QAZAXDA DÖYÜŞLƏR: Ordumuzun giziri şəhid olub, düşmən 18 itki verib - Yenilənib

Azərbaycan ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu, gizir Ağayev Ruslan Qalib oğlu (1991) cəbhə xəttinin Qazax rayonu istiqamətində gedən atışmalar zamanı şəhid olub.

Bu barədə virtualaz.org saytına daxil olan məlumatda deyilir.

Bildirilir ki, gizir düşmən snayperi tərəfindən vurulub. O, Lerik rayonundan hərbi xidmətə çağırılmışdı.

Xatırladaq ki, avqustun 31-dən sentyabrın 1-nə keçən Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu istiqamətində düşmən ordusu ilə şiddətli atışmaların olduğu haqda məlumatlar yayılıb.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə düşmən ordusunun iki hərbçisi bu döyüşlərdə ağır yaralanıb. Onlardan birinin vəziyyəti kirtikdir. Ölənlər barədə məlumat verilmir.

Virtualaz.org-a daxil olan digər məlumata görə, Azərbaycan ordusunun daha bir hərbçisi, gizir Məmmədov Şəki hərbi hospitalında xəstəlikdən vəfat edib.

Ermənistanda nəşr olunan “Aravot” qəzeti isə xəbər yayıb ki, 1 sentyabr gecəsi Qarabağdakı hərbi birləşmələr xeyli canlı itki verib. JAM.az erməni mətbuatına istinadən xəbər verir ki, Azərbaycan Ordusunun açdığı atəş nəticəsində erməni birləşmələrinin 6 hərbçisi öldürülüb. Onlardan birinin zabit, digər 5-nin isə əsgər olduğu bildirilir.

Ermənistanın Tavuş vilayətinin Azərbaycanla sərhəddə yerləşən Ayqepar və Çinari kəndlərində isə sentyabrın 1-də gecə saatlarında iki erməni əsgəri yaralanıb. Yaralanan hərbçilər Berd şəhərindəki hərbi hospitala aparılıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsun Ovannisyan faktı təsdiqləyib.

ANS-in məlumatına görə, erməni mətbuatı tərəflər arasında vəziyyətin gərginləşdiyini yazıb. Bildirilib ki, atəşkəsin pozulması zamanı ermənilər itki verərək geri çəkilməli olub. Ermənistan saytları həlak olanlardan birinin adını da açıqlayıb.

“Silahlı toqquşma zamanı cəbhənin şərq hissəsində tağım komandirinin müavini Axarun Armyan həlak olub. Bundan başqa, daha bir zabitin öldüyü bildirilir. Lakin hələlik onun kimliyi bəlli deyil” deyə, erməni mətbuatı öz itkiləri haqqında məlumat yayıb. Yazının sonunda iki gün əvvəl kəşfiyyatçı dəstənin komandirinin öldürülməsi də xatırlanıb: “Daxil olan məlumata görə, iki gün əvvəl azərbaycanlı snayper kəşfiyyatçı dəstənin ”Yezid Həsən" ləqəbli komandirini öldürüb." Qeyd edilib ki, Yezid Həsən cəbhənin həmin hissəsində uzun müddət kəşfiyyat aparıb.

---

Azərbaycanın müdafiə nazirliyi bəzi yerli elektron KİV-lərdə Azərbaycan ordusunun itkilər verməsi barədə yaydığı məlumatlarn yalan və şaiyə olduğunu bildirib.Bu barədə nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlik bildirir ki, Ermənistanın maraqlarına xidmət edən bu cür xəbərlər, təmas xəttində erməni birləşmələrinin ciddi itkilər verdiyi bir vaxtda ortaya atılıb və Azərbaycanın hərbi uğurlarına kölgə salmaq məqsədi daşıyır.

Nazirliyin məlumatına görə qarşı tərəftəkcə avqustda 18 hərbçi itirib.

Müdafiə Nazirliyi cəbhə zonasında baş verən hadisələr barədə mütəmadi açıqlama verdiyini və bir daha bu cür xəbərlərin yayılmasına həssaslıqla yanaşmağı tövsiyə edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar