Bakıdakı güllələnmə ilə bağlı rəsmi açıqlama

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda baş verən silahlı insidentlə bağlı məlumat yayıb. Bakı şəhər Prokurorluğundan daxil olan məlumatda bildirilir ki, avqustun 28-də Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Nadir İbrahimovun güllə yarası ilə 3 saylı şəhər klinik xəstəxanasına daxil olaraq orada vəfat etməsi ilə bağlı aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən tarixdə saat 01.00 radələrində 1982-ci il təvəllüdlü Rövşən Həsənov Nadir İbrahimovla şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zəminində qabaqcadan razılaşdırılmaqla paytaxtın Nizami rayonu ərazisində təyin etdiyi görüş zamanı üstündə gəzdirdiyi “Makarov” markalı tapançadan ona 8 dəfə atəş açaraq xəsarət yetirib hadisə yerindən özünə məxsus “Lexus” markalı 10-VM-006 dövlət qeydiyyat nişanlı avtomobillə uzaqlaşarkən “Chevrolet” markalı avtomobillə toqquşub. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət almış R.Məmmədov xəstəxanaya yerləşdirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, ekspert kriminalistin, şəhər prokurorluğu və rayon hüquq mühafizə orqanlarının əməkdaşlarının iştirakları ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən 8 ədəd giliz, 3 ədəd güllə götürülüb və digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.

R.Həsənov sonradan rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə könüllü gələrək təslim olub və cinayətin aləti “Makarov” markalı tapançanı təhvil verib.

R.Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar