TQDK “Azərbaycan tarixi” kitabından imtina etməyə çağırdı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) "Didaktika" nəşriyyatının buraxdığı “Azərbaycan tarixi” kitabını almamağa çağırıb. Modern.az xəbər verir ki, TQDK mətbuat xidmətinin bununla bağlı məlumatında deyilir:“Bu günlərdə "Didaktika" adlı bir nəşriyyat tərəfindən hazırlandığı qeyd olunmuş “Azərbaycan tarixi” məlumat kitabı barədə bəzi saytlarda və sosial şəbəkələrdə geniş müzakirələr aparılır. Qeyd olunan vəsaitin giriş hissəsində onun TQDK-nın qəbul proqramları əsasında hazırlandığı qeyd olunub.

Xatırladırıq ki, TQDK-nın qəbul proqramı əsasında hazırlandığı iddia olunan “Azərbaycan tarixi” məlumat kitabı və digər bu tipli vəsaitlərlə TQDK-nın heç bir əlaqəsi yoxdur. Komissiya tərəfindən hər il ali və orta ixtisas təhsili müəssisələrinə qəbul proqramları hazırlanaraq dekabr ayında nəşr olunur. 2016-cı il üzrə qəbul proqramları hələ ki, hazırlanmayıb, buna görə də qeyd olunan vəsait qəbul proqramına uyğun ola bilməz.

Abituriyent hazırlığı ilə məşğul olan kurslar bir sıra hallarda özlərinin nəşr etdikləri vəsaitləri abituriyentlər arasında daha etibarlı olmasına inandırmaq, hazırlıq kursunun nüfuzunu artırmaq, daha çox abituriyent cəlb etmək üçün TQDK-nın adından qeyri-qanuni olaraq istifadə edir, bunun TQDK-nın proqramı əsasında və ya TQDK-nın ekspertləri tərəfindən hazırladığını iddia edir. Qeyd edək ki, abituriyentlərin hazırlığına kömək məqsədilə TQDK-nın Ekspert Şurası tərəfindən hazırlanan tədris vəsaitləri yalnız “Abituriyent” jurnalına əlavə kimi dərc olunaraq ictimaiyyətə təqdim olunur. Bundan başqa, TQDK-nın hər hansı hazırlıq kursu ilə heç bir əlaqəsi yoxdur.

İctimaiyyətin nəzərinə bir daha çatdırmaq istəyirik ki, yuxarıda qeyd olunan “vəsait” də bu qəbildən olmaqla Komissiyaya heç bir aidiyyatı yoxdur”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar