Rusiyanın Cənubi Qafqaza son həmləsi (Təhlil)

Sentyabrın 1-də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Bakıya səfərə gəlir. Səfər ərəfəsində "Lavrov nəyə gəlir?" sualı yersiz də görünə bilər, çünki əslində bu, adi səfərlərdən biri ola bilər. Lakin mövcud siyasi və geosiyasi reallıqları nəzərə alanda, Rusiyanın baş diplomatının səfərinin sıradan olmadığını da söyləmək mümkündür. Belə ki, bu gün iqtisadi sanksiyalarla küncə sıxılmış Rusiya üçün öz geosiyasi və iqtisadi təsir coğrafiyasını genişləndirmək həyati əhəmiyyət kəsb edir.

Son 2-3 il ərzində bu ölkənin Aərbaycanı öz təsir dairəsinə keçirmək üçün göstərdiyi fasiləsiz səylər də bunu deməyə əsas verir və bu da təsadüfi deyildi. Şübhəsiz ki, Moskvada Vaşınqtonun İran və bütövlükdə Yaxın Şərq siyasətinin hədəfləri və məqsədləri barədə məlumatlı idilər (Moskva İranın nüvə proqramı ilə bağlı danışıqlar aparan "5+1" formatında təmsil olunur) və Azərbaycana marağın artmasının başlıca səbəblərindən biri də yaxın zamanlarda Rusiyanın öz önəmli ənənəvi Cənub müttəfiqini (İranı) itirə biləcəyi ehtimalı idi. İran-Qərb münasibətlərinin yeni mərhələsinin intensiv dinamikası Moskvanı özünün Cənubi Qafqazda möhkəmlənmək planlarını sürətləndirməyə sövq edir və bu, da anlaşılandır - zaman Rusiyanın əleyhinə işləyir.

Ölkə iqtisadiyyatının sütununu təşkil edən enerji daşıyıcılarının qiymətlərinin sürətlə enməsi və bu fonda bir-birinin ardınca tətbiq edilən sanksiyalar Rusiyanın iqtisadi və siyasi fəaliyyət məkanını durmadan daraldır. Moskvanın üzləşə biləcəyi ən ciddi sürpriz isə hələ irəlidə ola bilər. Belə ki, iqtisadiyyatı neft və qaz ixracı üzərində qurulmuş bir çox ölkələr kimi, Moskva da az da olsa ümidlərini qarşıdan gələn qış aylarında enerji daşıyıcılarına tələbatın artmasına və bunun nəticəsi olaraq, qiymətlərin yüksəlməsinə bağlayır. Lakin enerji bazarında əsas istehsalçılardan olan Səudiyyə Ərəbistanının hasilatı azaltmaq təklifini qətiyyətlə rədd etməsi, İranın yaxın aylarda öz əvvəlki hasilat (həm də ixracat) həcmini bərpa etmək planı, enerji daşıyıcıları bazarının əsas istehlakçılardan biri olmuş ABŞ-ın artıq istehsalçıya (həm də ixracatçıya) çevrilməsi bu ümidləri puça çıxarır.

Dünyanın yeni enerji mənzərəsi fonunda məhz Rusiyanın ümid bəslədiyi qış aylarında Avropanın qismən və ya xeyli dərəcədə Rusiya neftindən və qazından imtina edə bilməsi ehtimalı istisna edilmir. Bu isə Rusiya iqtisadiyyatı üçün fəlakətlə nəticələnərək, Rusiyada yaranmış sosial-iqtisadi böhranı pik həddə çatdırmış olardı. Bu ehtimalı istisna etməyən Rusiya da öz növbəsində imkanları çərçivəsində olan bütün addımları ataraq, həmin mərhələyə hazır olmağın zəruriliyini yaxşı anlayır. İmkanlar isə məhduddur və əsasən hərbi-siyasi vasitələrdən ibarətdir. Lakin Moskvanın hərbi təhdid siyasəti də Qərb tərəfindən ciddi qəbul edilmir, çünki əvvəla, Qərb dövlətlərinin kifayət qədər mükəmməl kollektiv təhlükəsizlik mexanizmləri və institutları mövcuddur, digər tərəfdən də Qərb hərbi cəhətdən Rusiyadan qat-qat güclüdür. Lakin Rusiyanın hərbi gücü Qərbin də maraq dairəsində olan bölgələrdə sabitliyi pozmaq üçün yetəridir və elə bu səbəbdən də son zamanlar bütün geosiyasi baxımdan "mübahisəli" və həssas bölgələrdə tərəflərin ilk baxışdan qarşılıqlı olmayan addımları görünməkdədir.

Rusiya Azərbaycanda və Ermənistanda möhkəmlənməyə çalışır, Qərb isə Gürcüstanda NATO-nun təlim mərkəzini açır, Gürcüstanın müdafiə nazirliyi isə ölkənin Şimali Atlantika hərbi-siyasi blokuna üzvlüyə hazır olduğunu bəyan edir. Suriya münaqişəsində indiyədək açıq hərbi mövqe sərgiləməyən və anti-İŞİD koalisiyasına ehtiyatla yanaşan Türkiyə daha fəal şəkildə koalisiyada iştiraka başlayır. Azərbaycanla birgə hərbi təlimlər keçirən Ankara həmçinin Bakı ilə Aşqabadı bir araya gətirərək, Avropanın enerji təhcizatında üçtərəfli səyləri birləşdirməyə çalışır. Bu səylərin Avropa Yenidənqurma və İnkişaf Bankının TAP qaz layihəsi üçün 2 mlrd Avro ayırmasının ardınca fəallaşması da təsadüfi sayılmamalıdır. Deməli, Qərb Bakının Rusiyanın "toruna" düşməyəcəyinə ümidlərini hələ tam itirməyib. Bu baxımdan Moskvanın da Lavrovun səfəri ərəfəsində davranışı diqqətçəkəndir. Gürcüstana qarşı "sürünən işğal" taktikasından istifadə edən Rusiya, bu ölkədən keçən enerji kommunikasiyaları üçün təhdidlər yaratmaqla yanaşı, həmçinin Şimali Qafqazın Azərbaycanın sərhədlərinə yaxın ərazilərində "antiterror" əməliyyatlarını yeniləyir ki, bu da həmin bölgədə mənzillənmiş beynəlxalq terrorçu qrupların sıxışdırılaraq Azərbaycan ərazisinə keçməsi təhlükəsini artırır.

Beləliklə, Rusiya Azərbaycana qarşı sərt xəbərdarlıq addımları atmaqla yanaşı, həm də rəsmi Bakını Qarabağ münaqişəsinin həllində yardımçı ola biləcəyinə eyhamlarla şirnikləndirməyə çalışır. Xarici İşlər naziri Lavrovun Azərbaycana səfəri ərəfəsində onun idarəsinin yaydığı açıqlamada məhz Qarabağ münaqişəsilə bağlı müzakirələrin aparılacağının vurğulanması heç də təsadüfi sayılmamalıdır. Amma həmin açılamada "ikitərəfli və çoxtərəfli məsələlərin müzakirəsi" də diqqətçəkəndir. Görünür, Rusiya özünün Azərbaycan siyasətində Azərbaycanda yeni radiolokasiya stansiyasının quraşdırılması, Azərbaycanın Qərblə enerji əməkdaşlığına təsir etmək, qarşıdan gələn parlament seçkilərində Milli Məclisdə Rusiyaya loyal çoxluğun təmsil olunması, iflic vəziyyətinə salınmış Qərb institutlarının tam sıradan çıxarılması və s. kimi digər məsələlərin də müzakirəsində maraqlıdır. Şübhəsiz ki, Rusiya strateqləri sürətlə dəyişən geosiyasi reallıqda Azərbaycanın Rusiya üçün yaxın gələcəkdə həm də xarici siyasət kursunu dəyişən İrana təsir üçün vacib ola biləcəyini nəzərdən qaçırmırlar. Bu cür praktika artıq Stalin dönəmindən başlayaraq, zaman-zaman uğurla həyata keçirilmişdir.

Rusiyanın Azərbaycandan əsas gözləntiləri olan yuxarıda sadalanan addımların rəsmi Bakı tərəfindən atılacağı təqdirdə Azərbaycanın tam olaraq Rusiya təsir dairəsinə keçməsi labüd olardı ki, bir çox nüfuzlu beyin mərkəzləri də bu ssenarinin reallaşacağını istisna eləmir. Belə qənaət isə heç də təsadüfi deyil, çünki Moskvanın rəsmi Bakıya təsir imkanları yetərincədir və bu imkanlar Qərbin rəngli inqilabları ilə qorxutmaqdan tutmuş, İŞİD-ın Azərbaycana müdaxiləsi xofunun yaradılmasınadək bütün spektri əhatə edir. Ən başlıcası isə, Moskvanın Azərbaycan siyasətinin həyata keçirilməsində yardımçı olan kifayət qədər güclü ölkədaxili şəbəkəsi mövcuddur. Görünən həm də budur ki, Rusiya yaxın aylarda özünün Cənubi Qafqaz siyasətində ciddi uğur qazana bilməzsə, demək olar ki, bu tarixi mərhələdəki son şansını əldən vermiş olacaq. Çünki zaman onun əleyhinə təkcə Rusiyanın daxilində deyil, həm də onun maraq göstərdiyi və həyati əhəmiyyətli saydığı bölgələrdə də işləyir.

Ermənistan əhalisi arasında Moskvaya olan neqativ münasibət sürətlə artmaqdadır və eyni sürətlə iqtisadi böhrana yuvarlanan Azərbaycanda da hansı ictimai-siyasi əhvalın üstünlük təşkil edəcəyini proqnozlaşdırmaq bir o qədər asan deyil. Görünən həm də budur ki, Ankaranın vasitəsilə Qərblə münasibətləri müsbətə doğru inkişaf etdirməkdə maraqlı olan rəsmi Bakı da öz xarici siyasət kursunu birmənalı olaraq müəyyənləşdirməyə tələsmir. Bu da anlaşılnadır, çünki əvvəla, Rusiyanın özünün yaxın zamanlarda hansı çətinliklərlə üzləşəcəyini və hansı duruma düşəcəyini söyləmək asan olmadığı kimi, birmənalı Rusiyapərəst xarici siyasət kursuna keçəcəyi halda, Aərbaycanın əks tərəflərdən hansı təhlükələrlə üzləşəcəyini də təsəvvür etmək çətin deyil. Əks tərəflər isə mövcud reallıqda ən azı Tehrandan, Ankaradan, Brüsseldən və Vaşinqtondan ibarət ola bilər.

"Şərq-Qərb" Araşdırmalar Mərkəzi

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar