“Rüstəm Ibrahimbəyov sindromu”

Bəziləri əsas məqama qədər radikal müxalifətçilik görüntüsü yaradıb, lazımi anda özlərini yaxşı qiymətə bazara çıxarmağa vərdiş ediblər

Qurban Məmmədov

Bu sindrom Azərbaycanın indiki müxalifət rəhbərliyini onlar siyasi səhnəni tərk edənədək təqib edəcək. Xüsusilə də, Milli Şurada təmsil olunan liderləri, rəhbərləri, aparıcı şəxsləri. Bu sindrom indiki müxalifətçi liderlərin heç vaxt xalqdan və Azərbaycan ziyalılarından dəstək ala bilməyəcəklərinin təminatçısıdır - təminatıdır!

Bu sindrom həm də son 20-25 ildə məcburiyyət qarşısında vətəni tərk edib başqa dövlətlərin vətəndaşlığını qəbul etmiş müxalif əqidəli insanların da indiki müxalifət liderlərinə dəstək verməyəcəklərinin qarantıdır. R.Ibrahimbəyova qarşı Milli Şurada sərgilənən münasibət ikili vətəndaşlığı olan həmin şəxslərin də ehtiyatlı davranmağına, bu müxalifət liderlərindən məsafə saxlayacaqlarına səbəb olacaq və olmalıdır. Bu isə, böyük və imkanlı bir elektoratın itirilməsi deməkdir.

Bu idimi bizim R.Ibrahimbəyova təşəkkürümüz?

Mən mövqeyimi açıq və qəti bildirmək istəyirəm: R.Ibrahimbəyovun bezikdirilməsi, bəzən təhqir və ələsalma səviyyəsinə qalxan əsassız tənqidi və Milli Şuranın rəhbərliyindən getməsinə məcbur edilməsi şərin (rejimin) layihəsi idi və çox uğurla da bizim öz əlimizlə həyata keçirildi.

Çoxdan idi ki, yəni son 20 ildə bir nəfər də olsun ciddi tanınmış ziyalı müxalifətə qoşulmur, dəstək vermir, şərə (rejimə) qarşı səsini çıxarmırdı.

Bu addımı ilk atan o oldu - R.Ibrahimbəyov.

Həm də hansı məqamda?!

Müxalifətin birləşməsinə hava-su qədər zərurət olduğu və bu birliyin zəruri olmadığını inandırmağa çalışanların üzündən, onun alınmasının qeyri-mümkün göründüyü bir vaxtda.

Birliyin ayrılıqdan, yumruğun barmaqdan, elin-selin faydalı olduğuna kimsəni inandırmağa ehtiyac yoxdur. Özünü inanmayan kimi göstərənlər isə ya dəlidir, ya dəli!

Biz özümüz birləşə bilərdiksə, ona ehtiyac olardımı?

Biz özümüz şərə qarşı mübarizəyə liderlik edə bilsəydik, xalqı mübarizənin mümkünlüyünə və vacibliyinə inandıra bilsəydik, o bu missiyanı öz üzərinə götürərdimi? Onun bizsiz də kifayət qədər işi, problemi var. Ən azı yaradıcılıq fəaliyyəti. Bizim çoxlarımız kimi, yaşamağı və siyasi fəaliyyəti imitasiya etmir!

Ancaq obyektiv şərtlər tələb etdiyini nəzərə alıb o yaşında, öz ziyalılıq və vətəndaşlıq məsuliyyətini dərk edərək, sinəsini qabağa verdi. Özündən sonrakı ziyalılara yol, mövqe, nümunə göstərdi. Xalqda ümid oyatdı, inam yaratdı. Öz beynəlxalq nüfuzu və əlaqələri hesabına bizim son 20 ildə bacarmadığımızı elədi - dünyanın diqqətini bu şər bataqlığına yönəldə bildi, cəlb elədi. Malını və canını riskə atdı. Sözün həqiqi mənasında.

Onun şəxsiyyəti ətrafında bir-birinə salam verməyi ar bilənlərdən tutmuş, bir-birinə hakimiyyətdəkilərdən daha çox nifrət edənlərdən tutmuş, öz səngər, 20 illik mübarizə yoldaşına - səngər qardaşına güzəşt etmək istəməyənlərə qədər çox müxtəlif qüvvələr birləşdi. Ürəklərdə inam atəşi yandı. Tərəfsizlər, biganələr, yorğunlar, inamsızlar, tərəddüd edənlər hamısı hərəkətə keçdi. Hakimiyyət vahiməyə düşdü.

O vaxt nədənsə bizi onun ikili vətəndaşlığı, “xüsusilə də Rusiyanın vətəndaşı olması” qətiyyən maraqlandırmadı. Şər qarşısında biabırçı şəkildə uduzub sifətimizi də, şəxsiyyətimizi də itirəcəyimizin qorxusundan onun ətəyindən bərk-bərk yapışdıq. Onu bəhanə etdik, hətta ayağına Tiflisə də getdik.

Hakimiyyət isə əsl təhlükənin məhz indi yarandığının fərqində idi. Qarşısına çıxan son 20 ildə tanıdığı, bəzən sövdələşdiyi, bəzən şantaj etdiyi, bəzən alıb-satdığı, çox vaxt da idarə etdiyi ənənəvi müxalifət nümayəndəsi deyildi. Maddi və mənəvi baxımdan ondan heç bir asılılığı olmayan, ləkələmək, şantac etmək üçün heç bir tutacağı olmayan dünyada tanınmış, sözün bütün mənalarında əsl ziyalı idi - tam müstəqil, qətiyyətli və ciddi.

Hakimiyyəti tam itirib bu tezliklə məhbəs həyatı yaşamaqdansa bəzi xərclər çəkməyə dəyərdi. Vaxtında qərar verdilər. Və ...

Biz özümüz başladıq. Rəqib yalan oldu. Əvvəl sübut etmək istədik ki, dünən özümüz seçdiyimiz sən demə “rus projesi”dir. “Proyekt”, “layihə” yox, məhz “proje”. Qoy görsünlər ki, biz təmizqanlı türklərik.

Sonra dedik o mütləq Bakıda olmalıdır. Heç bir şərt qoymadan Bakıya gəlməlidir. Bilə-bilə ki, liderin məkan baxımından harada olmasının əhəmiyyəti yoxdur: Mandela 27 il məhbəsdən idarə edib. Hələ Xomeyni Parisdən Iranı yönəldirdi.

Başladıq lağ etməyə. Dedik multfilim çəkir. Dedik rejisorluqla siyasəti səhv salıb. Dedik qorxaqdır. Dedik onu Putin idarə edir. Dedik, dedik, dedik ... durmadan dedik. Biz deyəndə hakimiyyət susurdu. Onun işini biz gördüyümüzə görə. Biz duranda hakimiyyət deyirdi. Öz adını ona qoya-qoya deyirdi.

Biz guya birləşmişik.

O qədər müdrik xalqımız var ki!

Tərəfsizlər, biganələr, yorğunlar, inamsızlar, tərəddüd edənlər hamısı ehtiyyatlanmağa başladı - bunlara görə risk etməyə dəyərmi?

Pis-yaxşı bu hakimiyyət var. Öz seçdiyinə, ağsaqqal kişiyə, atası yerində olan adama lağ edənlər, bir-birinə badalaq gələnlər, üzdə özlərini dost, həmkar, müttəfiq kimi göstərib öz qəzetlərində və sosial şəbəkələrdə bir-birini söydürənlər hakimiyyətə gəlsələr necə olacaq? Risk etməyə dəyərmi? Əlbəttə dəyməz. Ona görə də seçkiyə gəlmədi millət. Gələnlərin əksəriyyəti Cəmil Həsənliyə səs verdi. Milli Şuraya görə yox, onun öz şəxsiyyətinə və cəsarətli seçki kampaniyasına görə. Milli Şuranı artıq biz özümüz hələ seçkiyə qədər gözdən salıb, millətin ona olan ümidlərini qırmışdıq. Belə olmasaydı, xalq bir nəfər kimi ayağa qalxacaqdı və buna hazır idi. “R.Ibrahimbəyov Sindromu” milləti yenidən siyasi pessimizmə yuvarlatdı. Nəticə göz qabağındadır. Yüz qazi, min əsgər atası, on min dul qadın, yüz min yetim də özünü yandırsa, bu xalq ayağa qalxan deyil, çünki o onu gözləyən gələcəyin indikindən yaxşı olacağına inanmır. Biz bunu ona göstərmək əvəzinə tam əksini etdik, daha doğrusu, etmişik artıq.

Xalq müxalifətin birliyinin səmimiliyinə inanmayınca və onu gözləyən gələcəyin, ən azı vacib konturlarını təsəvvür edib anlamayınca hərəkətə gəlməyəcək. Istənilən qeyri-mütəşəkkil hərəkət isə üsyan, qan, dağıntı, viran olmuş vətən deməkdir - bu isə heç kimə lazım deyil.

Bu Sindromun başqa bir tərəfi daha var. Indiyə qədər dediklərim siyasi məsələlərlə bağlıdır.

Ən qorxulu və ziyanlı nəticə isə, bu Sindromun əxlaqi tərəfidir.

Biz nə etdik? Bizim qərarlarımızın mahiyyəti nədir?

Biz R.Ibrahimbəyovla birlikdə, lakin onun təşəbbüsü və rəhbərliyi altında, mütəşəkkil, nizami, monolit bir cinayətkar təşkilatla üz-üzə durduq. Bu təşkilat öz cinayətkar strukturlarını rəsmi dövlət orqanları adı altında (məhkəmə, polis, gömrük, vergi, prokurorluq və s.) gizlətdiyinə və tam nəzarətsiz olaraq milli sərvətlərə sahiblik etdiyinə görə, eləcə də, qanuni (əslində qanunsuz) və qanunsuz silahlı dəstələrə malik olduğuna görə bizdən qat-qat güclüdür. Bu gücə qarşı yalnız bir güc çıxa və dayana bilərdi: R.Ibrahimbəyovun rəhbərliyi (bunun rəsmi olması önəmli deyil) altında birləşən Milli Şura və hərəkətə gətirdiyi xalq kütlələri.

Söhbətin nədən getdiyini bilənlər başa düşürlər ki, R.Ibrahimbəyov faktiki olaraq öz şəxsi həyatı və mal varlığını (ən azı Azərbaycandakı) təhlükəyə atdı, həm də bu yaşda. O bunu bizə güvəndiyi, arxayın olduğu, etimad və etibar etdiyi üçün etdi. O gözəl başa düşürdü ki, kollektiv mübarizə, təşkilatla birlikdə mübarizə təkbaşına mübarizədən daha təhlükəsiz, az risklidir. O bizə etibar etmişdi, inanmışdı, ümid etmişdi.

Bizsə, onu satdıq, ona xəyanət etdik, “atdıq” ona. Hakimiyyətə onu təkləməkdə kömək etdik!

Çox həssas xalqımız var! Bu xalq həm müdrik, həm cəfakeş, həm fədakar, həm də çox-çox həssasdır. Biz indi onun gözündə satqın və xain rolundayıq.

Satqına isə güvənilməz. Pis də olsa yenə də nağd olan yaxşıdır.

Bu seçki, maskaları cırmadı, maskaları tamam saldı, qlaflar dağıldı. Həm hakimiyyətdəkilərin, həm də bizim müxalifətin!!!

Mən edilən bu hərəkətlərə görə Milli Şurada bir gün də qalmazdım. Sadəcə olaraq, düzgün başa düşülmərəm deyə, rəqibə əlavə dəstavuz verərəm deyə bunu etmirəm.

Son 20 ildə Bakıda ola-ola, yalnız Azərbaycan vətəndaşı olmaqla öz müxalifətçi vəzifələrinin öhdəsindən gəlməyənlərin, xalqla hakimiyyət arasında bufer rolu oynayıb, müxalifəti monopoliyaya almışların adından Sizdən üzr istəyirəm, Rüstəm Ibrahimbəyov. Siz ən böyük Azərbaycanlısınız. Bağışlayın bizi. Bu xalq o qədər də qədirbilməz deyil. Ona olan sevginiz və məhəbbətinizi, inam və etimadınızı Allah əlinizdən almasın. Amin!!!

Bu yerlərə gəlib çıxmağınızın səbəbləri mütləq açıq və geniş müzakirə olunmalıdır. R.Ibrahimbəyovun tək şəxsiyyəti ilə etdiyini biz partiya olaraq 20 ildə edə bilməmişiksə, deməli, o, partiyadan daha xeyirlidir bu xalqa. Bu hansı partiya olursa olsun! Dostları və müttəfiqləri seçməyin, ayırmağın vaxtıdır.

Bəziləri əsas məqama qədər radikal müxalifətçilik görüntüsü yaradıb, lazımi anda özlərini yaxşı qiymətə bazara çıxarmağa vərdiş ediblər. Bu gün həbsxanalarda çürüyən onlarla gənc də məhz belə “maskalı siyasət”in nəticəsində əziyyət çəkir. Çünki onlar bizə inanırlar. Inanırlar ki, bizim R.Ibrahimbəyov kimi ikili vətəndaşlığımız yoxdur, “xüsusilə də Rusiya vətəndaşı deyilik” və Yasamaldan-Hövsandakı dəniz qırağındakı balıq restoranlarına qədər, Xocəsəndən-20-ci sahəyə gedib-gələ bilirik. Bu “siyasət”ə son qoyulmalıdır.

Milli Şuraya daxil olan partiyalar əvvəl üzv olduqları blokları ya buraxmalı, ya da rəsmi olaraq o blokları tərk etməli idilər. Yalnız bu halda onların səmimiyyəti bilinərdi. “Bir yazıb bir yadda saxlamaq” siyasətinin sonu belə də olmalı idi. Mən bunu bəzi dostlara təklif etmişdim. Təəssüf, vaxtında başa düşülmədim.

Milli Şura varsa Ictimai Palata nəyə lazımdır? AXCP təcili IP-dən çıxdığını, KXCP də üzv olduğu başqa bloklardan çıxdığını elan edib MŞ-da real fəaliyyətə başlamalıdırlar. Siyasi oyunbazlığa son qoyulmalıdır. Milli maraqlar naminə öz şəxsi ambisiyalarını, şəxsi umu-küsülülüyünü kənara atmayanları xalq onsuz da tarixin “siyasi” arxivinə göndərəcək.

Dünənimizlə, sırağagünkü işimizlə fəxr edə bilərik. Ancaq dünənimiz bu günün problemlərini həll etməyə imkan vermirsə, kömək etmirsə, kifayət etmirsə, düşünməliyik. Həm də ciddi qərarlar qəbul etməliyik. Gəncliyə yol açıb, özümüzü onlara körpü, tramplin, yem etməliyik. Canavarlar kimi!

Bəlkə onda R.Ibrahimbəyovu bir də öz sıralarımızda - başımız üstündə gördük!(azadlıq.info)

«Mübarizə bu gü də var, yarın da

Biz də onun ən ön sıralarında»

(R.Rza)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar