Rəsulzadəni satan adamı güllələyiblər – KQB arxivindən

Görkəmli araşdırmaçı Ədalət Tahirzadə Məhəmməd Əmin Rəsulzadənin həyatı ilə bağlı yeni tarixi faktları üzə çıxarıb. “Axar.az”a açıqlamasında tarixçi M.Ə.Rəsulzadənin həbsinə yardım edən şəxsin şəkilini də təqdim edib:

“1920-ci ilin aprelində Sovet hakimiyyəti qurulandan sonra M.Ə.Rəsulzadə bir qrup silahdaşı ilə birgə İsmayıllı rayonunun Lahıc kəndində qalmalı olur. Lakin orada çox qala bilmirlər. Yerlərini dəyişmək məqsədilə yola çıxırlar və İsmayıllı rayonunun Aşıq Bayram kəndi yaxınlığında hökumət qüvvələri onları həbs edir. Rəsulzadənin və yoldaşlarının yerini isə Lahıc kənd sakini Əliabbas bəy Nəsrulla bəy oğlu Səfərbəyov xəbər verib. Bu “xidmətinə” görə kommunistlər ona qoşalülə tüfəng bağışlayıblar.

Əliabbas bəy Nəsrulla bəy oğlu Səfərbəyov

Ə.Tahirzadə Ə.Səfərbəyov haqqında məlumatları və şəkilləri MTN-nin arxivindən əldə etdiyini bildirib: “Bu hadisədən bir müddət sonra Ə.Səfərbəyovu həbs edirlər. O da hökumətə sədaqətini sübut etmək üçün o zaman M.Ə.Rəsulzadəni satdığını bildirir. Mən bu məlumatları Ə.Səfərbəyovun istintaqa verdiyi ifadələrindən götürmüşəm. Başqa mənbələrdə də bu haqda məlumatlar var. Lakin sonradan izi itirmək üçün onu güllələyirlər”.

Musa Carulla Bigiyev

Ə.Tahirzadə eyni zamanda M.Ə.Rəsulzadəni həbsdən azad edildikdən sonra xaricə getməsinə yardım edən iki şəxsin xidmətlərini də vurğulayıb. Onun dediyinə görə, müsavatçı həkim Dadaş Həsənzadə və Kazan türklərinin görkəmli ilahiyyatçısı Musa Carulla Bigiyev M.Ə.Rəsulzadənin Sankt-Peterburqdan Finlandiyaya keçməsinə kömək ediblər:

“Məhəmməd Əmin Rəsulzadənin Sank-Peterburqdan Finlandiyaya keçməsini təşkil edənlər içərisində müsavatçı Dadaş Həsənzadə də olub. Onlar Rəsulzadəni qayıqla Finlandiyaya aparıb çıxarıblar. Bu işdə ona Kazanda yaşayan ilahiyyatçı Musa Bigiyev də yaxından iştirak edib. Kommunustlər sonra D.Həsənzadəni ağır işgəncələr altında zindanda vəhşicəsinə öldürüblər. Lakin təəssüf ki, onun haqqında indiyədək bir məqalə yazılmayıb”.

Dadaş Həsənzadə

Qeyd edək ki, M.Bigiyev “Qurani-Kərim”i Kazan türklərinin ana dillərinə tərcümə edərək, hələ 1912-ci ildə nəşrinə nail olub. Həmin əsər 2010-cu ildə Tatarıstanın keçmiş prezidenti Şaymiyevin təşəbbüsü ilə yenidən çap olunub. Hazırda Musa Bigiyevin nəvəsi ilə dostluq əlaqələri olan Ə.Tahirzadə görkəmli ilahiyyatçının Azərbaycanda da tanınmasına çalışdığını deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar