2016-cı ilin dövlət büdcəsi 6 milyard azaldıla bilər

 “Neftin qiymətinin kəskin ucuzlaşması bir sıra dəyişikliklərin edilməsini, büdcə gəlir və xərclərinin azaldılmasını labüd edib”

Dünya bazarında neftin qiymətində müəyyən qədər bahalaşma qeydə alınsa da, bu, dövlət büdcəsində “qara qızıl”ın qiymətini 90 dollardan götürən Azərbaycan üçün heç də ürəkaçan göstərici deyil.

Bu ərəfədə bir sıra ekspertlər xərclərin azaldılması üçün ölkənin xüsusən dövlət sektorunda ixtisarların olacağını, bir sıra qurumların birləşdiriləcəyini proqnozlaşdırır. Eyni zamanda 2016-cı ilin dövlət büdcəsinin kəskin şəkildə azaldılacağı barədə məlumatlar var.

2015-ci il dövlət büdcəsinin gəlirləri 19 438 000,0 min manat, xərcləri 21 100 000,0 min manat nəzərdə tutulmuşdu. Ancaq devalvasiya və neftin ucuzlaşması səbəbindən büdcədə böyük miqdarda kəsir yarandı, ehtiyatlarımız azaldı. Bəzi mütəxəssislər isə ilin sonuna qədər Azərbaycanın daha 5 milyard manat kəsirlə üzləşəcəyini iddia edir. Məlumat var ki, Azərbaycanın gələn il üçün dövlət büdcəsi 6 milyard azaldılacaq. Bununla bağlı hökumətin üst düzeyində müzakirələrin aparıldığı barədə xəbərlər var. Milli Məclisə göndəriləcək büdcə layihəsində xərclərin təqribən 16 milyard miqdarında nəzərdə tutulacağı deyilir. Hesab edilir ki, daha çox infrastruktur layihələrə, təmir-tikinti işlərinə ayrılan sahələrə vəsaitin qoyuluşu məhdudlaşdırılacaq.

Deputat Əli Məsimli bu barədə “Yeni Müsavat”a bildirdi ki, hələlik bu barədə konkret rəqəm söyləmək mümkün deyil: “Gələn ilin büdcə proqnozları Milli Məclisə daxıl olmadığından, yeni büdcənin əsas parametrləri barədə bizdə hələlik konkret məlumatlar yoxdur. Amma dünya bazarında neftin qiymətinin kəskin surətdə aşağı düşməsi 2016-cı ilin büdcəsində bir sıra dəyişikliklərin edilməsini və büdcə gəlir və xərclərinin azaldılmasını labüd edib. Bunun konkret miqyası yaxın vaxtlarda məlum olacaq. İlk növbədə gələn ilin büdcə proqnozlarında neftin qiyməti builki kimi 90 dollar deyil, təqribən iki dəfə aşağı götürülməli olacaq. Yəqin ki, son illərdə həmişə olduğu kimi, bu il də Maliyyə Nazirliyi 2016-cı ilin dövlət büdcəsinin çoxvariantli ssenarilərini hazırlayacaq və vəziyyətdən asılı olaraq müəyyən korrektələr edəcək”.

Ə.Məsimli qeyd etdi ki, böyük ehtimalla gələn ilin büdcəsində Neft Fondundan transfertlər azaldılacaq: “Digər tərəfdən, neftin qiymətinin kəskin surətdə aşağı düşdüyü bir şəraitdə gəlirlərinin azı 65 faizi neft amili ilə bağlı olan və onun da 53 faizindən çoxu birbaşa Neft Fondundan transfertlər təşkil edən büdcənin 2016-cı ildə azaldılması ilə yanaşı, həm gəlir, həm də xərc maddələrinə yenidən baxılması və müvafiq korrektələrin edilməsi labüddür”.

Büdcənin xərclər hissəsinə gəldikdə isə, deputat bunları söylədi: “Birincisi, Azərbaycanın dövlət büdcəsi xərclərinin yarıya qədəri əsaslı xərclərə yönəldilir. Əsaslı xərclər ölkədə həyata keçirilən sosial və infrastruktur layihələrin, əsas vəsait, qurğu və avadanlıqların, xüsusi dövlət alışlarının və digər əsaslı ödənişlərin maliyyələşdirilməsinə sərf edilir. Bu sahədə büdcə vəsaitindən istifadənin səmərəliliyini artırmaqla, az vəsaitlə əvvəlkindən də çox işlərin görülməsi siyasətinə keçmək olar.

İkincisi, büdcənin cari xərcləri əsasən büdcə təşkilatlarında çalışanların əmək haqqını, təqaüdlər və sosial müavinətləri, kommunal və kommunikasiya, abadlaşdırma xidmətləri haqqının ödənilməsini və digər zəruri xərcləri əhatə etdiyindən burda hökumət öz sosial öhdəliklərinin 2016-cı ildə də yetərincə yerinə yetirməkdən ötrü sosial xərclər ixtisar edilməyəcək. Buraya aid edilən abadlaşdırma və sair bu kimi işlərə xərclər bir qədər ixtisar oluna bilər. Üçüncüsü, Maliyyə Nazirliyi bir sıra xərc maddələri üzrə lüzumsuz xərcləri də azalda biləcək”.

Ə.Məsimliyə görə, obyektiv təhlillər aparılsa, görünər ki, bu sahədə də qənaət edilməsi zəruri olan xərclər yetərincədir: “Əgər nəzərə alsaq ki, bu il Neft Fonduna daxilolmalar 2014-cü illə müqayisədə təqribən 2 dəfə az, yəni ən yaxşı halda 8 milyard dolların ətrafında olacaq, onda hökumət dövlət büdcəsinin gəlirlərində neftdənkənar sahələrin rolunun artırılması, xərclər sahəsində isə büdcə vəsaitindən istifadənin səmərəliliyinin artırılması istiqamətində səy göstərəcək”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar