Məktəbdə kriminogen durum

Etibar ƏLIYEV

Ölkəmizdə məktəb təhsilinin səviyyəsindən danışarkən, məktəb mühitinin korlanmasının səbəblərini açmaqdan yayınırıq. Məktəblə bağlı hər hansı neqativ hallara rast gəldikdə əhvalımız dərhal pisləşir. Məktəbə və Təhsil şöbələrinə o qədər təsadüfi, savadsız, əliəyri adamları rəhbər təyin etdilər ki, onları vəzifələrindən azad etməklə qurtarmaq olmur.

Yaxşı, məktəbi cinayət yuvasına kim çevirdi?

1998-ci ildən 2013-cü ilə qədər Təhsil şöbələrinə elə müdirlər, məktəblərə elə direktorlar qoyulub ki, onların korladıqları təhsil mühitini illərlə saflaşdırmaq mümkün olmayacaq. Rüşvət üstündə həbs olunmuş məktəb direktorunu məhbəs həyatından sonra böyük bir rayonun Təhsil şöbəsinə müdir təyin ediblər. Bir neçə məktəbə direktor təyin olunmuş şəxsləri məktəb kollektivi və valideynlər məktəbdən qovublar. Amma nə faydası, sonradan həmin adamlar başqa məktəblərə direktor təyin olunublar. Məktəbi yaxşı bilən, amma Mərdanovun qoyduğu çirkin tələbləri yerinə yetirməyi özlərinə rəva görməyən neçə-neçə məktəb direktoru dözməyib dünyasını dəyişdi. Şəxsiyyətini qoruyan, məktəb işini yaxşı bilən yüzlərlə sanballı maarif işçisi haqsızlığa dözməyib təhsil sistemini tərk ediblər.

Məktəblərimizə elə adamlar direktor təyin olunublar ki, onların ucbatından 1000-lərlə valideyn övladını məktəbdən çıxarmağa məcbur olub. Bir faktı unutmaq olmaz ki, hələ valideynlərin və müəllimlərin çoxu danışmaqdan qorxurlar. Onların danışmasına şərait yaradılsa, normal məktəbləri barmaqla saymaq olar.

Məktəbdə yenə hadisə baş verib:

“Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Azərbaycanda məktəb direktoru barəsində cinayət işi başlanıb. Paytaxtda yerləşən 55 saylı orta məktəbin direktoru olmuş, 1960-cı il təvəllüdlü Vahid Şahmar oğlu Dəmirov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. İstintaqdan yayındığı üçün onun barəsində axtarış elan olunub.

55 saylı orta məktəbdən bildirilib ki, V.Dəmirov may ayından işə çıxmır. Onun tutduğu vəzifədən azad olunması barədə əmrin olub-olmadığı məlum deyil.

Hazırda polis V.Dəmirovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir”.

Bəs Vahid Dəmirovu məktəbə kim direktor təyin edib? Əlbəttə ki, Misir Mərdanov!

Baş Prokurorluğun 26 senyabr, 2009-cu il tarixli rəsmi məlumatı: “Baş Prokurorluğa daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılan araşdırma nəticəsində bir qrup Goranboy rayon sakininin orta məktəblərin XI sinif şagirdlərindən buraxılış imtahanları və attestat almaları üçün rüşvət yığılması faktı aşkar olunub.”

Həmin məlumatda deyilir: “Maliyyə nazirliyi tərəfindən aparılan yoxlama zamanı Goranboy rayon Təhsil şöbəsinin kassasında 31.486 manat məbləğində pul vəsaitinin çatışmadığı, təhsil şöbəsinin inzibati binasının və məktəblərin əsaslı və cari təmiri üçün ayrılmış vəsaitdən 142.600 manat pulun saxta sənədlər tərtib olunmaqla mənimsənildiyi, faktiki işləməyən şəxslərin, o cümlədən Azərbaycanın hüdudlarından kənarda olan müəllimlərin adlarına hesablanmış 48.862 manat məbləğində pulun israf edildiyi, şagirdlərin say həddinə görə siniflərin düzgün komplektləşdirilməməsi nəticəsində artıq saxlanılmış 539 sinfə görə 1.241.953 manat məbləğində pulun əsassız ödənildiyi, aylıq əmək haqqı cədvəllərinin yekunlarının düzəliş edilərək artırılması nəticəsində kassadan 169.257 manat məbləğində pulun əsassız silindiyi və s. faktlar aşkara çıxarılıb.”

Həbs olunan Goranboy Rayon Təhsil Şöbəsinin müdiri Elmar Əliyevi kim himayə edirdi? Əlbəttə ki, Misir Mərdanov!

Bakının Xətai rayonundakı 171 saylı orta məktəbdə Azərbaycanda indiyədək görünməyən hadisə baş verib. Belə ki, həmin məktəbin direktoru İradə Məmmədəli qızı Murğuzova banklardan müəllimlərin və digər işçilərin adına külli miqdarda kredit alaraq mənimsəməkdə, bunun ziyanını isə müəllimlərə ödətdirməkdə günahlandırılır.

İradə Murğuzova kimin kadrı idi? Əlbəttə ki, Misir Mərdanovun!

Mən hələ Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nadir Ağayevin Abşeron məktəblərinin, Cəlilabad rayon Təhsil şöbəsinin keçmiş müdiri Ədalət Əsgərovun Cəlilabad məktəblərinin, Gəncə Şəhər Təhsil şöbəsinin keçmiş müdiri Mahal Əliyevin Gəncə təhsilinin başına açdığı oyunlardan yazmıram. Bu adamlar 10 illərlə dağıdıcılıq fəaliyyəti ilə məşğul olublar.

Son hadisə göstərir ki, məktəblərin kriminigen durumu hələ də yaxşılaşmayıb. XXI əsrin məkəbi belə olmamalıdır. Direktorluğa layiq olmayanların çoxu hələ də iş başındadır. Təhsil Nazirliyi isə hadisələri qabaqlamalı və vaxtında tədbirlər görməlidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar