub-qərb hissəsində yerləşən ümumilikdə 7.3 hektar ərazi hündürmərtəbəli yaşayış binalarının tikintisi üçün “Araz İnşaat LTD” MMC-yə uzunmüddətli icarəyə verilib. Elə 2005-ci ildən də ərazi şirkət tərəfindən hasara alınıb.

2012-2013-cü illərdə polis generalı Həsən Şirinovun bacısı oğlu, “Riyad” mühafizə şirkətinin əməkdaşı Ələmşah Cəfərov bu torpağın 1.7 hektarlıq hissəsini şübhəli sənədlərlə yaxın qohumları və iş yoldaşlarının adına rəsmiləşdirərək, özününküləşdirib, 12 sotunu isə digər vətəndaşlara satıb.

Lakin bu vətəndaşlar torpaq üzərində tikinti aparmaq istəyərkən, məlum olub ki, ərazi mübahisəlidir – “Araz İnşaat LTD” MMC də bu əraziyə iddiaçıdır, hətta şirkətin əlində Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamları da var. Bundan sonra “Araz İnşaat LTD” MMC və BŞİH məhkəmələrə müraciət edərək, Ələmşah Cəfərov və digərlərinin əldə etdikləri mülkiyyət sənədlərinin ləğvini tələb ediblər. Beləliklə də, 2 ildən artıqdır davam edən məhkəmə çəkişmələri başlayıb.

Məhkəmə araşdırmaları zamanı məlum olub ki, general Həsən Şirinovun yaxınları bu ərazini Suraxanı rayonu Zığ bələdiyyəsinin 2002-2004-cü illərdə verdiyi sərəncamlar əsasında 2012-2013-cü illərdə özəlləşdiriblər. Özəlləşdirmə zamanı müəyyən aldadıcı vasitələrdən istifadə olunub. Belə ki, hansısa vasitələrlə Zığ bələdiyyəsinin sərəncamlarını əldə edən Ə.Cəfərov və digərləri 2 saylı İnzibati İqtisad Məhkəməsində iddia qaldıraraq, Torpaq Komitəsinin Bakı şəhər Şöbəsinin üzərinə həmin torpaqlara dair kadastr planının verilməsi barədə öhdəlik qoyulmasını xahiş ediblər. Məhkəmədə imtina qərarlarını müdafiə edən Torpaq Komitəsinin nümayəndəsi bildirib ki, bu ərazi Zığ bələdiyyəsinin deyil, dövlət torpaq fonduna aid olduğundan onlara kadastr planı verilə bilməz. Məsələn, hakim Xaliq İmanovun imzaladığı 03 iyul 2012-ci il (2in (82)-1591/2012) tarixli qərarda bildirilir: “Cavabdehin (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi-red) nümayəndəsi Əlipənahov Vidadi Xanlar oğlu iddianı qəbul etməyərək göstərdi ki, iddiaçılar Zığ bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahələrinə “Torpaq sahəsinin planı və ölçüsü”nün hazırlanması barədə DTXK Bakı şəhər şöbəsinə müraciət etmiş, şöbənin mütəxəssisləri tərəfindən ərizələr araşdırılarkən müəyyən olunmuşdur ki, Suraxanı rayonu Zığ bələdiyyəsinin 15.09.2012-ci il tarixli 15/1 saylı, 11.11.2012-ci il tarixli 33/1 saylı sərəncamları “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılmış qaydalar haqqında” Əsasnamənin tələblərinə zidd olaraq verilmiş və sözügedən torpaq sahəsi dövlət mülkiyyətində qalan torpaqlara aiddir. Ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş edir”.

Lakin 2 saylı İnzibati İqtisad Məhkəməsinin hakimləri Zaur Tağıyev, Xaliq İmanov, Etibar Müstafayev və Rüstəm Kərimli açıq-aşkar qanunsuzluq olmasına baxmayaraq, bu mübahisəli işlə bağlı iddiaçıların – Ələmşah Cəfərov və digərlərinin xeyrinə ümumilikdə 5 qərar veriblər və Torpaq Komitəsinin Bakı şəhər Şöbəsinin üzərinə hamin torpaqlara kadastr planının verilməsi öhdəliyini qoyublar. Nə işdirsə, Torpaq Komitəsi bu qanunsuzluğa göz yumaraq, yuxarı instansiyaya şikayət etmək əvəzinə ilkin instansiyanın qərarlarını icra etmək yolunu tutub. Bu qanunsuzluğun üstü açıldıqdan sonra başlayan məhkəmə proseslərində isə, Torpaq Komitəsinin nümayəndəsi fəaliyyətsizliklərini belə əsaslandırmağa cəhd edib ki, bu səpgili işlər çox olduğundan, komitənin hüquqşünasları apellyasiya şikayətlərinin verilməsinə vaxt tapa bilməyiblər.

Əslində isə bu bəhanədir, hamıya məlumdur ki, ilkin instansiya məhkəməsi bu tipli işlərdə cavabdeh tərəflə razılaşmasa, onun apellyasiya şikayəti verməyəcəyinə əmin olmasa, belə qanunsuzluğa qol qoymağa cəsarət etməz. Konkret halda isə biz vətəndaş-hakim-Torpaq Komitəsinin Bakı şəhər Şöbəsinin rəisi Natiq Məlikov arasında əldə olunmuş razılaşmadan danışa bilərik. Məhz bu üçlük bütün məsələləri tam razılaşdırdıqdan, hər tərəfin maraqları təmin olunduqdan sonra “Araz İnşaat LTD” MMC-nin balansında olan ərazinin – dövlət torpaq fonduna aid olan bir sahənin Zığ bələdiyyəsinin şübhəli sərəncamları isasında zəbtinə şərait yaradıblar. 2 saylı İnzibati İqtisad Məhkəməsinin yuxarıda adları sadalanan hakimləri açıq qanunsuzluğa yol verərək, qətnamə qəbul ediblər, Torpaq Komitəsi isə bəlli səbəblərdən bu qanunsuzluğa göz yumaraq həmin qətnaməni icra edib.

Nəticədə dövlətin torpağı zəbt olunub, şirkətə və vətəndaşlara külli miqdarda ziyan dəyib.

 

Maraqlıdır ki, yuxarı instansiya məhkəməsi 2 saylı İnzibati İqtisad Məhkəməsinin yuxarıda barəsində danışdığımız qanunsuz qərarlarını artıq qüvvədən salıb. Aləmşah Cəfərov və digərlərinə Torpaq Komitəsi təırəfindən verilmiş kadastr planları ləğv olunub. Yəni yuxarı instansiya məhkəməsi qanunsuzluğa yol verildiyini rəsmən təsdiq edib. Lakin buna baxmayaraq, “Araz İnşaat LTD” MMC-nin Zığ bələdiyyəsinin qanunsuz sərəncamlarının ləğvinə dair iddiası 2 saylı İnzibati İqtisad Məhkəməsində dalana dirənib. Hakim Zaur Tağıyev bu iddia üzrə qərarın elan edilməsini yubadır. Yeri gəlmişkən, bu həmin Zaur Tağıyevdir ki, dövlət fonduna aid torpağın Zığ bələdiyyəsinin şübhəli sərəncamı əsasında zəbtinə yol açan ilkin məhkəmə qərarına imza atıb. İndi isə qanun tələb edir ki, Z.Tağıyev birinci qərarına tamamilə zidd yeni qərar qəbul etsin. Yəni vaxtlə dövlət mülkiyyətinin talanına “yaşıl işiq” yandıran hakim, indi dövlət mənafeyinin müdafiəçisi qismində çıxış etməlidir.

Lakin belə bir iddia var ki, 2 saylı İqtisadi İnzibat Məhkəməsinin sədri Rəşid Rzayev həm bu məhkəmənin əvvəlki qanunsuz qərarlarını müdafiə etmək məcburiyyəti, həm də kənar təzyiqlər ucbatından bu iş üzrə ədalətli qərarın verilməsinə imkan vermək istəmir.

Qeyd edək ki, cumhuriyyet.az saytı bir neçə gün əvvəl bu məhkəmə çəkişməsi ilə bağlı dərc etdiyi araşdırma yazısında qeyd edib ki, saxta sənədlərlə dövlətin 3 hektar torpağını ələ keçirənlərin arxasında deputat İlham Əliyev durur. O, məhkəmə sədrləri və hakimlərinə təzyiq edir ki, saxta sənədlə torpaq zəbt edənlərin xeyrinə qərarlar verilsin. 2 saylı İnzibati İqtisad Məhkəməsinin sədri Rəşid Rzayev məhz İlham Əliyevin göstərişi ilə, işin obyektiv araşdırılmasına imkan vermir. Lakin başqa maraqların olduğu da istisna deyil...

Sonda onu da xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev Bakıda qanunsuz yollarla torpaq zəbt edən, özəlləşdirən məmurlara sərt xəbərdarlıq edib.

“İndi Bakıda, Azərbaycanda nə qədər qanunsuz evlər tikilir?! Mən soruşanda, sanki heç kimin xəbəri yoxdur. Yerli icra başçılarının, şəhər icra başçılarının, heç kimin xəbəri yoxdur…

Qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Elə istinad divarları tikilib ki, bəlkə də bir neçə milyon manat təkcə o istinad divarlarının tikintisinə sərf olunub. Bu qədər özbaşınalıq olmaz! Dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır, ilk növbədə vəzifəli şəxslər nümunə göstərməlidirlər. Yerlər zəbt edilir, qanunsuz tikililər aparılır, sonra da bunu qanunsuz sənədləşdirirlər”, deyə Prezident İlham Əliyev Bakıda Binəqədi rayonunda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında çıxışı zamanı söyləmişdi.

Dövlət başçısı kifayət qədər sərt danışmış, “Elə bil ki, özbaşına tikiblər. Axı biz hamımız Azərbaycanda yaşayırıq, özbaşına kim nə edə bilər?” – deyə, Azərbaycanda, Bakıda qanunsuz tikililərin, torpaqların zəbt olunmasının arxasında məmurların dayandığına eyham vurmuşdu.

Lakin konkret bu nümunədən belə görünür ki, bu səpgili qanunsuzluqlarda məhkəmələr də əsas rol oynamaqdadırlar. Yəni çox vaxt bu qanunsuz zəbtlər elə məhkəmələrin vasitəsilə baş tutur.

Qalmaqallı məhkəmə çəkişməsi ilə bağlı araşdırmalarımız davam edir.

Yazıda adı çəkilən digər şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar