BAKIDA İŞ ADAMINA VURULAN 8 GÜLLƏNİN GİZLİNLƏRİ - Şok xəbərlər
Qalmaqallı oliqarx Nizami Priyevin qaynı ilə mərhumun məhkəmə çəkişməsi olub- konfliktdə tərəf kimi bir general da var...
Avqustun 28-nə keçən gecə Nizami rayon Əzimzadə küçəsi 20 ünvanında baş vermiş dəhşətli qətl hadisəsi gündəmin əsas mövzusuna çevrilib. Çünki qətlə yetirilən 1975-ci il təvəllüdlü Nadir İbrahimov keçmiş polis işçisi olmaqla yanaşı, adı qalmaqallarda hallanan “Butastone” tikinti şirkətinin təsisçilərindən biri olub. Daha maraqlı fakt isə budur ki, qətlə yetirilən N.İbrahimov həmin şirkətdə şəriki olan Namiq Əsədovla uzun müddətdir ki, konfliktdə imiş. N.Əsədov isə bir müddət əvvəl “Beynəlxalq Bank işi” ilə əlaqədar tutulan və daha sonra sərbəst buraxılan iş adamı Nizami Piriyevin qaynıdır.
Məlumatda bildirilir ki, N.İbrahimovu həmyerlisi Rövşən Həsənov aralarında yaranan münaqişə zəminində “Makarov” tapançasından açdığı 8 güllə ilə qətlə yetirib. Respublika Prokurorluğunun məlumatında bildirilir ki, saat 01 radələrində 1982-ci il təvəllüdlü Rövşən Həsənov Nadir İbrahimovu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zəminində “Makarov” markalı tapançadan ona 8 dəfə atəş açaraq qətlə yetirib.
Hadisə ilə bağlı xəbər yayıldıqdan sonra mediada qətlin motivləri ilə bağlı maraqlı məqamlar ortaya çıxıb. İlk olaraq belə iddia səslənib ki, qətl qız üstündə baş verib. Milli.az sayt Nizami Rayon Polis İdarəsindən öyrənib ki, tərəflərdən birinin sevdiyi qızın telefonuna zəng gəlib. Telefonu qızın sevgilisi götürüb və görüş təyin ediblər. İlkin ehtimala görə, atışma da məhz elə qız üstündə mübahisədən yaranıb. Ancaq N.İbrahimovun facebook səhifəsində paylaşdığı şəkillərindən aydın olub ki, o, ailəli olub. Onun qızı ilə birlikdə fotosu da var. Üstəlik, qətlə yetirilənin qatildən 7 yaş böyük olması, həmçinin əvvəlcədən tanış və həmyerli olmaları (tam dəqiqləşdiriməmiş məlumata görə, onlar gürcüstanlıdır) qız üstündə mübahisə ehtimalını sual altına qoyur.
Mediada hələ o zaman yayılmış məlumatlarda iddia olunurdu ki, Namiq Əsədov Nadirə yeznəsinin adı ilə psixoloji təsir göstərərək bütün məhkəmə instansiyalarını “Piriyevin yaxın adamları” olduğuna inandırıb. Sonda Nadir İbrahimov Namiq Əsədovla barışmaq məcburiyyətinə qalır.
Xatırladaq ki, Beynəlxalq Bank işinin əsas fiqurantlarından biri də Nizami və Nəsib Piriyevlərdir. Nizami Piriyev bir müddət həbsdə qalsa da, sonradan borcunu ödəyəcəyi öhdəliyi ilə azadlığa buraxılıb. Amma bir neçə gün əvvəl məlum olub ki, oğul Piriyev Beynəlxalq Banka külli miqdarda borcu olduğu üçün İnterpol xətti ilə axtarışa verilib. Oğul Piriyevin Beynəlxalq Banka 170 milyon dollar kredit borcu olduğu iddia olunur. Qeyd edək ki, qətlə yetirilən N.İbrahimovun şəriklik etdiyi “Butastone” şirkəti Piriyevlərə məxsus “Azmeco International Finance LLC”nin tərkibinə daxildir.
İstisna deyil ki, istintaq N.İbrahimovla keçmiş şəriki arasında olan konfliktə də diqqət yetirəcək. Çünki qətlin motivi ilə bağlı yayılmış xəbər - hadisənin qız mübahisəsinə görə baş verməsi inandırıcı görünmür(musava.com).
-----------
Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qətlə yetirilən şəxs keçmiş polis əməkdaşı 1975-ci il təvəllüdlü Nadir Fəxrəddin oğlu İbrahimovdur.
Milli.Az saytının məlumatına görə, bir müddət əvəvəl polisdən ayrılan N.İbrahimov biznesmen idi.
Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, qanlı hadisə qız üstündə olub.
Tərəflərdən birinin sevdiyi qızın telefonuna zəng gəlib. Telefonu qızın sevgilisi götürüb və görüş təyin ediblər. İlkin ehtimala görə, atışma da məhz elə qız üstündə mübahisədən yaranıb.
N.İbrahimov idarə etdiyi 10 VM 006 nömrə nişanlı “Lexus” markalı maşınla qara rəngli, 90 SF 333 dövlət qeydiyyatlı nömrə nişanlı “Lexus” markalı maşını idarə edən R.Həsənovla Nizami Rayonunda görüşüb.
Bu zaman Rövşən Həsənov üstündə gəzdirdiyi “Makarov” markalı tapancadan İbrahimov Nadirə 8 güllə atıb.
N.İbrahimov Nadir 1 saylı Şəhər Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.