Milli Şura Rəsulzadə konfransı keçirdi -FOTOLAR

“İlham Əliyevin sərəncamı görüntü üçündür; Rəsulzadəyə indiyədək abidə qoyulmayıb, bu, böyük ədalətsizlikdir”

Milli Şura Məhəmməd Əmin Rəsulzadənin 130 illiyilə bağlı geniş tədbir keçirib. AXCP-nin qərargahında keçirilən tədbirdə Milli Şura üzvlərilə yanaşı, tanınmış ictimai-siyasi xadimlər, ziyalılar da iştirak edib.

Tədbir dövlət himninin oxunuşuyla başlayıb, ardınca Azərbaycanın istiqlalı uğrunda canlarından keçənlərin ruhu yad edilib.

Bundan sonra Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənli Rəsulzadənin keçdiyi yol barədə ətraflı məruzə ilə çıxış edib.

Cəmil Həsənli öncə Rəsulzadənin publisist kimi fəaliyyətinə diqqət çəkərək bildirib ki, o, qələmi ilə Azərbaycanla yanaşı, İranda, Türkiyədə, Avropada da nümunə yaradıb: "O, sübut etdi ki, qələmin müqəddəs vəzifəsi millətə xidmətdən ibarətdir".

Cəmil Həsənlinin sözlərinə görə, Rəsulzadənin fəaliyyəti 1917-ci ildə Şərq bölgəsindən Rusiyaya keçir: "Əminliklə demək olar ki, 1917-ci ildə Moskvada müsəlmanların keçirdiyi qurultayın əsas siması Rəsulzadə idi".

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsini Cəmil Həsənli "Rəsulzadə ideyalarının təntənəsi" adlandırıb. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Rəsulzadənin həyatından danışan məruzəçi bildirib ki, o, mühacirətdə də millətə xidmətin nümunəsini yaradıb: "Azad xalqları işğal altına alan bir ölkə Azərbaycana müstəqillik verə bilməzdi. Rəsulzadənin 1942-ci ildə Berlindən Buxarestə dönməsinin səbəbi də bu idi".

Cəmil Həsənli soyuq müharibə zamanında da Rəsulzadənin fəaliyyətini yüksək dəyərləndirərək deyib ki, o, bütün potensialı ilə bu savaşın ön cəbhəsində olub.

"Rəsulzadənin fiziki ömrü də, mənəvi ömrü də ona qarşı mübarizə aparanlardan böyük oldu" deyən Milli Şura sədri Rəsulzadəyə Azərbaycan hakimiyyətinin biganə, ögey münasibətini də tənqid edib. Yada salıb ki, hakimiyyət Milli Şuraya Rəsulzadənin 130 illiyilə bağlı tədbir keçirmək üçün yer vermədi. Bu da sübut edir ki, İlham Əliyevin Rəsulzadənin yubileyilə bağlı sərəncamı sadəcə, görüntü xarakterlidir. Tarixçi alim

həmçinin indiyədək Rəsulzadəyə abidə qoyulmamasını da böyük ədalətsizlik kimi qiymətləndirib.

Rəsulzadə irsinin araşdırmaçısı olan Ege Universitetinin Türk dili kafedrasının müdiri, professor Əli Yavuz Akpınar da tədbirdə çıxış edib. O bildirib ki, indiyədək araşdırılmayan, kölgədə qalan çox ciddi Rəsulzadə irsi var. Onların əksəriyyəti türk mediasıda cəmlənib. Onun sözlərinə görə, həmin yazılarda sovet sisteminə qarşı Rəsulzadənin elmi və əhatəli araşdırmaları var. Əli Yavuz Akpınar həmin materialların kitab kimi hazırlanması üçün çalışdığını da qeyd edib.

Professor Kamil Vəli Nərimanoğlu da Rəsulzadənin ədəbi və publisist yaradıcılığı ətrafında məruzə edib. O, çıxışında Rəsulzadənin əsərlərinin tədris olunmaması faktını tənqid edib. Deyib ki, Rəsulzadə kimi dühanın adı Azərbaycandakı təhsil müəssisələrində tədris olunan dərsliklərdə "xala, xətrin qalmasın" formasında keçməməlidir. Kamil Vəli Hərimanoğlu eyni zamanda, Rəsulzadənin adının BDU-ya qaytarılmasının vacibliyini vurğulayıb. XX əsrdə Azərbaycanın iki dahi yetişdirdiyini deyən professorun sözlərinə görə, bunların biri

Rəsulzadə, digəri isə Əbülfəz Elçibəydir: "Azərbaycan adlı dövlətin formalaşmasına imza atmış bu şəxslərin hər ikisinə qarşı təəssüf ki, ögey münasibət hökm sürür. Rəsulzadə ilə bizim aramıza çox böyük sədd çəkilib. Bizim başımıza o qədər oyun gətiriblər ki, ideallarımızdan uzaq düşmüşük".

Tarixçi alim Nəsib Nəsibli Rəsulzadəyə qarşı hazırkı münasibəti "insafsızlıq" adlandırıb. Bir neçə il əvvəl YAP-çıların Rəsulzadəni ermənilərə torpaq verməkdə ittiham etdiklərini yada salan Nəsib Nəsibli bu gün böyük öndərin 130 illiyilə bağlı verilmiş sərəncamı "ədalətin kiçik qələbəsi" kimi dəyərləndirib: "İndi hakimiyyət Rəsulzadənin keçirilməsi barədə fərman verir. Nədən əcaba? Bu, milli dəyərlərin müxalifətin əlindən alınması cəhdidirmi? Əgər YAP milli şəxsiyyətlərə sahib çıxacaqsa, Rəsulzadəyə heykəl qoyacaqsa, əlbəttə, vətəndaş olaraq, buna çox sevinəcəyəm. Böyük ehtimalla, YAP yazarları Rəsulzadə üzərindən yasaq götürüldükdən sonra bu mövzuya maraq göstərəcəklər. Bəzi idbar adamların bu mövzuda yazmasını arzu etməsək də, onun qarşısını almaq mümkün olmayacaq. Milli aydınların qarşısında duran vəzifə - Rəsulzadə irsini olduğu kimi xalqa çatdırmaq işi daha da aktuallaşacaq".

Tanınmış hüquqşünas Aslan İsmayılov çıxışında Rəsulzadənin gücündən danışıb: "Həmişə belə bir mübahisə var ki, məsələn, Azərbaycan Xalq Cümhuriyyəti dövründə hansı lider daha güclü olub. Yəni, o zaman şəxsiyyətlər, yetkin siyasi liderlər çox olub. Fəqət, Rəsulzadənin gücünə bax ki, o insanları bir yerə yığaraq, dövlət qura bilib".

Aslan İsmayılov onu da qeyd edib ki, hökumət rəsmiləri xarici auditoriyalarda çıxış edərkən Azərbaycanın modern dəyərlərə sahib olduğunu sübut etmək üçün həmişə Rəsulzadədən, Xalq Cümhuriyyəti dövründən bəhs edirlər: "Bu da Rəsulzadənin inkaredilməz gücünü göstərir".

AXCP sədri Əli Kərimli çıxışında vətəndaşların çoxunun Rəsulzadə yaradıcılığından xəbərsiz olmasından təəssüfünü ifadə edib: "Azərbaycanlıların əksəriyyəti Rəsulzadəni simvol kimi sevirlər, amma təəssüf ki, çoxları onun yaradıcılığından xəbərsizdir, kitablarını oxumayıblar. Gənc nəsil Rəsulzadə yaradıcılığına bələd olmalıdır. Bunun üçün onu yaradıcılığının elektron formaya salınmasına ehtiyac var".

Əli Kərimli çıxışında Rəsulzadə irsinin araşdırılmasında bir institut qədər xidmət göstərmiş professor Şirməmməd Hüseynovu yad edərək, ona minnətdarlığını bildirib.

"Rəsulzadə təkcə tarix yazmayıb, o həm də tarixi yazanlardan olub. Hə yaxşı da yazıb. Çünki o dövrü öyrənmək üçün çox vaxt ən etibarlı mənbə məhz Rəsulzadənin yazdıqlarıdır", - deyə AXCP sədri vurğulayıb.(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar