"HÖKUMƏTİN TAPŞIRIĞI İLƏ İŞLƏYƏN BU KUKLALAR..." - Rəsul Quliyev

"Musavat Partiyası hərdən cızığından çıxıb sərbəst addımlar atmaq istəyir, o biri komanda isə görüntü yaratsa da cızığından çıxmır"

Eks-spiker Rəsul Quliyev İsa Qəmbərin Müsavat və AXCP arasında "atəşkəs" çağırışına münasibət bildirib. O, Moderator.az-a açıqlamasında  Əli Kərimli və İsa Qəmbəri "başabəla liderlər" adlandırıb.

"Azərbaycanda insanların, xüsusilə liderlərin yalan danışmaqları əndazəni çoxdan aşıb. Məsələ ondadır ki, bu başabəla liderlər dəyişiklik etmək üçün yaramadıqlarını özləri də başa düşür. Onlarda bu rejimdən xilas olmaq üçün mürəkkəb yox, elementar təssəvvür də yoxdur", deyən R.Quliyev bir daha bəyan edib ki, hakimiyyətdəki bəzi nazirlər ümumilikdə müxalifətdən güclüdürlər.

"Bu günkü hökumətdə olan azı beş nazir adı çəkmək olar ki, hər biri indiki toplum müxalifətdən qat- qat güclüdür. Tutaq ki, prezident yoxdur, məgər o insanlar hökuməti bu insanlara verərlərmi? Heç vaxt! Arxasınca 9 milyonluq əhalidən maksimum 5 min adam gedənlərə azı yarım milyonluq silahı və bürokratı olanlar hakimiyyəti qırmızı xonçaya qoyub necə peşkəş edəcəklər?

Gərək arxanca azı 100 min tərəfdarınız getsin ki, o yarım milyondan 300-400 mini sənin tərfinə keçsin, məgər bunu bilmək o qədər çətindir? Bunlara baxmayaraq xalqa söylənən yalan vədlər sel kimi axıdılır."

R.Quliyev daha sonra qarşıdan parlament seçkilərinin gəldiyini xatırladıb və müxalifət partiyalarının bu seçkiyə necə hazırlaşdıqlarını soruşub.

"2 ildən sonra parlament seçkiləri olacaq. Bu 20 ildə ABŞ və Avropa təşkilatlarının zorla Azərbaycanda azad seçkilər keçirməyə cəhd etməyəcəkləri məlum olmadımı? Belə olan bir şəraitdə bu müxalifət partiyaları hansı addımlar atacaqlarını xalqa elan etsinlər. Aydın məsələdir ki, hökumətin qapısına düşüb bir- iki deputat yeri almaq üçün sövdələşməyə cəhd edəcəklər.

Məlumdur ki, hökumət müxalifəti cılızlaşdırıb, indi də zorla onları müxalifət statusunda saxlamaq istəyir. Bu gün onlar “siyasətdən gedirəm” bəyanatı ilə çıxış etsələr hökumət real təşvişə düşər, 20 illik siyasətlərinə ağır zərbə dəyər. 20 ildə həm öz rejimlərini, həm də rejimə qarşı ‘’mübarizə’’ aparan müxalifətlərini formalaşdırıblar. Xalqın başında qoz sındıran bu tandemin dağılmasına hökumət imkan verməz. Musavat Partiyası hərdən cızığından çıxıb sərbəst addımlar atmaq istəyir, ona görə də onlardan uzunmüddətli həbs olunanların sayı artıqdır. O biri komanda isə görüntü yaratsa da cızığından çıxmır.

Ancaq bir də qeyd etmək istəyirəm, hökumətin tapşırığı ilə işləyən bu kuklalar əsl müxalifətin yaranmasına mane olurlar. Partiyalar liderlərini dəyişməlidirlər. Liderlər 20 illik ‘’fəaliyyət”lərindən nəhayət xəcalət çəkməlidirlər, özlərinin şəxsi ucuz maraqlarına bu milləti qurban verməməlidirlər. Onlarla da, onlarsız da Azərbaycanda yeni qüvvələr formalaşmaqdadır və biz tezliklə bunun şahidi olacağıq.”

R.Quliyevin İsa Qəmbər və Əli Kərimliyə ünvanlanmış bu ittihamlarında sözsüz ki, müəyyən qədər həqiqət var. Lakin bu ittihamları R.Quliyevin dilə gətirməsi nonsensdir. Nədən ki, xalqa yalan danışmaq, arxasında 100 nəfər olmadığı halda böyük bəyanatlar vermək, özünün ucuz maraqları naminə hakimiyyətlə oyunlar oynamaq, həlledici məqamda cəsarətsizlik göstərmək və sairə bu kimi məsələlərdə Əli Kərimli ilə İsa Qəmbərin Rəsul Quliyevə yetişmələrinə hələ çox var.

Yəni 20 illik məğlubiyyətlərə görə ən çox xəcalət çəkməli siyasətşilərdən biri də elə R.Quliyevin özü olduğu halda, indi özünü kənara çəkməsi, sanki heç vaxt müxalifət liderlərindən biri olmayıb, "bu gün gəlirəm-sabah gəlirəm" deyə xalqa yalan vədlər verməyibmiş kimi başqalarını ittiham eləməyə başlaması maraqlıdır və gərək ki, bunu etmək üçün insanda xüsusi "qabiliyyət" olmuş olsun.

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar