6 yaşlı "Modern.az" saytının baş redaktoru: «Oxuculara sürprizimiz var!»

Sentyabrın 1-də Modern.az xəbər portalı növbəti ad gününü qeyd edəcək. 2009-cu il sentyabrın 1-dən onlayn xəbər saytı kimi fəaliyyətə başlayan Modern.az, ötən 6 il müddətində özünəməxsus imic formalaşdırmağı bacarıb.

Saytın baş redaktoru Əfqan Qafarlı bildirib ki, fərqli təqdimatları, layihələri, müxtəlif janrlı materialları, Azərbaycanda baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşma tərzi, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən daim müsbət qarşılanıb.

“Bu illər ərzində çalışmışıq ki, təqdim etdiyimiz materiallarla oxucularımızı razı salaq, onların hörmətini qazanaq. Heç vaxt sensasiya və reytinq dalınca qaçmadıq. Bu 6 il ərzində oxuculara yalnış məlumat vermədik, sifarişli yazılar, miili maraqlara zidd olan materiallar dərc etmədik. Oxucu zövqünü korlayacaq ucuz əyləncə, bayağı şou yazılarından uzaq qaldıq. Bəzən bununla bağlı İP məsələsində hanısa problemimiz olsa da, tutduğumuz yol ümumilikdə oxucularımız tərəfindən yüksək dəyərləndirildi. Bu gün onun nəticəsidir ki, Modern.az yalnız tanınan sayt kimi deyil, həm də inanılan və etibarlı KİV olaraq qəbul edilir.

Təbii ki, hər zaman oxucunun zövqünü oxşamaq da çətindir. O, səndən hər gün yeni xəbərlər, özəl materiallar, səs-küy doğuran yazılar, fərqli təqdimatlar tələb edir. Təəssüf ki, bir çox hallarda imkanlarla istəklər üst-üstə düşmür. Bu səbəbdən də nəzərdə tutduğumuz projelərin bəzilərini gerçəkləşdirə bilmirik”,-deyə baş redaktor əlavə edib.

Ə.Qafarlının sözlərinə görə, Modern.az saytı həm də jurnalistikaya ilk dəfə başlayanlar üçün bir məktəb olub: “Biz də çalışacağıq ki, bu məktəbdən keçən gənc jurnalistlər dövlətçilik ənənələrinin qorunmasına töhfə versinlər.

Onu da qeyd edim ki, Modern.az-dan ayrılan bir çox jurnalistlər hazırda müxtəlif KİV-lərdə, o cümlədən televiziyalarda çalışırlar. Sevindirci haldır ki, Modern.az məktəbini keçən jurnalistlər milli maraqlardan çıxış edir, professionallıq nümayiş etdirirlər”.

Baş redaktor deyib ki, Modern.az saytı yaxın vaxtlarda oxucularına sürpriz edəcək: “Bu, saytın tərtibatı ilə bağlı olacaq. Modern.az 6 ildir demək olar ki, dizaynda dəyişiklik etmədən fəaliyyət göstərib. Və bəzi oxucularımız son vaxtlar bunu bizə tez-tez irad tutublar. Haqlı iraddır. Nəhayət yaxın vaxtlarda saytımız tam fərqli dizaynda, yeni görünüşdə olacaq. Artıq saytın yeni dizaynı üzərində işlər tamamlanmaq üzrədir. Ümid edirəm ki, yeni loqo ilə fərqli tərtibat oxucuların zövqüncə olacaq”.

Başda saytın qurucusu Elşad Eyvazlı olmaqla, Modern.az saytının kollektivini təbrik edirik.

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar