Bir daha ali məktəblərə keçid balları haqqında

Etibar ƏLİYEV

Təhsil eksperti, Fəlsəfə doktoru

“Universitet deyəndə “stricto sensu” (“sözün dəqiq mənasında”) orta tələbəni mədəni insan və yaxşı mütəxəssis olmağı öyrədən təsisat başa düşülməlidir”.

Bu fikir böyük ispan filosofu Xose Orteqa Qassetin “Universitetin missiyası” kitabındandır. Bizim günlərimizdə universitetin missiyası nədən ibarət olmalıdır sualına Orteqa belə cavab verir: “O mədəniyyəti nəql etməli, peşələri öyrətməli, elmi tədqiqatlar aparmalı və yeni tədqiqatçılar hazırlamalıdır”.

Universitetin reytinqi, üzərinə düşən missiyanın necə yerinə yetirməsindən asılıdır. Reytinqdən söhbət düşmüşkən, bu proses bizim universitet rəhbərləri üçün “Qordi düyünü”nə çevrilib. Universitet rektorları reytinqin, missiya da daxil olmaqla, bir neçə meyarın hesabına formalaşdığını bilməmiş deyillər. Mən həmin meyarların hamısını bu yazımda təhlil etmək fikrində deyiləm. Sadəcə ən vacibinin üzərində dayanmaq istəyirəm.

Tələbə keyfiyyəti barədə fikirlərimi bölüşəcəm. Normal halda ali məktəb rəhbərləri keyfiyyətli tələbənin təhsilə cəlb olunması uğrunda səy göstərməlidirlər. Bəs keyfiyyətli tələbə kimə deyək? İndiki durumda 200-dən yuxarı bal toplayan tələbələrə deməyə məcburuq.

Bu il Prezident yanında Təhsil Komissiyası Təhsil Nazirliyinin təklifi ilə çox mühüm qərar qəbul edib: qəbulda minimal keçid balı 200-dən aşağı endirilməsin. Təhsil Nazirliyinin bu təklifi İqtisadiyyat və Sənaye, Ədliyyə, Maliyyə nazirlikləri, TQDK tərəfindən də dəstəklənib və ümumi qərar bundan ibarət olub ki, bu və gələcək illərdə elan olunmuş ballar saxlanılacaqdır.

Təhsil Nazirliyinin təklifi asasında qəbul olunmuş bu qərar keyfiyyətə xidmət edən qərardır və bunu yeni mərhələnin başlanğıcı hesab etmək olar.

Təhsil Nazirliyinin rəsmisi Cəsarət Valehlinin bununla bağlı maraqlı təhlilindən bəlli olur ki, universitetlərdə yerlərin 86%-i dolmuşdur. Hər halda nəticə pis deyil. Nazirlik rəsmisi apardığı təhlilində təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının fəlsəfəsini izah edir. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, ali məktəb rektorları dura-dura, Təhsil Nazirliyi və digər dövlət qurumları təhsilin keyfiyyətindən narahat olurlar. Axı keyfiyyətə cavabdehliyi ilk növbədə ali məktəb rəhbərliyi daşıyır. Əslində rektorlar bu prosesdə Təhsil Nazirliyini və digər qurumları qabaqlamalı və Təhsil Komissiyasına balların yüksəldilməsi üçün müraciətlər etməli idilər. Belə müraciətlər olubmu? İdealist yanaşma budur. Bizim ali məktəb rəhbərlərinin materialist qrupu hətta keçid balının 50-dən aşağı müəyyənləşdirilməsini “faydalı islahat” kimi dəyərləndirərdi.

Yerləri 60-70% dolmayan ali məktəb rəhbərlərinin gərginliyi başadüşüləndir. Çünki gözləntilər nəticəsiz qalıb. Keçid balının 200-də qərarlaşması, məncə yerləri boş qalan istər dövlət, istərsə də özəl ali məktəblərin fəaliyyətinin dayandırılması üçün hazırlıq işi kimi dəyərləndirilməməlidir. Xeyli vakant yerləri qalan ali məktəblər elə indidən islahatlara başlamalıdırlar. Təhsil Nazirliyi isə sınaq müddəti müəyyənləşdirməlidir.

Yadıma sovetlər vaxtının tələbə qəbulu düşdü. Həmin illərdə minərlə gənc konkret olaraq qarşısına məqsəd qoyurdu ki, hansı ali məktəbə daxil olacaq. Gənclər bu amal uğrunda illərlə çarpışır və nə vaxtsa istəklərinə nail olurdular. İndi isə bu belə deyil. Ali məktəbə daxil olmayanlar növbəti illərdə daha pis nəticələr göstərirlər. Keçid balının aşağı salnması minlərlə gənci tələbə olmağa ümidli edirdi. İndi 150 bal toplamaq adı ilə imtahanda iştirak edən, lakin daxil ola bilməyənlər nədən peşə təhsilinə üz tutmur, yaxud növbəti illər 200-dən yuxarı bal toplamaq üçün hazırlaşmağa əzab çəkirlər?

150-200 bal toplayanların böyük kəsiminin ən azının bir fəndən kəsiri olur. Deməli bunların böyük əksəriyyəti kəsiri olan abituriyentlərdir.

Keyfiyyətə cavabdehlik ali məktəblərimizin qoşulduğu Boloniya prosesinin tələbidir. Keyfiyyətsiz tələbə mobillik və köçürülmə üçün yararsızdır, mütəxəssis kimi isə yetişə bilmir. Məncə Ali məktəblərimizin qoşulduğu Boloniya prosesinin məsuliyyətini daşıyan Təhsil Nazirliyi həm də bu prosesin keyfiyyətlə bağlı bir sıra tələblərini nəzərə alıb. Nazirliyin keyfiyyətin keçid balı ilə bağlı aspektinə xüsusi diqqət etməsi isə bu qurumun özünün yox, ali məktəblərin xeyrinədir. Ancaq bu prosesdə Təhsil Nazirliyinin meydanda tək qalması bizi təəccübləndirməyə bilməzdi. Nədənsə Ali məktəblərdən dəstək hiss olunmadı.

Universitet reytiniqinin digər mühüm meyarı məzunların keyfiyyəti ilə bağlıdır. 150-200 bal intervalında nəticə göstərib tələbə olanı keyfiyyətli məzun etmək “Sizif əməyi”ndən də betərdir. Bu həm də təhsil mühitinin korlanması deməkdir.

Artıq qəbul planı dolduqdan sonra “əlini qulağının dibinə qoyub” sessiyaları gözləmək dövrü başa çatıb. Mərdanovun kəmiyyətə xidmət edən “təkamül təlimi” artıq missiyasını başa çatdırıb. Təkamül təlimi tənbəllik və boşboğazlıq yaradır. Sıçrayışlı keyfiyyət uğrunda çalışmaq dövrü başlayıb. Bunu müasir təhsilin və elmin dəyişən paradiqmaları tələb edir. Bu həm də rəqabət mühitinin formalaşmasına zərurət yaradacaq. Birdən-birə olmasa da, hər halda idealist rektorların sayı da artacaq...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar