MAHİR ABDULLAYEVİN ƏN YAXIN DOSTU 10 İLİN GİZLİNLƏRİNİ AÇDI - "Aqil Əliyevə çatası 20 milyonu..." (YENİLƏNDİ)

"Mənim özümü də bir yas yerində yüksək rütbəli bir məmurla, konkret bir nazirlə görüşəndə bunlar gördülər..."

2003-cü il oktyabr ayının 13-də müəmmalı şəraitdə itkin düşmüş MTN zabiti, Azərbaycan Beynəlxalq Universitetinin rektorunun qardaşı Mahir Abdullayevin ən yaxın dostlarından biri olan Qulu Cəfərov öz təşəbbüsü ilə "Yeni Müsavat" qəzetinə müsahibə verir. Elşad Abdullayevin yaydığı videolarda, materiallarda Qulu Cəfərovun adı Mahiri oğurlayan "mütəşəkkil cinayətkar dəstənin üzvü" kimi keçir. Onun bu ittihamlar qarşısında uzun müddət susduqdan sonra indi ortaya çıxması düşündürücüdür. Lakin hər halda Mahir Abdullayevin ən yaxınında olmuş bir şəxs kimi Q.Cəfərovun dedikləri maraqlıdır. AzPolitika.info bunu nəzərə alaraq Qulu Cəfərovun müsahibəsini tam şəkildə təqdim edir.

- Qulu bəy, öncə ondan başlayaq ki, 2012-ci ilin sentyabrından etibarən başlanan Elşad Abdullayev, Mahir Abdullayev, mandat qalmaqalı və buna aid mövzularla bağlı nəyi nə qədər bilirsiz?

- Mandat məsələsi olanda mən universitetdə yox idim. 1997-ci ilin oktyabrından 2001-ci ilə qədər mən ABU-da işləmişəm. Demək olar ki, hər gün səhərdən-axşama qədər Mahirlə birgə olmuşuq. Ancaq yatmağa evlərimizə gedəndə ayrılmışıq. 2001-ci ildən sonra mən Mahiri demək olar ki, görməmişəm. Telefonla söhbətimiz olub. Axırıncı dəfə bir pul söhbətimiz vardı. Mən Rusiyada taxta sexləri açmışdım. Onda Mahirdən 72 min dollar borc almışdım. Onu hissə-hissə almışdım, hissə-hissə də qaytardım. Axırıncı dəfə 2003-cü ilin sentyabr ayında qaytarmışam. Mahir itən vaxt mən Yesentukidə idim. Oktyabrın 18-də gəldim. Gələn kimi mənə qayınanam xəbər etdi ki, bəs Mahir itib. Mən də bunu eşidən kimi Elşadın bacısı oğlu Araza zəng elədim.

Soruşdum ki, nə məsələdir? O da mənə dedi ki, Elşad müəllim təcili sizi çağırır universitetə. Getdim universitetə. Adamın ağlına gələ bilməz ki, belə situasiya yaransın. Otağa girib gördüm ki, Elşad, digər qardaşları Eldəniz, Elsevər, İsmayıl və Mahirin qaynı Məmməd ordadır. Məmmədi tanıyıram, yaxşı münasibətimiz vardı, çox güman ki, nə baş verəcəyini bildiyi üçün mən girəndə otaqdan çıxdı. Məmməd çıxandan sonra bu qardaşlar düşdülər üstümə. Demək, sual verirdilər, sonra Elşad bunlara göz-qaş edirdi, bunlar məni vururdular.

- Nə sual verirdilər? Və niyə vururdular?

- Sual bu idi ki, Mahir hardadır? Deyirəm ki, mən də onu öyrənməyə gəlmişəm. Mənə dedilər ki, sən Mahiri hara aparmısansa, qaytar geri. Lazımdırsa, hansısa zibilliyə pul ataq, gedin götürün, amma Mahiri qaytarın. Dedim, a kişi, mən Mahirdən pul qazanırdım, onun itməsini istəməzdim axı. Prokurorluqda işləyən qardaşları Elsevər də tapançalı idi. Götürüb silahı başıma dirədi. Dedim ki, kişilər, mən iki dəfə geniş miqyasda infarkt keçirmişəm, xəstə adamam, heç kimə gücüm çatmır, qəfil hərəkət də edə bilmərəm. Məndən əlinizi çəkin. Məni belə vəziyyətə salmaq lazım deyil. Məni xeyli döyüb söydülər. Kişinin hirsindən ağlamağı çox pis olur, xanım. İnanın, mən iki-üç gün ağlamağımı saxlaya bilmədim. Çox yerə şikayət etdim. Heç kəs şikayətimə baxmadı, diqqət etmədi. Ola bilsin, hansısa dəstəkləri vardı. Özləri də bərk gedirdi, hamını pulla susdura bilirdilər. Ona görə də bunlardan şikayətimə məhəl qoyulmadı. Arasından bir xeyli keçdi. Bunlar Mahirin nə qədər dostu varsa, onları yığır və başlayırdılar sorğu-suala. Sual da bu idi ki, Mahirin səndə nəyi var? Mən dedim ki, məndə pulu vardı, o pulu da qaytarmışam.

- Konkret sizinlə bağlı Elşad Abdullayev müraciətlərindən birində yazıb ki, Siz “yazıb bildirirəm ki, mən 72 min beş yüz dollar pul almışam. Sverdlovsk diyarından taxta gətirərkən məbləğ 120 min dollar olmuşdu. Hazırda Abdullayevə Mahir İslam oğluna 300 min dollar borcum qalıb. Öz xəttimlə yazıram. Narazılıq etmirəm. Halal pulunu qaytarıram” məzmununda bir izahat yazmısız.

- Bunlar otuzdurdular məni stolun arxasına. Başıma bir tapança dirədi. Dedi ki, yaz “Mahirin mənə 300 min dollar borcu var”. Dedim, mən heç 300 mini bir yerdə görməmişəm. Necə belə bir şey yaza bilərəm axı? Mən canımın qorxusundan 30 min yazdım, bunlar sonradan daha bir “0" əlavə etdilər. Dedim, sex ordadır, gedin baxın. Mən ordan bir qəpik qazanmamışam, hələ ki ondan-bundan borc alıb saxlayıram. Sonra da bankrot olub, gəldim. Halbuki mən Mahirin pulunu özünə qaytarmışam, yanında da Sənan İbrahimov olub. O streslərdən sonra yoldaşımla 2-3 həftə Yesentukidə dincəlmişik. Hər gün Firdovsi Sarıvəliyevi - ABU-nun ərazisindəki yataqxananı özəlləşdirməyə bunlara kömək etmişdi - yanlarına çağırıb döyürdülər. Tələb edirdilər ki, pulları qaytar. O da deyirdi ki, a kişi, mən sizə iş görmüşəm də. Axırda da onun ürəyi partlayıb öldü. Mənim özümü də bir yas yerində yüksək rütbəli bir məmurla, konkret bir nazirlə görüşəndə bunlar gördülər. Ondan sonra çəkinib məndən əl çəkdilər. Mənim qayınatam Elşad Abdullayevin qayınatası Hüseyn Əhmədovla xalaoğlu idi. Qayınatam Hüseyn Əhmədova zəng edib dedi ki, ”xalaoğlu, bu məsələni həll edək". Hüseyn Əhmədov da deyirdi ki, mənim Elşada gücüm çatmır.

- Belə çıxır, siz həm də Elşad Abdullayevlə qohumsuz?

- Belə qohum düşür də. Bizim yoldaşlarımızın ataları xalauşağıdılar.

- Bəs Mahir Abdullayevlə necə tanış olmusuz?

- Biz APİ-də bir yerdə oxumuşuq. O, tarix fakültəsini qurtarıb, mən isə tarix-hüquq. Birinci kursdan sonra əsgər apardılar bizi.

- Sonra San-Marino Universiteti dövrü başlandı...

- Yox, San-Marinonu 97-ci ildə Əhmədxanın əlindən aldılar. Onu döyə-döyə yola saldılar. 3 korpusu vardı San-Marinonun, 97-ci ildə lisenziya aldı.

- Qulu bəy, dediz ki, sizdən o vaxt əl çəkdilər ki, yanınızda bir naziri gördülər. Bəs Sizdən başqa kimləri Mahirlə bağlı sorğu-suala tuturdular?

- Axtardıqları, sorğu-suala tutduqları adamları ancaq pula, mülkə görə axtarırdılar: “Mahirin səndə nəyi var?” deyə hamını incidirdilər. Əsas bunu soruşurdular. Mən o vaxt Mahirin yoldaşına da zəng etdim. Dedim ki, Mahirin filankəslərin adında evləri var, bəs o evlərin vəziyyəti necə oldu? Dedi, hamısını Elşad əlimizdən alıb. Qurana and olsun, yoldaşı dedi ki, hələ bu günə qədər o ailədən bir nəfər də olsun, bir çörək alıb girməyib ki, Mahirin balaları sağdır, ya ölüblər. İki balasının canına and içib dedi bunu. Siz inanın ki, mən o universitetdə qulaqlarımla eşitmişəm ki, Elşad 100 dollara görə Mahirin anasına söyüb. Vallah, siz bu adamları, o xalqı tanısaz, azərbaycanlılıqdan imtina edərsiz.

- Mahirin yoldaşı ilə belə başa düşdüm ki, 2004-2005-ci illərdə əlaqə saxlamısız.

- Bəli, 2005 idi. Zəng vurub dedim ki, indi bir qədər imkanım var. Bazarlıq edim, qoy yoldaşım gətirsin. Dedi, ehtiyac yoxdur, atam, qardaşlarım baxır mənə.

- Sözünüzdən belə çıxdı ki, qardaşların həmin vaxt bütün araşdırması “Mahiri kim oğurlayıb” yox, “Mahirin kimdə pulu var” istiqamətində olub...

- Əlbəttə. Bu adam məni də hər yerdə o cinayətkar dəstənin üzvü kimi təqdim edir. Guya Mahirin oğurlanmasını biz təşkil etmişik.

- Elşad Abdullayevin həmin müraciətini xatırladım. Səhv etmirəmsə, sizi MTN-in idarə rəisi Akif Çovdarovla əlbir olub, Mahiri aradan götürməkdə, Sverdlovskda ortaq taxta-şalban biznesi qurub, onun pulunu qaytarmamaqda ittiham edirdi.

- Hə, deyirdi. Bu günə qədər yüzlərlə versiya deyib bu adam. Guya hamı bunun yanına gəlir, bu adam da onlara qardaşına görə pul verir. Həyatı boyu mümkün olan şey deyil bu. O, kiməsə pul verər e, amma müqavilə ilə, notariusla. İnana bilmərəm ki, o, Sevinc Babayevaya, ya da Gülər Əhmədovaya pul versin. Mütləq qol çəkdirməli idi. Mən bu ailəni yaxşı tanıyıram. Onlar burdan Kürdəmirə gedəndə bir dəfə də olsun yolda dayanıb, çörək yeməzdilər. Xəsisliklərindən. Mən Mahiri çox yaxşı tanıyıram. Respublikada bəlkə də iki-üç artist var ki, Mahirin yanına gəlmirdi. Qalan hamısı gəlirdi. Mən başa düşə bilmirdim ki, onlar nəyə gəlirlər bunun yanına.

- Müğənni deyəndə daha çox Mətanət İsgəndərli yada düşür. Bu xanımın istintaqa ifadəsi də vardı...

- Mətanət heç... Mətanətlə onların sevgi dünyası vardı. Mətanət onu dünyada hamıdan çox istəyirdi. Bəlkə də Mətanət oxuduğu mahnıların çoxunu ona oxuyurdu.

- Hətta belə bir versiya da səsləndirilirdi ki, Mahir Abdullayevi məhz Mətanət İsgəndərlinin evindən aparıblar. Sonuncu dəfə Mahirin telefonunun siqnalları həmin ərazidə olub və sair...

- O versiya da vardı. Amma həyatı boyu mümkün deyildi. Mətanət ölümündən keçərdi, amma ona razı olmazdı. Çox insan adam idi. Nolsun ki, artistdir, amma onun da öz dünyası vardı. İnanın ki, Mahir də həyatda Mətanətdən qorxduğu kimi heç kimdən qorxmurdu.

- Niyə qorxurdu?

- Qısqanclığından. Qorxurdu ki, birdən onu kiminləsə tutar. Binəqədidəki parkda bir “Sevinc” kafesi vardı. Bir dəfə oturmuşduq orda. Mətanət Əsədova deyə bir qadın da vardı, o da bizimlə oturmuşdu. Sənan, mən, Mahir və Mətanət idik. Biz birinci mərtəbədəki kafedə oturmuşduq. Birdən bir nəfər dedi ki, Mətanət İsgəndərli gəlir. Sənan dedi, “Mahir evin tikilsin, Mətiş gəlir”. Bunu eşidəndə Mahir, özünü pəncərədən atdı ki, mən burda deyiləm. (gülür) Xumar Qədimova, Elza Seyidcahan hər gün Mahirin yanına gəlirdilər. Bəlkə də “raskrutka”ya gəlirdilər, bilmirəm. Amma Mahirdə heç vaxt pul olmazdı. Semesterdən semesterə hərdən əlinə pul keçərdi. Elə bil bərəkətsiz adam idi. Qızıl alırdı ordan-burdan, onu satırdı. İndi Mahirin dalınca danışırlar ki, guya universitetdəki qızlara, müəllimələrə pis gözlə baxırdı, ələ keçirmək istəyirdi. Mahir ömür boyu elə şey eləməzdi. Onu Eldəniz, Elşad edirdi. Mahirdə heç vaxt elə şey olmayıb ki, desin filankəsi ələ keçirməliyəm.

- Bəs Mətanət İsgəndərli ilə necə tanış olub?

- Onu kimsə tanış edib, yadımda deyil indi. Amma 97-ci ildən vardı münasibətləri. Mən Mətanətin evində də olmuşam, bizə qəşəng yemək, tort verib. Uşaqları balaca idi onda. Mahirlə gedirdim, iki-üç saat orda olurduq. Çox yaxşı, səmimi insan idi.

- Bəs Mahirin oğurlanması, itməsi, öldürülməsi - bütün versiyalar üzrə vermək olar bu sualı - barədə nə bilirsiz? Sizin versiyanız nədir? Necə baş verib bu hadisə?

- Mən ABU-dan aralansam da, hamını tanıyırdım. Elşadın köməkçisi Mirzə ilə əlaqəm vardı, orda baş verənlərdən xəbərdar idim. Mahir itməmişdən 15 gün qabaq Elşad prorektorlardan biri olan Bəylərlə Fransaya getmişdi. Elşad ordan oktyabrın 11-də gəlib. Həmin vaxt Aqil Əliyevə çatası 20 milyon dolları verməmək üçün getmişdi Fransaya. Qara pullar idi bunlar. O qayıdandan 2 gün sonra Mahir itkin düşdü. İçi mən qarışıq yüzlərlə insan düşünürdü ki, Mahiri məhz Elşad aradan götüzdürüb.

- Nə üçün? Səbəb nə idi?

- Pul məsələsi. İnanın ki, o universitetdə bir gündə 500 min yığmaq mümkün idi. Elə qəbuldan...

- Universitetə qəbul ilin hər günü olmur axı.

- Siz nə danışırsız? İlin hər günü qəbul olurdu, 365 gün. Bazar günü də qəbul vardı. Pul ver, sənədini ver. Əgər mən vasitəçilik etmişəmsə, 1 həftədən sonra tələbənin sənədləri hazır idi. Adam var idi ki, bir il gözləyirdi. Uşağı əsgər gedib gəlirdi, amma onun nə pulunu qaytarırdılar, nə də işini həll edirdilər. Mahir necə qazanırdı deyimmi? Yığırdı 200 nəfərin sənədini. Amma siyahıya 10 nəfərin adını yazırdı, pulunu da verirdi Elşada. Elşad da baxırdı siyahıya, imzasını qoyurdu, deyirdi, bunları qəbul edin. Mahir də o siyahını qoyurdu həmin işə baxan adamın - Nizami Süleymanovun qabağına. 11 nəfəri edirdi 50 nəfər. Siyahıda alt-alta sıx-sıx yazırdı, altda da imza var. Bunu imzalamaq istəməyəndə isə Nizami Süleymanova gözünü ağardırdı ki, bax, mən də sənin işlərini açaram ha...

(Müsahibənin ardı)

- Belə çıxır ki, Mahir Abdullayev də, universitetdəki bəzi adamlar da Elşad Abdullayevi kütləvi şəkildə aldadıb pul qazanırdılar?

- Bəli. Mahir də ancaq bu cür qazanırdı. Elşadgil aşağı pul götürmürdülər başqalarından. Amma Mahir nə gətirsə götürürdülər.

- Və o, itəndən sonra hansı versiyalar çıxdı universitetdə?

- Mənim versiyam belədir ki, Mahiri elə Elşadın özü yox edib. İndi bütün hallarda qardaşdılar, qanı-canı birdir, ola bilsin təsadüfən öldürüblər, heç öldürmək istəməyiblər. Ola bilər gizlədiblər, sonra nəsə hadisə olub. Amma onu Elşad edib. Onu dəqiq araşdırsalar, Elşada gəlib çıxacaq bu söhbət.

- Mahir Abdullayevin sağ olma ehtimalı varmı sizcə?

- İnanmıram. Mahir Azərbaycan dilində zorla danışırdı, başqa heç bir dil bilmirdi. Mahir heç vaxt heç yerdə qala bilməzdi. Öz ailəsini, uşaqlarını o qədər çox istəyirdi ki. Baxmayaraq ki, orda-burda başqaları ilə görüşürdü, ailəsi onun üçün hər şeydən üstün idi, onlarsız qala bilməzdi bu qədər müddət. Gündə uşaqlarına 50-100 dəfə zəng edirdi.

- Siz Mahirin yoldaşı ilə 2005-ci ildə danışmısız. Başqa nə danışırdı bu barədə?

- Sadəcə deyirdi ki, o ailədən heç kim onların qapısını açmır. Bu adamlar nə vaxt “qardaşımız itib” deyə bağırmağa başladılar? Pul əldən gedəndən sonra. Məni dəfələrlə ifadə verməyə bu və ya digər idarələrə çağırmışdılar. Mənə deyirdilər ki, Elşad ifadə verməyə gəlmir. Guya özü istintaq aparır. İstintaq da nə idi? Səndə Mahirin nə qədər pulu, mülkü var? Məsələn, elə adamları mənlə əlaqələndirir ki, mən heç onları tanımıram.

- İstintaqa sonuncu dəfə nə zaman ifadə vermisiz?

- Çoxdan. Bir il olar ki, mənim ölkədən çıxmağıma qadağa qoyulub. Prezidentdən tutmuş hamıya qədər müraciət etmişəm bununla bağlı.

- Sizin videonuz varmı Elşad Abdullayevdə?

- Xeyr, mən Elşadla heç vaxt danışmamışam. Bayaq danışdığım görüş isə 2003-də olub. O vaxt çəkmirdi mən bilən. Lap çəksə də, onu göstərərmi? Başıma tapança dirəyib, izahat yazdırırlar.

- Elşad Abdullayevin iddiasına görə, Mahir Sverdlovskda taxta-şalban alveri ilə məşğul olanda siz və digər şəxslər də onunla olmusuz. O, qardaşının itməsində bu səfərin də rolu olduğunu yazırdı.

- Xeyr, mən Mahirlə birgə Sverdlovskda olmamışam. Mən özüm orda olmuşam. Mahir mənə demişdi ki, sənə 100 min verəcəm bu bizneslə bağlı. Amma o, mənə xırda-xırda vermişdi pulları. Bir dəfə 3 min, bir dəfə 5 min, 72 min pul verib. Bir dəfə “krupnı” pul verib, o da 12 min. Mən də gedib 60 minlik meşəni aldım, sonra bataqlığın içində hamısı məhv oldu.

- Nə işlə məşğul olacaqdınız Mahirlə birgə?

- Orda biznesim olacaqdı. Müəyyən iş də gördüm, aldığım borcları qaytardım. Mahirə də hissə-hissə qaytardım. Gətirib iki vaqon taxta-şalban satanda pulu nə qədər edirdisə, Mahirə verirdim.

- Bəs onunla sonuncu görüşünüz nə vaxt olub?

- 2003-cü il sentyabrın ikinci yarısından sonra görüşmüşəm onunla. Karl Marks heykəlinin yanında olub görüşümüz. Dedim, gəl ordakı çayxanaya. Sənan İbrahimovla birgə gəldilər ora. Axırıncı pulları orda verdim.

- Sizinlə söhbətində nə vaxtsa oğurlanacağı ehtimalını səsləndirmişdimi? Nə danışırdı son günlərində?

- Mahir, doğrusu, qorxaq adam idi. Amma o vaxt heç nədən qorxmurdu, çəkinmirdi. Qorxacaq heç nəyi yox idi. İnanmıram, Mahir Elşada pul “atsın”, ya da Elşad Mahirin yanında heç olmasa 100 dollar pul qoysun. Sizə daha bir şey deyim. Bu Azad Mürsəliyevi başa düşmürəm. 2005-ci ilə qədər Elşad Abdullayevi mənim yanımda söyüb. Elşad da onu tutdurub sonra. Amma Elşad nə Azadda, nə Anarda olan pulları çıxara bildi. İndi də aclıq aksiyası keçirir ona görə.

- Elşad Abdullayevin qayınatası Hüseyn Əhmədovla Mahir Abdullayevin münasibətləri necə idi bəs? Deyilənə görə, həmin vaxt ABU-da qruplaşma olub: Hüseyn Əhmədov və onun ətrafındakı şəxslərlə Abdullayevlər əks qütblərdə dayanıblar.

- Mahirlə Hüseyn Abdullayevin münasibətləri çox pis idi. Mən də Mahirin adamı idim deyə hər şeyi aydın hiss edirdim. Ermənistanlılar bir tərəfdə idi, kürdəmirlilər o biri tərəfdə. Hüseyn Əhmədovun gətirdiyi müəllimlər savadlı, mədəni kadrlar idi. Amma Elşadın gətirdikləri... O gün yazıb ki, mənim elmlər namizədi qardaşım... Gəlsin o adam adını-soyadını, atasının adını kağıza səhvsiz yazsın, mən gedib deyərəm ki, Mahiri mən oğurlamışam. Guya Elşadın özü haranın alimidir? BDU-nu qurtaranlar bilmirlər ki, sən hansı savadın yiyəsisən? Elşad, sən mənə dərs demisən, necə dərs keçdiyini bilirəm axı. Dərsin əvvəlindən qızların-oğlanların adlarını oxuyurdun, dərsin qurtarmasına 15 dəqiqə qalmış mövzunun adını deyib gedirdin. Elşad istədiyi adama Mahirlə təsir edirdi. Mahirdən ABU-da çox qorxurdular. Mahir koridorda gəzəndə dekanlar qaçıb gizlənirdilər. Qorxurdular ki, indi Mahir onları çağırıb, “1000 dollar gətir ver bura” deyəcək. Elə adam idi. Deyirdi, yiyəsi mənəm buranın.

- Bizə göndərdiyiniz məktubda yazmışdınız ki, sabiq deputat Gülər Əhmədova, onun həyat yoldaşı Fikrət Əhmədov barəsində də məlumatlarınız var...

- Mən bilirdim ki, Mahirlə Gülər Əhmədova bir-birini tanıyırlar. O vaxt eşidirdim ki, Mahir hətta onların evinə də gedib. Mahir onun həyat yoldaşı Fikrət Əhmədovla da tanış olub, yəni ailəvi tanışlıq. Çünki Mahir də APİ-də tarix fakültəsinin komsomol katibi idi, Fikrət Əhmədov da ikinci katib idi. Biz oxuyan vaxt - mən əsgərliklə birgə 7 il orada olmuşam - Fikrəti orda görmüşəm.

- Bəs Sevinc Babayevanı necə tanımısız?

- Sevinc orda işləməyib. Sadəcə, tələbə gətirib. Tavat Şirinova orda işləyib, dərin düşüncəli adam deyildi, ondan istifadə edirdilər. O zaman deyirdilər ki, Sevinc ABU-ya “krupnı” tələbələr gətirir. Hətta çox adam təəccüblənirdi ki, bu, necə bu qədər adamı yığıb gətirir universitetə? Birdən 300-500 tələbə gətirirdi.

- Bəs ABU-nun pərdə arxasında, maliyyə məsələlərində nələr yaşanırdı?

- Hesab edin ki, “Təzə bazar”a getmisiz, pulsuz nə istəyirsizsə götürürsüz. Yəni ortada o qədər pul vardı ki. Koridorla getdiyin yerdə 50 uşaq birdən yaxınlaşırdı ki, sənədləşməmi həll edin. Əsas məsələ orda bu işi tez həll edənin kimliyi idi. Məsələn, mən sənədləşməni tez həll edənlərdən idim. Amma camaat 2000 manat alanda mən yazıq 500 manat alırdım.

- Mahir Abdullayevlə bağlı danışıq aparılan bəzi şəxslərin videoları ilə tanışıq. Xəbəriniz varmı siyahıda daha kimlərin videosu var?

- Vallah, Sənan İbrahimovu, Nicat Əliyevi, Nərimanı çox axtardılar. Şəkili Eldar - Sənanın əsgərlik yoldaşı idi - ondan obyekt almışdı deyə maraqlanırdılar. Mən də bilirəm ki, Mahir necə obyekt alır. Tutaq ki, obyekt 120 minlikdir. Mahir çıxarıb 5 min verir, sənədləşmə ilə adına keçirir, sonra da deyirdi ki, “yavaş-yavaş verirəm də”. Bunlar qəribə adamdılar. Bacılarının evlərini oğurlamışdılar. İnstitutdan bir neçə adam, eləcə də mən getdim. Bizi Bəxtiyar adlı kürdəmirli bir cavan oğlanın üzünə qoymaq istəyirdilər, mən razılaşmadım. Bir gün Mahir dedi ki, məni bacımgilə apar, getdik. Mən oturdum maşında, bu getdi. Yay vaxtı idi, maşının şüşəsi də açıq. Bir də gördüm içəridən bacısının səsi gəlir ki, bəs sən əclafsan, yaramazsan, mənim evimi sən oğurlamısan. Səbəb də budur ki, sən mənim ərimlə yola getmirsən deyə belə edirsən. Bunlarda belə xasiyyət vardı ki, bir adama nəsə etmək istəyəndə axıra kimi edirdilər, məhv edənə kimi.

- Daha sonra heç Abdullayev qardaşları ilə, konkret Elşad Abdullayevlə görüşünüz olmadı?

- Ondan sonra bir dəfə Elşada zəng etdim ki, görüşək. Dedi ki, gəl universitetə. Dedim, mən o viranxanaya gəlmirəm. Qayıtdı ki, sən o viranxanada pul qazanmısan. Dedim, mən 1000 manat qazananda 200-nü də sizə qazandırırdım. İkincisi də, mənim də dövlətimdir, mən də hardasa işləyib pul qazanmalıyam da.

- Niyə görüşmək istəyirdiniz onunla?

- Elə o tapançaya, mənə yazdırdıqları şeylərə görə.

- Sizdən “qardaşım hardadır” deyə, haqq-hesab soruşulub?

- Bilirsiniz, mənlə bağlı başqa adamlar da vardı ki, onlara gücü çatmırdı. Ona görə də məndən tutmuşdular. Özü də qardaşlarını ilk dəfəki görüşdə soruşmuşdular. Sonradan məndən ancaq obyekt, pul soruşdular, qardaş yaddan çıxdı. Mahirin kimdə nəyi var. Mahir itəndən qısa müddət sonra onun bütün mal-mülkünü öz adlarına keçirmişdilər. Mahirin bir evi vardı, bir nəfərin adına idi, mən Mahir itəndən sonra onun yoldaşına zəng etdim və dedim ki, Mahirin filan yerdə filan evi bu adamın adınadır, geri alın, o adamın da telefonunu verdim onlara. O adam da məmnuniyyətlə həmin evi Mahirin ailəsinə qaytardı.

- Mahir Abdullayev o biri qardaşlarından nə iləsə fərqlənirdi?

- Əlbəttə. Onda insani düşüncələr var idi. Uşaqlarını çox istəməsi, ailəsinə görə, adamlarla mehriban idi mümkünsə. Mahir adam öldürən, adam döyən deyildi. Xoşlayırdı ki, onu tərifləsinlər, desinlər ki, Mahir birincidir. Artistlərə əl də tuturdu, bir neçəsini adam elədi, sponsorluq edirdi. Amma bunu yoldaşından və Mətanətdən gizlin edirdi. Mətanət Mahirin telefonuna cavab verməyəndə Mahir hər şeyindən keçərdi ki, onun yanına getsin. Bilirsiz, o şou-biznes sahəsində olan qadınlardan birinin sözüdür. Deyir, kişiyə nə qədər çox pul xərclətsən, səni bir o qədər çox istəyəcək. Onlar bu işi yaxşı bilirlər. Mahir onu sevirdi, həm də pul xərcləyirdi deyə daha dəyərli idi.

- Mahir Abdullayev itəndən sonra Mətanət İsgəndərli sizi axtardımı?

- Yox, mən ondan sonra Novorossiyskiyə getmişdim. Bir kəndçimizin toyunda bu, oxuyurmuş. Yoldaşıma yaxınlaşıb, məni soruşub ki, ürəyi xəstədir, necədir. Mahiri soruşmayıb, mənimlə maraqlanıb.

- Bəs zəhərlənən qardaşları Eldənizlə bağlı məlumatınız var?

- Nə zəhərlənməyi? İnfarkt keçirib. Uşaqlar danışırdılar ki, təzə dili tutulan vaxt kolyaska ilə universitetin qabağında dayanıb, gedib gələnə “pul ver, pul” deyirmiş. Zəhərlənmə mümkün deyil, Elşad burdan gedənə qədər hər gün “Qurd qapısı” restoranında yemək yeyib. Ora adam zəhərləyən yer idisə, niyə özü orda yeyirdi? Beyin infarktı keçirib də.

- Siz ABU-dan niyə getdiz?

- Mən ABU-da Azərbaycan tarixi, dövlət hüququ tarixi, insan hüquqları, demokratiya dərsləri demişəm. 2001-ci ildə ordan aralaşdım. Elə bir səbəbi yoxdur. Sadəcə, get-gedə qazanc da yox idi orda. Taxta biznesim inkişaf edəcəkdi. Elşad da ilk gündən mənlə yola getmirdi. Mən sizə Elşadın ailəsindən danışım. Bunların bir bacısı oğulları var. Yaşca ən kiçik olanı əlinə balta alıb düşürdü universitetin canına. Pulu qurtaranda pul tələb edirdi. Əməlli-başlı dəli idi. Deyirdi ki, siz pul qazanırsız, mənə də verin. O vaxt bütün qohumları Elşadın yanına pula gəlirdi. İsmayıl, Elsevər... Elşadın atasının adı İslamdır. Ona Kürdəmirdə “Xiy İslam” deyirlər, “xiy” axsaq deməkdir. Bazarda 10 kvadrat metrlik parça dükanı olub. O vaxt orda müstəntiq işləyən bir dostum danışırdı ki, bazarda bir çaynik çay o vaxt 10 qəpik imiş. Amma bu kişi o qədər xəsis imiş ki, Elşad yayda istidə, qışda qarda qucağında termosla bazara atasına çay gətirirmiş, bazardan çay almırdı. Çox kasıb yaşayıblar bunlar.

Ya da indi aclıq aksiyası keçirən Azad Mürsəliyev. Bu adam hər zaman mənim yanımda deyirdi ki, Mahirə canım qurban, mən bilirəm ki, onu Elşad oğurlatdırıb. Yüzlərlə dəfə deyib bunu mənə. İndi üzləşdirin bizi, üzünə də deyərəm.

- Sizinlə bağlı ittihamlar da vardı, onun sonu necə oldu?

- Təqsirləndirilən şəxsəmsə, ortaya sübut qoy, həbs elə də. Sübut edə bilmirlər və məni ölkədən çıxmağa qoymurlar.

Sevinc TELMANQIZI

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar