“Diktatorları hakimiyyətdə saxlamaq Qərb siyasətinin təməlidir” – Etimad İsmayılov

1387781024etimad-ismaylov-002“Türkiyə bizim dövlət varlığımızın təminatçısıdır”

Ədalət Partiyasının sədr müavini Etimad İsmayılovun AzPolitika.info-ya müsahibəsi

- Etimad bəy, sabiq Misir prezidenti Mursini müdafiə edən vəkillər qrupunda təmsil olunursunuz. Orada hansı proseslər gedir? Biz təkcə hüquqi deyil, həm də siyasi prosesləri nəzərdə tuturuq. Nəyə görə Misir inqilabı permanent prosesə çevrildi və bu iç savaşın bitməsi üçün orada görünən ciddi təşəbbüslər varmı?

- Ərəb coğrafiyasında baş verən inqilabi hərəkat sonucda demokratik seçkilərlə nəticələndi – “Müsəlman qardaşlar” hərəkatının namizədi Mursi Misirin prezidenti oldu. Rəhbərlik etdiyi qisa zamanda prezident Mursinin yürütdüyü siyasət dünyada hökmranlıq arzusunda olan anqlo-sakson və sionist imperialist qüvvələrin maraqlarına uyğun olmadığı ücün, o qeyri-qanuni yolla, hərbi xunta vasitəsiylə devrildi. Mursinin Misir dövlətini Türkiyəyə rəqib yox, dost görmək arzusu, Misir xalqına məxsus sərvətlərin imperialist qüvvələrə bəxş edilməsinin əleyhinə olması, blokadada olan Fələstin xalqına qapı açması, müsəlman dünyasının tərəqqisini arzulamasına görə müstəmləkəçi qüvvələr tərəfindən devrildi. Dünyada demokratiyanın inkişafını özünün sözdə prioriteti hesab edən Qərb dünyası dövlət çevrilişi olan bu cinayətin üstündən sükütla keçdi, minlərlə insanların, hətta namaza duranların qətlinə göz yumdu; günahsız insanların, o cümlədən 14 yaşlı qızların qazamatlara doldurulmasını dəstəklədi. Müxtəlif cinayətlərə bulaşmış Misirin əski irtica qüvvələrinin dövlət çevrilişini dəstəkləməklə, Qərb müstəmləkəçi mahiyyətini, müsəlman dünyasına olan gerçək yanaşmasını göstərdi, əsl simasını ortaya qoydu. İndi prezident Mursinin “məhkəməsi” olmalıdır. BMT-yə müraciət olundu ki, BMT bayrağı altında beynalxalq müşahidəçilər qrupu formalaşsın və bu məhkəmənin ədalətli olduğuna nəzərət etsin. Hərbi xunta cavab verdi ki, müşahidəçilərin təhlükəsizliyini təmin edə bilməyəcək. Hələlik vəziyyət belədir.

Misirdə baş verən hadisələr həm də onun göstəricisidir ki, orda zamanında baş verən anti-diktatura hərəkatının ilhamverici qüvvəsi heç də Qərb olmayıb, uzun illər mubarizə aparan siyasi hərəkat olub. İndi isə bu hərəkatın və ona yaxın olan partiyaların fəaliyyəti qeyri-qanuni olaraq ləğv olunub. Mən inanıram ki, on illərcə müxtəlif durumlarda mübarizə aparan “Müsəlman qardaşlar” hərəkatı bu sınaqdan da şərəflə çıxacaq, məmləkətlərinin əsərətdən qurtulmasına nail olub demokratik cəmiyyət quracaq. Misirdə baş verən hadisələrin bizlər üçün bir nəticəsi var – Qərbə müsəlman dövlətlərində demokratiya yox, sərvətləri talamaq lazımdır.

- Uzun müddətdir ki, davamlı olaraq Türkiyədə olursunuz. İndi orada çox maraqlı proseslər gedir. Əlbəttə, bunlar yalnız korrupsiya ilə mübarizə baxımından deyil, həm də daxili siyasi mübarizənin yeni təzahürü kimi maraqlıdır. Bu mübarizənin tərəfləri kimlərdir, onların qarışılıqlı iddiaları nədən ibarətdir?

- Türkiyədə maraqlı yox, çox təhlükəli proseslər baş verir. Türkiyənin sürətli iqtisadi yüksəlişi, Qərbin müti sözçüsü statusundan çıxıb müstəqil siyasət yürütməsi imperialist qüvvələri narahat edib. Müxtəlif acıq və gizli basqılar vasitəsiylə Türkiyəni əski duruma sala bilməyən Qərb, çətirləri altında olanlar vasitəsiylə dövlət çevrilişinə əl atdı. Buna cəzibədar don geyindirmək üçün “korrupsiyayla mübarizə” bayrağı altında oldu bu cəhd. Əsas hədəf Türkiyənin stabil, yatırımlar üçün əlverişli imicinə zərbə vurmaq idi, Türkiyənin illərcə yüksəlişini təmin edə biləcək iqtisadi layihələrin önünü kəsmək idi. İraq petrolunun dunya bazarına Türkiyə üzərindən çıxışı və petrol pullarının Türkiyə banklarında dövr etməsi – tək 2014-cü ildə 150 milyard dollar civarında olan məbləğ; 25 milyard avro dəyərində olan hava limanı projesi, İranla iqdisadi ələqələr, iki nüvə enerji stansiyasının tikilməsi, türklərin dünya maliyyə mafiasından qurtara biləcək “kanal İstanbul” projesi Türkiyənin bolgədə və hətta dünyada nufuzunu və gerçək müstəqilliyini əhəmiyyətli dərəcədə artıran layihələrdi. Türkiyə baş naziri Ərdoğanı, dörd digər nazirləri suçlayanlar ortaya bir dəlil qoya bilmədilər. Uydurduqları və KİV-lər vasitəsiylə tirajladıqları dəlillərin boş olduqları sizlərə də, inşallah, məlum olacaq. Türkiyə demokratik cəmiyyətdir, hədəf Ərdoğana basqı edib, imicinə xələl qətirib, növbəti seçkilərdə iştirakdan çəkindirib çətirləri altında olan siyasiləri hakimiyyətə gətirməkdir. İndi özünüz nəticə cixarın, Türkiyə İranla işbirliyində ittiham olunur. Əvvəla, Türkiyə İrana qarşı olan embarqoya qoşulmayıb. Bəs niyə İranla hərtərəfli işbirliyində olan Ermənistana heç kim heç nə demir? Niyə korrupsiyadan əziyyət cəkən, amma Qərbin mütiləri olan digər müsəlman dövlətlərin iqtidarlarına Qərb basqı etmir? Bəs korrupsiyaya qarşı qəbul olunan beynalxalq qanunlar niyə korrupsioner rejimlərə tətbiq olunmur? Əksinə, xalqını talayan milyardlarla sərvətə sahib olan Misirin əski diktatoru Mubarak türmədən helikopterlə çıxardılır. Cavab sadədir – Qərbə belə lazımdır.

Türkiyədə baş verənlərin bizə də mənfi təsiri ola bilər. Zəif Türkiyə olan yerdə Qarabağın qaytarılmasını unutmaq olar. Türkiyə bizim dövlət varlığımızın təminatçısıdır.

- Türkiyədəki korrupsiya əməliyyatları ərəfəsində Azərbaycan izi üzə çıxdı. Bəzi bilgilərə görə, hətta həbs edilən Mirməhəmməd Seyidov ona qarşı irəli sürülən ittihamları qəbul edib və Azərbaycandakı partnyorlar barədə bütün suallara müfəssəl cavab verib. Bu, nəyə gətirib çıxara bilər? Biz yeni bir “Susurluq fenomeni” ilə qarşılaşa bilərikmi?

- Mirməhəmməd Seyidov Amerika kəşf etməyəcək ki. Bütün dünya bilir və bizdə baş verən korrupsiyada maraqlıdır. Korrupsiyadan yığılmış paralar onların nəzərətində olan banklarda yerləşdirilir, onların iqdisadiyyatlarında dövr edir və sonucda onlara qalacaq. Bununla yanaşı korrupsiyaya bulaşmış məmurlara təzyiq edib onları lazım olan qərarlara sövq etmək olar.

Türkiyə-Azərbaycan münasibətlərinə zərər verə biləcək heç bir hadisəni arzulamazdım, itirən bizlər olacağıq.

- Bir il əvvəl sanki bölgənin əsas söz sahibi olan, hətta Osmanlı imperiyasının bərbasından danışılan Türkiyədə korrupsiya olayları bu ölkənin ətrafındakı söz-söhbətlərin səmtini dəyişdi. Əlbəttə, xarici təsirlər, xarici fitnəkarlıqlar və s. ola bilər. Amma belə görünür ki, bütün müsəlman (eləcə də türk) dövlətlərindəki korrupsiya və diktatura partiyaları bu ölkələri beynəlxalq siyasətin ciddi subyektinə çevrilməyə qoymur. Türkiyəni də, Azərbaycanı da, başqa müsəlman dövlətlərini də ciddi obrazdan düşürən bu neqativ proseslərə son vermək mümkün görünürmü?

- Əvvəla, Türkiyədə diktatura yoxdur, demokratik dövlətdir. Heç kim seçib-seçilmək hüququndan məhrum deyil. Əks halda zamanında nə Menderes, nə Ərbakan, nə Özal hakimiyyətə gələ bilməzdilər və imperialist qüvvələr tərəfindən çevrilişlərə, sui-qəsdlərə məruz qalmazdılar.

Türkiyənin hakim partiyasının hədəfi də Osmanlı imperiyasının bərpası yox, həmin imperiyanın nüfuzunun bərpasıdır. Türkiyə məzlum müsəlman dövlətlərinə dəstək çıxmaq taktikasını seçdi. Türkiyə qonşularla “sıfır problem” layihəsini təqdim edəndə Ermənistandan Azərbaycanın işğal olunmuş torpaqlarını qaytarılmasını, ərəb diktaturalarından demokratiyanın bərqərar olunmasını, İsraildən Fəlistin xalqının BMT-nin qətnamələrində təsbit olunmuş haqlarının həyata keçirilməsini, Qərbdən anti-İslam, ikili standartlar siyasətinə son qoymasını istədi. Demədi ki, nə istəyirsiniz edin, mən susacam. Müəyyən mənada kamikadze siyasəti yürüdülür, amma nəticəyə, inşallah, nail olunsa müsəlman coğrafiyasında ciddi inkişaf olar. Türkiyə edə biləcəyindən də cox iş qörür.

Qərb sivilizasiyası üçün müsəlman dövlətləri beynalxalq siyasətin subyekti yox, obyekti, yəni hədəfi olmalıdır. Nə qədər Azərbaycanda və digər müsəlman dövlətlərdə xalq, siyasi qüvvələr mahiyyəti müstəmləkəçi-imperialist olan Qərb qüvvələrinə təpki göstərməyəcək, o qədər nə azad seçki görəcəyik, nə korrupsiyanı əhəmiyyətli şəkildə azalda biləcək demokratik cəmiyyət qura biləcəyik, nə də məmur əsarətindən qurtula biləcəyik. Özünüz fikirləşin, demokratik dəyərlərə, milli adət-ənənələrinə söykənən toplumu istismar etmək asandir, yoxsa qeyri-legitim diktatorları? Səddam Hüseynin, Müəmmar Qəddafinin Qərb banklarında milyardlarla pulları var idi. Nə qədər xalqlarını talayib pulları bu banklarda saxlayırdılar, o qədər Qərbin dostları idilər, pullarını istəyən kimi məhv edildilər. Korrupsiyaya bulaşmış diktatorları hakimiyyətdə saxlamaq Qərb siyasətinin təməlidir.

- Deyəsən paralel olaraq Azərbaycanda da bir iç siyasi qovğa yaşanmağa başladı. Əgər Türkiyədəki qovğa iqtidar daxilindədirsə, Azərbaycanda da müxalifət daxilindədir. Azərbaycandakı siyasi qovğanı necə dəyərləndirir və proqnozlaşdırırsınız?

- Müxalifət daxilində, konkret olaraq Milli Şura daxilində baş verən olayları xoşagəlməz hal kimi dəyərləndirirəm. Biz tariximizin cox ağır və təhlükəli dövrünü yaşayırıq. Hərtərəfli basqılar altında olduğumuz, milli varlığımız təhdid olunan dönəmdə siyasi partiyaların məsuliyyəti artır. Cəmiyyəti səfərbər etmək əvəzinə intriqalarla məşğul olmaq, vətandaşların gözləntilərini cılız maraqlara qurban vermək siyası məsuliyyətsizliyin göstəricisidir. Əslində baş verən arzuolunmaz, insanları siyasətdən uzaqlaşdıran olayda yeni heç nə yoxdur. Bu kimi hadisələr – satqınlıqlar, riyakarlıqlar, qarşılıqlı ittihamlar əvvəllər də baş verib, kimin kim olduğu da çoxdan bəllidir: Sovet dövründən başlayaraq işverənlik edənlər də, iqtidarın basqıları nəticəsində bütün müxalif dünyagörüşlü insanların müflis olunduqları zaman polis məmuru hesabına qazet cıxarıb “gəlir” əldə edənlər də, ataları hesab etdikləri rəhmətlik Elçibəyin siyasi reabilitasiyasının 1998-ci ildə önünü alanlar da, fədakarları qırğına verib evlərində gizlənənlər də... Milli Şurada bu cür hadisələrin anonsunu bizlər öncədən vermişdik və bu quruma həm də bu səbəblərdən qoşulmaqdan vaz keçmişdik. Sadəcə, məmləkətimizdə qanunların işləməməsi nəticəsində seçilib-seçmək hüququ olmadığından siyasi partiyaların bir qismi “siyasət” yürüdərək Qərbin ehtiyat siyahısında yer almaq uğrunda mübarizə aparırlar, bir qismi də iqtidardan nəsə umurlar. Milli Şurada baş verən xoşagəlməz hadisə bu qəbildəndir. AXCP-nin və Musavat partiyasının təxminən eyni sosial bazası var, eyni xarici siyasi oriyentasiyaları var, eyni maliyyə donorları uğrunda mubarızə aparırlar. Əli Kərimlinin yürütdüyü siyasət özü üçün təhlükə yaratsa da, narazı kütlə və dəstək verən beynəlxalq qüvvələr ücün cəcbedicidir. O, bütün parametrlərlə Milli Şurada təmsil olunan digər iddialıları üstələyirdi və indi də bu durumdadır. Digər tərəfdən, Musavat partiyasının İsa Qəmbərin siyasətdə hansı statusda qalması problemi var. Ola bilər ki, Musavat partiyası ətrafında yedək partiyalardan ibarət bir blok formalaşdırsın və İsa Qəmbər həmin bloka sədr seçilsin.

Bununla yanaşı hesab edirəm ki, önəmlisi siyasi qurumların hansı blokda olub –olmaması deyil, nə uğrunda və hansı yolla mübarizə aparmalarıdır.

- Ədalət partiyası barədə. Partiyanızın İslam partiyası ilə münasibətləri cəmiyyətdə qəribə qarşılandı. Bu zaman sizin partiyanızı İranla əlaqələndirməyə meyllər oldu. Həm də, nəzərə almaq lazımdır ki, əvvəldən qalma bir “Rusiya xətti” barədə də danışıqlar vardı. Bu mülahizələrə necə yanaşırsınız? Bunları təkzibmi, ya təsdiqmi edərdiniz?

- Nədən İslam partiyasının nümayəndələri Milli Şurada təmsil olunanda, qərbyönümlü müxaliflər inanclı kəsimin tədbirlərində iştirak edəndə sizlər ücün qəribə olmur, milli-mənəvi dəyərləri müdafiə edənlərin birgə blokda təmsil olunmaları sizə qəribə qəlir? Ədalət partiyası yaranan gündən bədxahlarımız bizlərə çamur atmağa cəhd edirlər. Nə oldu “Rusiya xətti”nin aqibəti? Kim Rusiyanın adamını tirajlayir, həm də onun hesabına “gəlir” əldə edir, onun vasitəsiylə Rusiyaya mesajlar göndərir? Bizləri Rusiyaya xidmətdə ittiham edənlər! Bizə bu kimi münasibətlər təsir etmir, çünki vicdanımız təmizdir. Nə atamiz DTK-nın işverəni olub, nə özümüzün əməliyyat işi və ləqəbimiz var, nə dövlət hesabına çıxartdığımız qəzetdə Rusiyanın adamını təbliğ edirik və sair. Biz başqaları kimi üzdə Qərbə inteqrasiyadan dəm vurub, altdan Rusiyaya mesajlar göndərən də deyilik. Dövlət maraqlarından çıxış edən Ədalət partiyasının mövqeyi ondan ibarətdir ki, qonşu dövlətlərlə qarşılıqlı təhlükəsizlik, əməkdaşlıq, fayda əsasında münasıbətlər qurmaq lazımdır, düşmən toplamaq lazım deyil. Bununla yanaşı qonşu dövlətlərdə yaşayan soydaşlarımızın aqibəti bizləri məsuliyyətli siyasət yürütməyə sövq etməlidir.

Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar