ZİYA MƏMMƏDOV AÇILIŞA DƏVƏT OLUNMADI - Onun "vurulduğu" təsdiqlənir

Ölkə başçısı İlham Əliyev Bakı dəmir yolu vağzalında əsaslı təmir olunmuş Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində bu günlərdə istifadəyə veriləcək Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarı ilə tanış olub. APA-nın məlumatına görə, daha sonra açılış mərasimi keçirilib və ilk Bakı-Xırdalan-Sumqayıt qatarı yola düşüb. Sərnişin qatarları Bakı Dəmiryol Vağzalı-Keşlə-Biləcəri-Xırdalan-Güzdək-Sumqayıt sərnişin stansiyası marşrutu ilə hərəkət edəcək. Sentyabrın 15-dən Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 8 elektrik qatarı işləyəcək. Bu marşrutla hərəkət edəcək 8 qatardan 3-ü ikimərtəbəlidir. Bu 3 qatar “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş KISS markalı elektrik qatarlarıdır. Bu elektrik qatarlarının hər biri 4 vaqondan ibarətdir. Ümumi sərnişin tutumu 919 nəfər olan qatarda 396 oturacaq var ki, bunun da 84-ü biznes-sinfinə aiddir.

Sərnişin qatarları səhər saat 6-dan hər iki istiqamətdə hərəkətə başlayacaq və 40 dəqiqəyə Sumqayıtdan Bakıya və əks istiqamətə çatacaq. Səhər saat 06:00-12:00 aralığında qatarlar həm Bakıdan, həm də Sumqayıtdan 30 dəqiqə intervalı ilə çıxacaq. 12:00-dan günorta saat 16:00 aralığında elektrik qatarlarının hərəkət intervalı 1 saat olacaq. Günorta saat 16:00-dan gecə saat 24:00 aralığında isə elektrik qatarları yenə 30 dəqiqə intervalı ilə hərəkət edəcək.

Bakı-Xırdalan-Sumqayıt elektrik qatarlarına biletləri sərnişinlər həm vağzallarda kassadan, həm də avtomatik işləyən terminallara pul ödəməklə alacaqlar. Biletləri bütün stansiyalardan almaq mümkün olacaq. Sonradan isə biletlərin kartla satış sisteminin tətbiqi nəzərdə tutulub. Ilk 3 gün ərzində sərnişinlər üçün pulsuz xidmət göstərilməsi nəzərdə tutulub.

Açılış mərasimində nəqliyyat naziri Ziya Məmmədov iştirak etməyib. Məlumata görə, Ziya Məmmədov mərasimə sadəcə olaraq dəvət olunmayıbmış.

Qeyd edək ki, Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-yə sədr təyin olunandan sonra dəmiryoçularla bağlı keçirilən tədbirdə Ziya Məmmədov da iştirak etmişdi. O, bəzi dəmiryolçuları şəxsən mükafatlandırmışdı. O zaman media bunu Ziya Məmmədovun Cavid Qurbanova əzələ nümayişi kimi qiymətləndirmişdi. Çünki həmin vaxt belə iddialar var idi ki, Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-ni müstəqil qurum kimi idarə etmək istəyir.

Bu baxımdan Ziya Məmmədovun açılış mərasiminə dəvət olunmaması Cavid Qurbanovun özfəaliyyəti sayıla bilməz. Böyük ehtimalla nəqliyyat nazirinin üzərindən Prezident Administrasiyasında xətt çəkilib. Yeri gəlmişkən, son günlər yerli mediada artıq Ziya Məmmədovun işdən çıxarılma ərəfəsində olduğu haqda silsilə yazılar yerləşdirilib. Bir neçə gün əvvəl nazir və oğluna məxsus “Rixos Quba” otelinin də onun əlindən alındığı haqda məlumat yayılıb. Bundan başqa, paytaxtda sərnişin daşınmasını həyata keçirən əsas şirkət, Ziya Məmmədova məxsus “Transqeyt”in avtobusları da xəttən çıxarılıb. Eyni zamanda ölkə başçısı Ilham Əliyev nəqliyyat sektorundakı problemləri bir neçə dəfə tənqid edib(azadlıq.info).

ziyaSonuncu belə tənqidi bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə səsləndirib.

Prezident İlham Əliyev bildirib ki, nəqliyyat sektorunda da ciddi pozuntular var, insanları incidirlər: “İnsanların qarşısında əsassız tələblər qoyulur. Biz artıq bu sahənin bir hissəsini “Asan xidmət”ə vermişik. Gələcəkdə də hər sahədə “Asan xidmət”in standartları olmalıdır. Ona görə də gələn il hökuməti böyük işlər gözləyir”.

Prezident İlham Əliyevin nəqliyyat sektorunda ciddi problemlərin olduğunu xüsusi vurğulamasına əsaslanan ekspertlər Ziya Məmmədovun seçkidən sonra “vurulacağı” barədə iddiaların təsadüfi olmadığını hesab edirlər.

Eyni zamanda hökumətə yaxın mənbələr də artıq bir sıra səlahiyyətləri əlindən alınan Məmmədovun nazir postundan uzaqlaşdırılmasının yaxın olduğunu bildirirlər. Bu posta hazırda “Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbərlik edən Cavid Qurbanovun gətiriləcəyi gözlənilir. İkinci hakim ailə ilə qohumluq əlaqələri yaradan Qurbanovun da, xeyli müddətdir ki, bu posta hazırlaşdığı da yayılan məlumatlar sırasındadır.

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar