Ədliyyə Nazirliyi ADR üzvlərinin müraciətini təmin etmədi

Müsavatın qurultayının nəticələrini ləğv etdirmək istəyənlər isə sonadək gedəcəklərini bəyan etdilər

Sentyabrın 4-də Ədliyyə Nazirliyi Müsavat Partiyasının VIII qurultayının nəticələrinin ləğvi ilə bağlı bir qrup keçmiş müsavatçının müraciətinə cavab verib. Nazirliyin cavabında bildirilib ki, partiyanın qurultayı ilə bağlı qeydiyyata alınmış dəyişikliklərin (sənədlərin) ləğvi üçün şikayətçilər məhkəməyə müraciət etməlidirlər.

Şikayət ərizəsinin müəlliflərindən biri olan Əlövsət Əhədoğlu APA-ya bildirib ki, sentyabrın 4-də Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən onun ünvanına cavab məktubu daxil olub və məktubda məhkəməyə müraciət edilməsi məsləhət görülüb. Ə. Əhədoğlu qurultayın nəticələrinin ləğvi üçün bütün imkanlardan istifadə edəcəklərini deyib.

Müsavat Partiyasının təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Ədliyyə Nazirliyinin cavab məktubu faktiki olaraq ərizəçilərin müraciətinə mənfi cavab kimi qəbul edilməlidir: “Çünki onların qanunsuz, əsassız tələbləri qəbul edilməyib. Bir neçə ay öncə Ədliyyə Nazirliyi Müsavat Partiyasının 8-ci qurultayının sənədlərinə baxıb və heç bir problem olmadığından təsdiq edib. Nazirliyin ərizəçilərə cavabından da bir daha aydın oldu ki, Müsavat Partiyasının qurultayı nizamnaməyə və qanunlara uyğun keçirilib”.

Qeyd edək ki, Müsavatın qurultayının nəticələrinin ləğvi xahişi ilə Ədliyyə Nazirliyinə Azərbaycan Demokratiya və Rifah Hərəkatının keçmiş müsavatçılar olan 11 nəfər üzvü müraciət etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar