Şeyxülislam haqda dəhşətli kompromatlar yayıldı- YENİLƏNİB

QMİ sədrinin ərəb siyasətçi və iş adamlarından, terrorçulardan aldığı pulların siyahısı redaksiyalara göndərilib

Şeyx ittihamlara cavab verdi:"Əllərində fakt varsa, cəsarətləri çatırsa, öz adları ilə ortaya çıxıb bunu bəyan etsinlər"

Xəbər verdiyimiz kimi, yanvarın 28-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə mətbuat konfransı keçirib. QMİ sədri son dövrlərdə aktuallaşan gənclərin Suriyaya döyüşə yollanması, radikal dini qruplaşmalara qoşulması ilə bağlı fətva verərək bu hərəkətləri pisləyib.

Maraqlıdır ki, bu tədbirlə eyni zamanda redaksiyamıza internet üzərindən məlumat göndərilib. Bir səhifəlik materialda QMİ sədrinin ərəb ölkələrinin fondları, siyasətçi və iş adamları ilə əlaqələrindən bəhs olunur. Yazının girişində Şeyxin vəhhabi və nurçulardan çox danışdığı qeyd olunur və QMİ sədrindən vəhhabilərdən aldığı pulların hesabını verməsi tələb olunur. Daha sonra isə Şeyxülislamın müxtəlif ünvanlardan pul alması ilə bağlı rəqəmlər qeyd olunur.

1. Küveytli biznesmen Əbdül Əziz Batendən Xırdalanda İslam Universiteti tikmək üçün 500 min dollar almısan. Hanı Universitet, hanı pullar?

2. Bəhreyn krallığı vətəndaşı Əbu Süleymandan qaçqınlara yardım üçün aldığın 1 milyon dollar. Əbu Süleyman “əl-Qaidə” ilə bağlı olduğu üçün ABŞ tərəfindən həbs edilmişdi.

3. Səudiyyə daxili işlər naziri Nayif bin Əbdül Əzizdən aldığın 700 min dollar nə üçün idi? Səudiyyə daxili işlər naziri ilə nə əlaqən?

4. Səudiyyəli iş adamı Abdullahdan aldığın 800 min dollar qaçqınlara paylanıldı, yoxsa özünə villa tikdin?

5. “Nur camaatı”ndan aldığın 250 min dollar. Məscid sözü verdin, amma yedin pulu.

Yazıda həmçinin Şeyxülislam təhdid olunub ki, daha danışmasın, yoxsa daha artıq ifşa ediləcək.

Tərəfimizdən bildiririk ki, bu xəbərin əslində məlumat “Hizmət Hərəkatı” - Gülən camaatı adından təqdim olunur. Lakin dərhal görünür ki, onlardan sadəcə qalxan kimi istifadə olunub. Müəllif vaxtaşırı “nur camaatı”nı araya qatmaqla, sanki diqqəti onların üzərinə çəkmək istəyir. Şeyx isə hələ ki “nur camaatı” ilə bağlı hər hansı fikir səsləndirməyib. Bu isə onu deməyə əsas verir ki, kimlərsə Şeyxi məhz Gülən camaatı adı ilə vurmağa çalışır. Kiçik araşdırma və təhlil onu göstərir ki, bu məlumatın sələfi camaatı içərisindən hazırlanaraq yayıldığını iddia etmək daha doğru olar. Bu məlumatların bəziləri daha əvvəl mediada yayılsa da, indi belə deyilsə bütün informasiyalar cəm olunaraq yayılıb.(musavat.com)

"Azərbaycanda bir-birini dini təriqətlərə bölərək, aşağılayırlar ki, bu da cinayətdir, yolverilməzdir". APA-nın məlumatına görə, bunu dünən Qafqaz Müsəlmanları İdarəsində (QMİ) dindarların iştirakı ilə keçirilən tədbirdə QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

O qeyd edib ki, son vaxtlar belə hallar artıb: "Mən şəxsən heç bir təriqətdən deyiləm, mən müsəlmanam. Çünki İslamda dini təriqətlərə bölərək bir-birini aşağılamaq yolverilməzdir. Bu cinayətdir. Suriyada indi şəhadət adıyla gedib döyüşürlər ki, bu da düzgün deyil. Özü də pula görə gedib döyüşürlər. Peyğəmbər (ə) buyurub ki, pulla gedib döyüşmək şəhadət sayılmır. Əminəm ki, dövlət bununla bağlı hansısa tədbir görəcək. Çünki bu, İslama qarşı yolverilməzdir".

Şeyx Qazılər Şurasına da müraciət edərək bildirib ki, bu halların qarşısını almaq üçün fəaliyyətə keçsin: "Bizim Qarabağ kimi dərdimiz var. Biz torpaqlarımızın və oradakı qurbanlarımızın qeyrətini çəkməliyik. Bizim əsl şəhadətimiz budur".

Şeyx bəzi məmurlara da övladları ilə bağlı müraciət edib: "İndi elə məmurlar var ki, dövlət işində oturub maaş alır, amma övladları başqa-başqa məzhəblərə qoşulub yoldan çıxır".

Allahşükür Paşazadənin bu açıqlamalarından sonra özünü "Fətullah Gülən sevdalıları" adlandıran qrupun elektron poçt ünvanından bəzi KİV-lərə, o cümlədən "Azadlıq"a Şeyxlə bağlı məktub göndərilib. "Fətullah Gülən sevdalıları" bəyan edib ki, QMİ sədrinin nurçuların adını vəhhabilərlə bərabər çəkməsi onları qəzəbləndirib. Məktubda Allahşükür Paşazadə xarici ölkələrədən, xüsusilə vahhabilərdən Azərbaycanda məscid tikintisi üçün maliyyə almaqda ittiham olunub.

Allahşükür Paşazadə məsələ ilə bağlı "Azadlıq"a eksklüziv açıqlama verib. Şeyx deyib ki, tədbirdə verdiyi açıqlamalardan sonra bəzi dini məzhəblər tərəfindən QMİ-yə

qarşı təzyiqlər olacağı gözlənilirdi: "Mən bunu tədbirdə də dedim. Bilirdim ki, mənə qarşı təzyiqlər olacaq, hədyan sözlər yazılacaq. Lakin mən narahat deyiləm, heç nədən qorxmuram. Çünki yazılanlar hamısı hədyandır, böhtan və iftiradır. Azərbaycanda dini qarşıdurma yaratmaq istəyən qüvvələr var. Onlar burada təxribat törətməyə çalışırlar. Ayıq sayıq olmaq lazımdır. Mən dini tolerantlığa qarşı deyiləm. Amma bir Şeyx kimi radikalizmi qəbul etmirəm. Xalqın balalarını şinikləndirici vədlərlə döyüşə göndərmək din deyil. Onların çoxu cavandır, çox şeyi görməyiblər və məni yaxşı tanımırlar. Onlar əsl şəhidliyi görməyiblər. Mən 30 ildən artıqdır Şeyxülislamam. 20 Yanvar faciəsində şəhidlərimizin canından necə keçdiyinin canlı şahidi olmuşam. Radikalimz, din adı altında fitnə-fəsa törətmək dövlətə qarşı yönəlmiş hərəkətdir".

QMİ sədri ona qarşı hücumların davam edəcəyini ehtimal edir: "Hesab edirəm ki, bu hələ başlanğıcdır. Barəmdə belə hədyanların davamlı olacağını gözləyirəm. Hesab edirəm ki, sağlam mətbuat bu cür fitnələrə uymamalıdır. Əgər yazdıqları doğrudursa, öz adları ilə ortaya çıxsınlar, hüquq-mühafizə orqanlarına müraciət etsinlər, araşdırma aparılsın və həqiqət üzə çıxsın".

Şeyx bildirib ki, o yazılanlara bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək niyyətində deyil: "Mənim belə fitnə-fəsadları araşdırmağa, onlara cavab verməyə nə vaxtım var, nə də həvəsim. Bir daha deyirəm ki, əllərində fakt varsa, cəsarətləri çatırsa, öz adları ilə ortaya çıxıb bunu bəyan etsinlər".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar