Dollar kreditləri əvvəlki məzənnə ilə ödənilir

Azərbaycandakı bəzi müştərilər dollarla götürdükləri kreditləri dolların əvvəlki məzənnəsi ilə qaytarmaqda davam edirlər. Bu hal, digər səbəblərlə yanaşı, bank olmayan kredit təşkilatlarının (BOKT) problemli kreditlərinin artmasına və digər problemlərinin yaranmasına səbəb olub. Bu barədə fins.az-a yerli kredit təşkilatlarından bildirilib. Son bir ildə Azərbaycanın bank olmayan kredit təşkilatlarının problemli kreditləri təqribən 4 dəfə artaraq 12 ,5 milyon dollardan 51,8 milyon dollara qalxıb. Kredit təşkilatları bildirir ki, problemli kreditlərin artımının əsas səbəbi devalvasiyadır.

«Elə müştəri var ki, imkanı olsa da qəsdən ödəmir»

Problemli kreditləri ümumi kredit portfelində 0,9%-dən 8,5%-ə yüksəlmiş “VF Azərkredit” MMC-nin Marketinq departamentinin direktoru Mehriban Yusifova fins.az-a bildirib ki, vaxtı keçmiş kreditlərin artmasının səbəblərindən biri devalvasiyadan sonra müştərilərinin bir qisminin ödənişləri köhnə məzənnə ilə etməsidir: “Dollar bahalaşsa da, bəzi müştərilərimiz ödəniş üçün manatla əvvəlki məzənnəyə uyğun pul ayırırlar və son nəticədə cədvəl üzrə müvafiq ödənişdən az dollar ödəyirlər. Bu da problemli portfeli böyüdür”.

Qeyd edək ki, fevralın 21-də manatın 34%-lik devalvasiyasından sonra ABŞ dollarının məzənnəsi 78 qəpikdən 1,05 manata yüksəlib. Bu vəziyyət dollarla kredit götürənlərin aylıq ödənişlərini artırdığına görə, bankş müştəriləri ilə banklar arasınrda mübahisələr yaranmışdı. Son nəticədə məsələ Konstitusiya Məhkəməsində araşdırılıb və məhkəmənin qərarı ilə dollar kreditləri yeni məzənnə ilə qaytarılmalıdır.

Amma bəzi müştərilər hələ də bununla razılaşmayaraq kreditləri əvvəlki məzənnə ilə qaytaracaqlarını bildirirlər. “VF Azərkredit” təmsilçisi Mehriban Yusifova deyir ki, problemli müştərilərin hamısına eyni cür yanaşılmır: “Müştərilər arasında eləsi var ki, doğrudan da yeni məzənnə ilə ödəniş etməyə imkanı yoxdur. Onlara güzəşt edirik. Amma elə müştərilər də var ki, imkanı olsa da belə ödəmir. Ümumiyyətlə ödəməkdən boyun qaçıranlar var. Onlarla məsələni məhkəmə yolu ilə həll edirik”.

«Məhkəməyə verəndən sonra şərtlərimizlə razılaşırlar»

Son 1 ildə problemli kreditləri ümumi kredit portfelində 0,8%-dən 19,3%-ə yüksəlmiş “Viator Mikrokredit Azərbaycan”ın da bəzi müştəriləri dollar kreditini əvvəlki məzənnə ilə qaytarmaqda təkid edir. Təşkilatın icraçı direktoru Aynur Əliyeva bildirir ki, belə müştərilərə güzəşt təklif olunsa da, onlar fikirlərindən dönməyiblər: “Bəziləri də krediti köhnə məzənnə ilə ödəyir. Biz hətta dollarla verdiyimiz kreditlərin illik faiz dərəcəsini 3% azaltdıq, ödənişdə çətinlik çəkən bəzi müştərilərə kredit müqaviləsinin müddətini artırmağı təklif etdik ki, onların manatla aylıq ödənişləri əvvəlki səviyyədə qalsın. Amma bununla belə, ödənişi vaxtında etmirlər, əlavə məbləğ ödəmək istəmirlər”. Belə müştəriləri məhkəməyə verməkdən başqa çıxış yolu qalmır. Bəziləri bundan sonra razılaşmalı olurlar: “Normal ödəniş etməyən müştəriləri məhkəməyə veririk, qətnamə çıxandan sonra bəziləri bizə müraciət edirlər ki, müqavilənin müddətini artıraq. Amma məhkəmə prosesi də müəyyən müddət çəkir, ona görə problemli portfelin payı 20% civarındadır».

Şirkət vaxtı keçmiş kreditləri azaltmaq üçün ciddi tədbirlər görməyə hazırlaşır. Belə ki, təşkilatın problemli kreditlər departamenti böyüdüləcək və kreditlərin qaytarılması prosesinə yeni işçilər, əsasən də hüquqşünaslar cəlb ediləcək: «Bəzi filiallarda menecment lazımi səviyyədə deyil, onu dəyişməyi düşünürük. Əgər vəziyyət düzəlməsə başqa ölkələrdə olduğu kimi, 3-cü tərəfin, kollektor agentliklərinin xidmətindən istifadə oluna bilər. Yəgin ki, ilin sonuna qədər problemli kredit nisbətini əhəmiyyətli şəkildə azalda biləcəyik».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar