48 MİLYONLUQ "ƏMƏLİYYATA" İKİ OLİQARXIN ADI DA QARIŞDI- Yeni detallar

Arif Əsgərov məsələni öz şefi-nəqliyyat naziri Ziya Məmmədovla müzakirə edib, maliyyə “razborkası”na general Bəylər Əyyubovun qohumları da “hakim” statusunda qarışıblar

Arif Əsgərovun qohumu ölkədən çıxarkən tutulub

“Azərbaycan Dövlət Dəmir Yolları” ASC-nin sədri Arif Əsgərovun qohumu, idarənin marketinq şöbəsinin keçmiş rəisi Rahib Hüseynovun tutulmasının yeni detalları məlum olub.

“Virtualaz.org” xəbər verir ki, bu qalmaqalın detallarını yaxından bilən qaynağın bildirdiyinə görə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“bandotdel”) əməkdaşları R.Hüseynovu Gürcüstanla sərhəddə yaxalayıb. Ehtimal ki, o, ölkəni tərk etməyə cəhd edirmiş.

Xatırladaq ki, R.Hüseynovun bir qrup sahibkarı aldadıb, onların 48 milyon manatını mənimsəməkdə ittiham olunduğu haqda məlumat yayılmışdı. Məlumatda bildirilirdi ki, R.Hüseynovdan başqa bu maliyyə fırıldağına onun qardaşı Emin Hüseynov da qoşulub. Lakin hüquq-mühafizə orqanları hələlik onun qardaşına qarşı hansısa addım atmayıblar. E.Hüseynov dəmir yollarının təchizat sistemində yer alır.

Rahib Hüseynovun və digərlərinin qurduğu iri maliyyə fırıldağında 50-yə yaxın sahibkar zərər çəkib. Bu işdə bilavasitə Arif Əsgərovun oğlu Elnar Əsgərov da iştirak edib. 28 yaşlı sahibkar Elnar Əsgərov dəmiryolları şəbəkəsinin təchizatını inhisar altına alıb. Məlumata görə, o, öz atasının idarəsinin təchizatını həyata keçirən iri şirkətin rəhbəridir.

Sahibkarların dəfələrlə müraciət etmələrinə və dəmir yollarının rəhbərliyi ilə danışıqlar aparmalarına baxmayaraq, onların pullarını qaytaran olmayıb.

“Virtualaz.org”un yazdığına görə, bu fırıldağın güdazına gedən, lakin hələlik adını açıqlamaq istəməyən naxçıvanlı sahibkar bunları bildirib: “Biz o uşaqlarla neçə ildir işləyirdik və aramızda etibarlı tərəfdaşlıq münasibətləri yaranmışdı. Çünki biri Asif Əsgərovun oğlu, digərləri onun bacısı uşaqları idi. Biz təsəvvürümüzə də gətirməzdik ki, günlərin birində onlar bizi bu cür aldadacaqlar”.

Saytın əldə etdiyi yeni məlumatlara görə, zərərçəkənlər xeyli müddət pullarını Əsgərovun bacısı uşaqlarından və oğlundan danışıqlar yolu ilə almağa çalışıblar. Lakin anlaşma baş tutmayıb və sahibkarlar hüquq-mühafizə orqanlarına şikayət ediblər.

Arif Əsgərov işin məhkməyə düşəcəyi halda oğlunun da adının qarışdığı qalmaqalın böyüyəcəyini, onun özünün də mövqelərini sarsıdacağını nəzərə alaraq vəziyyətdən çıxış yolları axtarıb.

O, məsələni öz şefi - nəqliyyat naziri Ziya Məmmədovla müzakirə edib. Lakin nazir bu məsələdə A.Əsgərova kömək edə bilməyəcəyini, ən yaxşı variantın hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət etmək olduğunu ona çatdırıb. Məsləhətləşmələrdən sonra belə qərara alınıb ki, zərərçəkənləri sakitləşdirməyin yeganə yolu fırıldaq iştirakçılarından heç olmasa birini - R.Hüseynovu müvəqqəti də olsa həbs etməkdir. Mənbənin bildirdiyinə görə, həmin vaxtlar R.Hüseynov zərərçəkənlərdən gizlənir və onlarla əlaqəyə çıxmırmış.

Lakin təxminən iki həftə əvvəl o, öz dayısı oğlu və ortağı Elnar Əsgərovun telefon zəngi ilə Azərbaycanın Gürcüstanla sərhədindəki Qırmızı körpü sərhəd-keçid məntəqəsinə gedib. Orada isə onu artıq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İidarəsinin əməkdaşları gözləyirmiş. “Bandotdel” əməkdaşları R.Hüseynovu tutaraq Bakıya gətiriblər və o, iki həftədən çoxdur ki, idarədə saxlanılır.

Lakin zərərçəkənlərin bildirdiyinə görə, R.Hüseynovun barəsində hələ heç bir istintaq hərəkətləri aparılmır. Sahibkarlar işin ədalətli araşdırılması üçün prezidentə müraciət etməyə hazırlaşırlar.

E.Əsgərovun öz qohumunu nədən telefon zəngi ilə Qırmızı körpüyə çağırdığı hələlik məlum deyil. Amma ehtimal olunur ki, R.Hüseynov ölkəni tərk etməyi planlaşdırırmış və bu məqsədlə sərhədə gedib.

Saytın yazdığına görə, o da məlum olub ki, bu nəhəng maliyyə “razborkası”na general Bəylər Əyyubovun qohumları da “hakim” statusunda qarışıblar. Generalın qohumları zərərçəkənlərə çatdırıb ki, qarşı tərəfi çox sıxmaq lazım deyil və borcun ödənilməsi üçün vaxt vermək lazımdır. Ona görə də zərərçəkənlər pullarını tələb etməkdə çox irəli gedə bilmirlər.

A.Əsgərovun oğluna gəldikdə isə o, iş başındadır. Ölkənin baş dəmiryolçusunun oğlu digər məmurların övladları kimi iri biznesmendir və xəbər verildiyi kimi, atasının idarəsinə, yəni ölkənin dəmiryol təsərrüfatına mal və avadanlıqların satılmasını həyata keçirir.

Elnar Əsgərov “Liman Group” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəridir. Bu şirkət Türkiyə və Rusiya bazarlarında uzun müddətdir fəaliyyət göstərən, tikinti, ticarət və digər sektorlarda önəmli paya malik olan şirkətdir. Şirkətin ofisi İsmayıl Hidayətzadə küçəsi, 5 ünvanında yerləşir. Fəaliyyəti tikinti, quraşdırma, montaj işləri, ticarət və digər biznes sahələri ilə məşğul olmaqdır.

“Virtualaz.org”un əməkdaşı şirkətlə əlaqə saxlayanda təsdiqləyiblər ki, “Liman Group”un rəhbəri E.Əsgərovdur və o, iş başındadır.

Sayt xatırladır ki, Elnar Əsgərovun adı 2009-cu ildə Britaniya mətbuatında misli görünməmiş fırıldaqla gündəmə gəlmişdi. Britaniya mediası yazmışdı ki, o vaxt Yorkşir Universitetinin tələbəsi olan Elnar Əsgərov "Credit Suisse" bankında treyder işləyən 34 yaşlı fransız Ceromi Dreni inandıraraq onu öz əvəzindən imtahana salıb. Bu iş üçün fransıza hər imtahan üçün 2 min funt-sterlinq pul verib. London məhkəməsi bu görünməmiş fırıldaqla bağlı A.Əsgərovun oğluna və Ceromi Drenə 9 ay həbs cəzası kəsmişdi (oliqarx oğlunun bu cəzanı çəkib-çəkmədiyi qaranlıq qaldı).

Məlum olmuşdu ki, C.Dren E.Əsgərovun adına düzəldilmiş saxta vəsiqədən istifadə edərək onun əvəzinə 8 dəfə imtahana girib, sonuncuda isə professor ondan şübhələnib və fırıldağın üstü açılıb. Bu, Britaniyada görünməmiş fırıldaq sayılır.

Qalmaqal haqda Britaniyanın iki nüfuzlu nəşri - "The Yorkshir Post" və "The Daily Mail" yazıb. "The Yorkshir Post"un bildirdiyinə görə, fransız mənşəli ağdərili treyder özünü qaradərili azərbaycanlı kimi qələmə verərək onun əvəzindən iqtisadiyyat fənni üzrə imtahan verərkən ilişib. Belə ki, imtahan götürən professor Ceromidən şübhələnib və onu imtahanın sonunda sorğu-sual etməyə qərar verib. Ceromi əvvəlcə başqasının əvəzinə imtahana girdiyini inkar etsə də, daha sonra hər şeyi etiraf edib və cütlük həbs olunub.

Polis istintaq zamanı əvvəlki imtahan vərəqələrində də C.Drenin əl izlərini aşkar edib."The Daily Mail" qəzetinin yazdığına görə, E.Əsgərov imtahanlar üçün C.Drenə 20 min funt-sterlinq (təqribən 40 min dollar) verib.

“Azərbaycan Dəmir Yolları” QSC qurumun marketinq və tarif şöbəsinin keçmiş bölmə rəisi Rahib Hüseynovun həbsi barədə yayılan məlumatlara münasibət bildirib. QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov APA-ya deyib ki, Rahib Hüseynov “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi Arif Əsgərovun bacısının yox, baldızının oğludur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar