Türkeş ittihamlara cavab verdi: "Baxçalı bəzi cılız hərəkətlər edir..."

«Baxçalı hər təklifə yox deyir. Koalisiyaya yox, azlıq hökumətinə yox, kənardan dəstəyə yox. Bütün bu imtinaların bir izahı olmalıdır, axı. Yaxşı, bəs, təklifi nədən ibarətdir?»

Türkiyədə avqustun 28-də qurulan müvəqqəti seçim hökuməti artıq fəaliyyətə başlayıb. 26 nəfərdən ibarət yeni Nazirlər Kabineti noyabrın 1-nə - ölkədə erkən seçki keçirilənədək hökuməti idarə edəcək. Erkən seçkidən sonra yeni parlament formalaşdırılacaq və topladığı səslərin sayından asılı olaraq AKP-nin təkbaşına iqtidar niyyətinin baş tutub-tutmadığı bəlli olacaq.

Sayca 63-cü olan yeni hökumətin qurulması zamanı ən böyük sürpriz MHP-nin sədr müavini Tuğrul Türkeşlə bağlı yaşandı. Bu partiyanın qurucusu Alparslan Türkeşin oğlu olan T.Türkeş hazırkı sədr Dövlət Baxçalının qərarına qarşı gedərək baş nazir Əhməd Davudoğlunun hökumətdə təmsil olunmaq təklifini qəbul etdi. Və yeni Kabinetdə Davudoğlunun müavinlərindən biri oldu.

40 il sonra atasının oturduğu kürsüyə çıxdı

Alparslan Türkeş 1975-1978-ci illərdə Türkiyədə baş nazirin müavini vəzifəsini tutmuşdu. 40 il keçəndən sonra oğlu onun kürsüsünə əyləşmiş oldu. Oğul Türkeşin Türkiyə gündəmində böyük səs-küy yaradan bu addımı MHP başqanının da sərt təpkisi ilə üzləşdi. Baxçalı məsələ ilə bağlı açıqlamasında Türkeşi dolayısıyla partiya dəyərlərinə və atasının əsasını qoyduğu ideyalara xəyanətdə günahlandırdı. Bununla yanaşı, Türkeşin MHP sıralarından uzaqlaşdırılması tələbi gündəmə gəldi. Sədr müavinin MHP-dən xaric edilməsi üçün partiyanın İntizam Komissiyasına müraciət olundu.

Ünvanına səslənən ittihamları ilk günlər sükutla qarşılayan Türkeş nəhayət ki, səssizliyini pozdu. AKP rəsmiləri ilə hər hansı anlaşmasının olmadığını deyən Türkeş bildirdi ki, hökumətdən bir təmənnası yoxdur və bu barədə danışmağı belə, özünə sığışdırmır. Türkeş AKP-dən ona heç bir təklif gəlmədiyini, Davudoğlunun bu istiqamətdə ona ən kiçik eyham belə, vurmadığını deyir.

Qeyd edək ki, MHP sıralarında Türkeşin 1 milyon lirə borcunun olduğu, oğluna 400 min lirə dəyərində avtomobil aldığı və AKP rəsmiləri ilə də maddi maraqlarına görə sövdələşməyə getdiyi barədə iddialar səslənir. Türkeş isə bildirir ki, ona qarşı bu aşağılayıcı ittihamları yalnız MHP-dəki bir qrup səsləndirir. Dediyinə görə, partiya üzvlərinin 90 faizi onun hökumətdə təmsil olunmaqla bağlı qərarını dəstəkləyir. Qalan 10 faizə gəlincə, Türkeş onların səviyyəsinə enmək istəmədiyini bildirir.

MHP-nin atasının qurduğu bir partiya olduğunu deyən Tuğrul Türkeş əmindir ki, onu bu qurumdan uzaqlaşdırmağa heç kimin gücü çatmaz: “İstəsələr, sədr müavinliyindən azad edə, növbəti seçkidə mənim adımı siyahıya salmaya bilərlər. Amma MHP-dən əsla uzaqlaşdıra bilməzlər. Atamın qurduğu bu partiya mənim üçün hər şeydir və sonadək MHP-çi olaraq qalacam. Atam kimi mənim də idealım Atatürkdür”.

“Baxçalı hər şeyə “yox” deyir”

Türkeş onu da qeyd edib ki, addımının “siyasi intihar”a bərabər olduğunu başa düşür. Amma bununla belə, hesab edir ki, bu cür riskli qərarlar məhz ölkə üçün əhəmiyyətli mərhələdə verilməlidir: “İndiki vacib məqamda bu cür riskli qərarlar verməsək, nə zaman verəcəyik? Hörmətli Dövlət Baxçalı ilə 8 il bir yerdə işləmişəm. Onun haqqında pis danışmaq istəmirəm. Amma bəzi cılız hərəkətlərə yol verməsi xoşagələn deyil. Partiyanın liftindən mənim adımı siliblər. Bu acizlikdir və o boyda Dövlət Baxçalıya yaraşmayan hərəkətdir. Dövlət əhəmiyyətli bütün məsələlərdə məni yanına çağıraraq məsləhət istəyib. Indi belə çıxır ki, mənim düzgün qərar verəcək qədər siyasi uzaqgörənliyim yoxdur?! Baxçalı hər təklifə yox deyir. Koalisiyaya yox, azlıq hökumətinə yox, kənardan dəstəyə yox. Bütün bu imtinaların bir izahı olmalıdır, axı. Yaxşı, bəs, təklifi nədən ibarətdir? Hər şeyə yox deyərək nəyə nail olacağıq?”.

“Gizli çəkənlər utansın!”

Türkeş vəzifəni baş nazirin keçmiş müavini Bülənt Arınçdan təhvil alan kimi növbəti qalmaqala mövzu oldu. Bu dəfə də 60 yaşlı baş nazir müavini ilə bağlı kaset qalmaqalı ortaya çıxdı. Söhbət, Türkeşin bir qadınla olan videogörüntülərindən gedir. İddialara görə kimlərsə Türkeşi gizli çəkilmiş bu videogörüntülərlə şantaj etməyə çalışır.

“Kaset şantajını” cavabsız qoymayan Türkeş “Sabah” qəzetinə verdiyi müsahibədə bir xanımla münasibətlərinin olduğunu və bunu heç kimdən gizlətmədiyini bildirib: “Məni tanıyan tanıyır. 12-13 ildir subayam. Qadın dostumun olduğunu gizlətməmişəm. Amma istənilən halda, şəxsi həyatımın hesabını yalnız uşaqlarıma verə bilərəm. Abdulla Gülün prezidentliyi dövründə Çankaya iqamətgahındakı rəsmi ziyafətə də xanım dostumla getmişdim. Utanacağım özəl görüntüm yoxdur. Məni xanımla gizli çəkən utansın. Bunu edən adam ağılsızdır. Gizli saxladığım nəsə yoxdur ki, şantaj etsinlər. Indi mən neyləyim? Bu açıqlamaları verənlərin səviyyəsinə enim?”.

“Baxçalı telefonlarıma cavab vermir”

Dünən Türkiyədə keçirilən Zəfər bayramında jurnalistlərə açıqlama verən Tuğrul Türkeş partiyadan çıxarılacağı ilə bağlı məsələyə növbəti dəfə münasibət bildirib. Türkeş yaxın günlərdə mətbuat konfransı keçirərək hər şeyi açıqlayacağını bildirib: “Məni heç kim MHP-dən ata bilməz. Konstitusiya ilə üzərimə düşən vəzifəni yerinə yetirmişəm. AKP ilə koalisiyaya girməmişəm”.(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar