Yol polisləri sərxoş sürücünün qarşısında diz çökdülər
Çinin Xenan əyalətində iki yol polisi əməkdaşı sərxoş sürücü və onun anasının qarşısında diz çökərək, onlara yol hərəkət qaydalarını başa salıblar.
Musavat.com xarici qaynaqlara istinadən xəbər verir ki, Fenq Donq adlı sürücü sərxoş vəziyyətdə maşını idarə etdiyi üçün saxlanılıb. Sürücü ilə birlikdə olan anası polislər qarşısında diz çökərək, oğlunun bağışlanmasını xahiş edib. Bir neçə dəqiqədən sonra sərxoş oğul da anasına qoşularaq, polislərə yalvarmağa başlayıb.
Ana və oğul bir saat ərzində polislərə yalvararaq, onları cəzalandırmamağı xahiş ediblər və özlərini yaxından ötən maşınların təkərləri altına atacaqları ilə hədələyiblər.
Bütün bunlardan yorulan polis işçiləri sonradan özləri də diz üstə çökərək, sərxoş sürücüyə və onun anasına yol hərəkəti qaydalarını, maşının sərxoş halda idarə edilməsinin təhlükəli olduğunu izah ediblər.
Sərxoş sürücünün yalvarışlarına baxmayaraq, müfəttişlər onu 1000 yuan (150 dollar) məbləğində cərimə ediblər və o, yarım il müddətinə sürücülük hüququndan məhrum edilib.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.