Lavrovun Bakı səfəri

Nurəddin İSMAYIL

Bu gün Rusiya xarici işlər idarəsinin erməni əsilli şefi Sergey Lavrov Bakıya səfərə gəlib. Bu səfərin xoş niyyətli olmaması zatən əvvəldən xalqımıza bəlli. Rəsmi siyasəti, ətrafındakı kiçik dövlətləri siyasi sferasına, iqtisadi asılılığına salmağa yönəlmiş bir dövlətin xarici siyasət idarəsinin başçısı, heç şübhəsiz ki, təmsil etdiyi dövlətin rəsmi kursundan kənara çıxa bilməz. Özəlliklə də erməni simpatizanı olan S.Lavrov kimi ant-Azərbaycan mövqeli bir şəxs. Nə etmək, rəsmilərə, ölkəmizə xoş niyyətlə gəlməyən Lavrova protokol qaydasınca “xoş gəldin” deməkdən başqa bir əlac qalmır. Amma, türklər demişkən, gəlsin bakalım.

Qəbul etməliyik ki, cənab Lavrovun təmsil etdiyi ölkə güclü, imperiya ambisiyalı, caynaqlar iti, geniş çoğrafi əraziyə, böyük hərb maşınına malik dövlətdir, hələki Cənubi Qafqazın de-fakto ağasıdır və NATO-nun bu bölgəyə doğru irəliləməsi adıçəkilən dövləti narahat etməyə bilməz. Diplomatik səfərlərin görünən və görünməyən tərəfləri var. Hər halda bu qaçaraq səfərin görünməyən tərəfləri bizi düşündürməlidir. Nə imiş görəsən Rusiyanın sancısı? Niyə bu ölkənin qarnına azar dolur Azərbaycanı öz daxili və xarici siyasətində müstəqil görəndə.

Görünən odur ki, Qərbin, o cümlədən ABŞ-ın İranla əldə etdikləri nüvə proqramı üzrə razılaşmaları, NATO baş katibinin Gürcüstandakı hərbi təlim mərkəzinin açılışında iştirak etməsi, Türkiyə-Azərbaycan-Türkmənistən dövlətləri arasında regional əməkdaşlığın, nəqliyyat, enerji, müxtəlif layihələr çərçivəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair razılaşmaların əldə edilməsi, ordumuzun işğalçı Ermənistana canlı itkilərlə müşahidə olunan hərbi zərbələr endirməsi, dünənə qədər başı sanksiyalara və Ukrayna olaylarına qarışan Rusiyanı, Cənubi Qafqazda itirilmiş mövqelərini yenidən bərpa etməyə sövq edir.

Cənubi Osetiya və Abxaziyanın anneksiyası ilə kifayətlənməyən Rusiyanın Qçamçira-İnquri istiqamətində dəmir yolunun bərpası bəhanəsi ilə Abxaziya ərazilərinə qoşun yeritməsi, Xəzərdə əzələ nümayiş etdirərək hərbi manevrlər etməsi, Qəbələ RLS-in yerində yeni və daha geniş radiusa malik hərbi baza tikilməsi istiqamətində cəhdləri onun Cənubi Qafqaz üzrə siasətində korrektələr etməsindən xəbər verir və Lavrovun səfəri də Rusiyanın Azərbaycana aid pərdəarxası siyasətinin reallaşmasına hesablanıb.

NATO-nun Rusiyanın keçmiş sərhədlərində yer alması, Ermənistanı çıxmaqla digər iki Cənubi Qafqaz ölkəsinin Avroatlantik məkana inteqrasiya istiqamətində cəhdləri Rusiyanı dinc buraxmır və bütün hərbi, siyasi gücünü, diplomatik səylərini işə salaraq bu ölkələr üzərində hegemonluğunu qorumaq istəyir. Dağlıq Qarabağ probleminin açarını öz əlində saxlayan Rusiya bütün vasitələrlə Azərbaycanı, planını özünün cızdığı və əsas qayəsi rus imperiyasının yenidən canlanmasına hesablanan iqtisadi, siyasi birliklərə daxil etmək və ölkəmizin qərbə yönəlik siyasətini önləmək siyasəti güdür.

Dağlıq Qarabağdan kənar bir neçə rayonun azad edilməsi müqabilində Azərbaycanı Avrasiya İttifaqına cəlb etmək kimi şirnişdirici təkliflərin keçərli olmadığını anlayan Rusiya öz rəsmilərinin dili ilə Ukrayna və Gürcüstanda başlatdığı ilhaq və işğal siyasətini Azərbaycana tətbiq ediləcəyi barədə təhdid dolu bəyanatlarda bulunurlar. Təbii ki, S.Lavrovun da Azərbaycana səfərinin əsas məqsədi ölkəmizi qərb yönümlü siyasətdən geri durdurmaq və ölkəmizi forpostu olduğu Ermənistan sayağı öz nüfuz dairəsinə salmaqdan ibarətdir.

Amma bu səfərin nə məqsəd güdməsindən asılı olmayaraq iç-içə yaşadığımız acılı tarix bizə Rusiyanın Azərbaycana qarşı qəsdçi siyasətini unutdurmamalıdır. Böyükdən kiçiyə bu ölkənin hər bir sakini başımıza gətirilən müsibətlərin, işğalın, vətənimizin parçalanmasının, Xocalı soyqrımının, iyrmi yanvar faciəsinin, soysuz ermənini üstümüzə saldırmanın, həlli çözülmək bilməyən Qarabağ probleminin baş müəllifinin Rusiya olduğunu yaxşı bilir.

Gərəkən odur ki, dövlətimiz Rusiyanın Azərbaycanı yenidən öz siyasi, iqtisadi təsir dairəsinə salmaq, onu hər çür yeniliyin, tərəqqinin intişar tapdığı Avroatlntik məkana inteqrasiyadan uzaqlaşdırıb, hər cür iqtisadi, siyasi geriliyin yaşandığı, varlığı belə qonşu dövlətlər üçün təhlükə olan Rusiyanın çənginə salmaq siyasətinə qarşı adekvat addımlar atmalı və bu dövlətin məkrli planlarına qarşı həssaslıq nümayiş etdirməlidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar