Dolların taleyi necə olacaq? - EKSPERT CAVAB VERİR

Federal uçot dərəcəsinin artırılmasının manata mümkün təsirləri

ABŞ-ın Açıq Bazar Əməliyyatları üzrə Federal Komitəsinin (ABƏFK) sentyabrın 16-17-də nəzərdə tutulan toplantısında federal uçot dərəcəsinin artırılacağı ilə bağlı informasiyalar narahatlıqla müzakirə olunmaqdadır. Yerli mətbuatda ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcələrini artırmaqla bağlı qərarı verəcəyi tədqirdə dünya bazarında neftin qiymətinin daha da ucuzlaşacağı və Azərbaycan manatının dəyərini bir az da itirəcəyi ilə bağlı mövqelər sərgilənir.

Bu informasiyanın yaratdığı narahatlığı nəzərə alaraq, bildirmək istərdim ki, böyük ehtimalla ABƏFK-nin növbəti toplantısında bununla bağlı qərar qəbul olunmayacaq. Çox güman ki, FES faiz dərəcələrinin artırıması qərarını ya bu ilin sonunda və ya da gələn ilin əvvəlində verəcək. Əgər qərarın qəbulu bu ilə təsadüf edərsə, onun ABFK-nin dekabrın 15-16-na təyin olunan toplantısında veriləcəyi gözlənilir. Həmin tarixə qədər ABƏFK-in 2 toplantısı (sentyabrın 16-17 və oktyabrın 27-28-də ) olsa da, ABŞ iqtisadiyyatında pozitiv meyllərin müşahidə olunması, xüsusilə də mövcud və yeni iş yerlərindən istifadə səviyyəsinin yüksəlməsi hesabına işsizliyin azalması, enerji daşıyıcılılarının qiymətinin ucuzlaşmasına görə inflyasiyanın sabitləşməsi bu qərarın müəyyən müddətə qədər ləngidilməsinə əsaslar yarada bilər.

ABŞ iqtisadçıları belə bir qərarın dünya iqtisadiyyatına, xüsusilə də inkişaf etməkdə olan Çin kimi nəhəng ölkələrin bazarlarına təsirlərinin fəsadlarını da geniş müzakirə edirlər. Hesab edirəm ki, bu amil ABƏFK-nin məlum qərarı növbəti iclaslarda təxirə salmaq üçün mövcud olan arqumentlərin gücünü artırır. Belə ki, federal uçot dərəcəsinin artımı dolların möhkəmlənməsi üçün potensial imkan yaradır. Çünki bu qərar buxovlayıcı xarakter daşımaqla pul gütləsinin məhdudlaşmasına, faiz dərəclərinin yüksəlməsinə xidmət edir. Beləliklə də yüksək faiz dərəcələri dolların digər valyutalara nəzərən möhkəmlənməsini və son nəticədə də dollarla ödənilən əmtəələrin qiymətlərinin ucuzlaşmasını şərtləndirir. Belə olan halda da dollarla əməliyyat aparanlar, əsasən ABŞ şirkətləri və istehlakçıları hər xərclənən 1 dollara görə daha çox əmtəə ala bilirlər. Unutmayaq ki, dollar valyuta olaraq ABŞ FES-nin öhdəliyidir. Deməli, belə olan halda ABŞ-ın federal uçot dərəcəsinin artımı tədiyyə balansında yüksək kəsirə malik ölkələrin iqtisadiyyatına zərbə vurur. Belə bir qərarın bizə birbaşa təsirləri tədiyə balansında böyük kəsiri olan ölkələrin iqtisadiyyatına olacaq.

Qeyd edək ki, Mərkəzi Bankın açıqladığı informasiyaya görə, 2015-cü ilin 1-ci rübünün sonuna Azərbaycanın cari əməliyyatlar hesabında 58 milyon dollar məbləğində profisit yaranıb, halbuki, həmin göstərici 2012-ci ilin eyni dövründə 4 milyard 643 milyon, 2013-cü ildə 4 milyard 193 milyon, 2014-cü ildə 3 milyard 333 milyon dollar olub. Göründüyü kimi, tədiyə balansının cari hesabının profisiti sürətlə azalır, son göstəricinin bu ilin aprel ayında cəmisi 58 milyon dollar olduğunu və azalma tempinin sürətlə getdiyini nəzərə alsaq, hazırda bu göstəricinin pozitiv olması da şübhə doğurur. Tədiyə balansının kəsirinin yaranması və artması tendensiya qərarlaşacağı halda bu qərar Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək.

Deməli, çox şey dünya bazarında neftin qiymətlərindən, məhsul və xidmətlərin xarici ticarətinin müsbət saldosunun səviyyəsindən asılı olacaq. Bu qərarın konkret olaraq Azərbaycan manatına mənfi təsirində xarici ticarət və büdcə saldosunun vəziyyəti əhəmiyyətli rol oynayacaq. Əgər tədiyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az ola bilər. Əks halda isə bu qərar Azərbaycan iqtisadiyyatını bohrana qarşı immunitetini bir az da azalda bilər. Odur ki, indidən milli bazarın iştirakçılarını bu qərarın mümkün təsirlərinə hazırlamaq lazımdır.

Qubad İbadoğlu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar