“Ermənistan bizimlə əməkdaşlıqdan boyun qaçırır və məruzənin hazırlanmasını əngəlləyir”

“Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” məsələsi üzrə məruzəçi AŞPA Komitəsində bəyanatla çıxış edib

Sentyabrın 1-də Avropa Şurası Parlament Assambleyasının Siyasi Məsələlər və Demokratiya Komitəsinin iclası keçirilib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun APA-ya verdiyi xəbərə görə, iclasda iştirak edən komitənin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” üzrə məruzəçisi Robert Valter çıxış edərək məruzənin hazırlanmasına Ermənistan tərəfinin maneə yaratdığını və məhz bu səbəbdən məruzənin 1 sentyabr iclasında təqdimatının mümkün olmadığını bəyan edib. O bildirib ki, AŞPA-nın cəhdlərinə və onun çoxsaylı təkidlərinə baxmayaraq, Ermənistan tərəfi məruzəçi ilə əməkdaşlıqdan boyun qaçırır, onun Ermənistana və təmas xəttinə səfərinin təşkilindən imtina edir, bununla da məruzənin hazırlanmasını əngəlləyir.

Məruzəçi bəyanatında Azərbaycan tərəfinin əməkdaşlığa açıq olduğunu və müraciəti əsasında cari ilin mart ayında Azərbaycana səfərinin baş tutduğunu, Bakıda bir sıra görüşlər keçirdiyini deyib. R.Valter nəzərə çatdırıb ki, bu günlərdə yenidən Azərbaycan hökumətinə müraciət edərək Ermənistan tərəfi əməkdaşlıqdan imtina etdiyi üçün məruzəni hazırlamaq məqsədilə təhlükəsizlik şəraitini nəzərə alaraq Azərbaycan ərazisi tərəfdən təmas xəttinə getmək və ya yaxınlaşmaq imkanı yaradılmasını istəyib. O, Ermənistan tərəfinin əməkdaşlıq etməkdən imtina etməsinə baxmayaraq, AŞPA-nın 2015-ci il oktyabr sessiyasında və Komitə iclasında öz məruzəsini təqdim etməkdə israrlı olduğunu vurğulayıb.

Qeyd edək ki, R.Valter E.Süleymanovun təqdim etdiyi qətnamə layihəsi əsasında 01 oktyabr 2014-cü il tarixində AŞPA Siyasi Məsələlər və Demokratiya Komitəsində "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” mövzusu üzrə məruzəçi təyin olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar