Odlar Yurdunun intiharı

Bu adı səyyahlar tapmış. Hər gəldiklərində Bakı ətrafında qurudan çıxan ərazilərdə neftin necə yandığını görərək Odlar Yurdu deyə bu ölkəni tərif etmişlər. Biz də buradan götürmüşük, xoşlamışıq və Azərbaycan adının ekvivalenti olaraq bir brendə çevirmişik.

Əvvəl bu deyimə qarşı bəlkə də təhlil etmədiyimə görə biganə olmuşam. Ancaq deyəsən, uzun illərdir ki, bu tanıtımı içimə sindirə bilmirəm. Odlar Yurdu demək bir ölkəni insanın deyil, təbii sərvətin xarakteri ilə tanıtmaqdır. “Samuray Yaponiyası” deyəndə, “Basmaçı Özbəkistan” deyəndə, “Taliban Əfqanıstan” deyəndə vahiməli görünsə də ölkəyə, bir insan xarakterindən giriş kartı ala bilirsən. Bəlkə elə bu da reallıqdır ki, keçmişdən bu günə bu yurdda insan xarakteri təbii sərvətin altında qalıb və günümüzdə də bu deyimlərlə, kəlmələrlə, ifadələrlə öz görünüşünü dəyişməyib. Bu səbəbdəndir ki, bu gün Azərbaycanda dövlət də insan xarakterini öz altında gizlədərək, hər şeyin insan naminə edilməsini tamam unutmuş vəziyyətdədir.

Azərbaycanın Odlar Yurdu olması artıq neft amili ilə bağlantılı deyil. Müasir texnologiya çox nadir hallarda quyudan çıxan neftin, qurudakı tullantı mazutun keyfi qaydada istədiyində yanmasına imkan tanıyır. Təsadüfi yanğınlara da müdaxilə edən yanğınsöndürənlər dəstəsi yaxşı-pis öz işlərinin öhdəsindən də gəlirlər.

Artıq Azərbaycanda hər həftə, elə olur hər gün bir insan özünü yandırır və Odlar Yurdu tanıtımının insan üzərindən yürüdülməsinə tam əsas yaranıb. Qarabağ qazisi, sevdiyi oğlanın aldatdığı qız, əsəb xəstəliyinə düçar olmuş insan... İntihar etməyin başqa yollarını da sınaqdan çıxaran insanlar müstəqillikdən bu tərəfə əhəmiyyətli bir rəqəm ifadə etməkdədirlər. Özümüzü aldatmayaq, ən rifah içində yaşayan ABŞ və Avropa cəmiyyətlərindən tutmuş Yaponiyaya qədər, xoşbəxt sandığımız hər yerdə bu baş verir və qarşısını almaq üçün görülən tədbirlərin də ciddi bir effekti olmur. Ona görə də bu özünüyandırma hadisələrini siyasi bir tezis olaraq istifadə edənlərin bəri başdan tərksilah olacaqları aydındır.

Məsələyə İslam dininin intihara münasibəti baxımından da girmək istəməzdim. Heç əksəriyyəti dualist inanc daşıyıcısı olan Azərbaycan cəmiyyətinin yaşamının forması ilə olduğu kimi, ölümünün forması ilə də axirət hesabına necə qatlanacağını düşünmədiyini də arqumentlərə daxil etmirəm. Sadəcə, faktın üzərinə gəlirəm. İnsan özünü yandıraraq ölümə qərar verir. Bu, təkcə həyatın ilkin sınağından uğursuz çıxan bir gəncəcik qız usağı, bir hərbi həyatın çətinliyinə, əsgər yoldaşlarının tənəsinə psixoloji dözümü olmayan yeniyetmə oğlan deyil, Vətən və Çörək uğrunda savaşın nə olduğunu görmüş orta yaşlı bir insan, ailə dramına tablaşmayan orta yaşlı bir qadındır. Xatırlayıram, 20 Yanvar hadisələrindən sonra Neft-Kimya İnstitutunun Ağabəy adında bir tələbəsi intihar etmişdi və arxasınca belə bir məzmunda məktub buraxmışdı: “Azərbaycanın müstəqilliyi üçün mübarizəyə gücüm yetmədi, məni bağışlayın.” Yəni motivləri fərqli olan bu intihar hadisələri dərhal hər kəsin üzünü dövlətə, cəmiyyətə tərəf çevirir - nə isə edilməlidir ki, bu intiharlar bir ənənə şəklini almasın! Təkliflər də səslənir və içərisində bəlkə də ən absurdu ayrı-ayrı qurumlarda psixoloq ştatlarının yaradılmasıdır. Guya əməlli-başlı təhsilimiz var və böyük bir psixoloq ordusu yetişdirib hər şübhə etdiyimiz vətəndaşın yanında oturdub mühazirə oxutduracağıq. Bu mühazirədən sonra da nə əsgər özünü asacaq, nə də başqa vətəndaş özünü yandıracaq.

Açığı, bu mürəkkəb məqamda mənim də bir ağlabatan təklifim yox. Sadəcə, kiçik bir təhlilim var. Sosial şərtləri ağır olan minlərlə insan var. İntihar etmək son həddirsə, ümidi hər şeydən üzülən yüzlərlə əlil insan bu addımı atmaqdan çəkinir, həyat eşqini davam etdirərək özünü cəmiyyətə faydalı olmaq üçün mübarizənin içində görür. Sağalmaz xəstəliyə tutulmuş, çözülməz problemlərdən təngə gəlmiş insanlar da az deyil, bunlar da əsasən intihar haqqında düşünmürlər. Demək ki, xarakter zəifliyi, depressiya vəziyyəti, əqli problemlər intihar barədə qərar qəbul etməkdə daha ciddi səbəblərdən sayılmalıdır. Buna dövlətin hansısa müdaxilə etmək yolları tapması xeyli çətindir. Burada daha çox çevrənin, cəmiyyətin insan taleyinə qarşı həssaslığı, yardımlaşma duyğusunun artması nələrisə yüngülləşdirə bilər.

Üzərində durmaq istədiyim ölüm motivinin birbaşa və ya dolayı yolla hüquqla bağlı olmasıdır. Hüquqa son çarə olaraq güvənməyən, baxa bilməyən, hüququn ədaləti ilə qucaqlanmaq əvəzinə, yumruğu ilə geri püskürtülən insan intihara əl atırsa, burada yalnız və yalnız dövlətin birbaşa məsuliyyəti yaranır. Hansısa problemin həllinin hüquqi yolu qapalıdır, məhkəmə ədalətsizliyinə dirənir, məmur küstahlığını aşa bilmir, polis zorakılığından keçə bilmir, dövlət tərəfindən təhlükəsizliyini təminat altına ala bilmir və son çarə olaraq vətəndaş intihar edirsə, həyəcan təbili burada çalınmalıdır. İnkişaf etmiş ölkələrdə intihar çox nadir hallarda hüquqi təminatın olmamasından qaynaqlanır. Ona görə də insanın hüquqa gedən yolunun bağlanmasından ağır heç bir hüquqsuzluq ola bilməz. Nə yazıq ki, Azərbaycanda mövcud hüquq sistemində dövlət özünə aid hüququn tətbiqində hər cür imtiyaza sahibdir, vətəndaş isə yalnız dövlətin məqbul saydığı hüdudlarda bu hüquqdan yararlana bilir.

İntihar xəbərlərini mətbuatdan oxuyan kimi dərhal təsnifatı dəqiqləşdirməyə başlayıram. Yanan kimdir: xarakteri zəif bir İNSAN, yoxsa insan şəklində görünən HÜQUQ? İnsanı yaxşı-pis yanğınsöndürənlər yarımcan olana qədər söndürə bilirlər. Hüquq isə bir dəfə yanmağa başladısa, onu söndürəcək mexanizm və qurum yox. Hüquqla bərabər ədalət də, insanlıq da, insanın təsəvvüründəki sevdiyi dövlət də yanır.

İntihar pis addımdır. Ancaq niyəsə istərdim ki, bu Odlar Yurdu intihar etsin və yerində bir Azərbaycan adının ekvivalenti kimi Hüquq Yurdu doğulsun. Bu doğuşdan sonra əminəm ki, Azərbaycan insanının intiharından deyil, intibahından danışacağıq...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar