RÜSTƏM İBRAHİMBƏYOVUN BÖYÜK YANLIŞI – Vaxtsız etiraflar

Milli Şuranın sədri seçkiyə 25 gün qalmış ağ bayraq qaldırdı

Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun APA-ya bu günkü müsahibəsi, heç şübhəsiz seçkilərə 25 gün qaldığı bir vaxtda müxalifətə zərbədir. Ona görə yox ki, belə həssas məqamda Milli Şuranın sədri postunu tutan bir şəxs siyasətdən getdiyini bəyan edir. Onsuz da heç kim gözləmirdi ki, cənab İbrahimbəyov bu yaşdan sonra öz peşəsini ataraq peşəkar siyasətçiyə çevriləcək və bundan sonra da uzun illər siyasətdə qalacaq. Lakin Milli Şuranın sədri bu barədə 1 ay sonra danışmağı üstün tutmaq əvəzinə, bütün etiraflarını indi etməklə məğlubiyyətlə barışdığını nümayiş etdirmiş oldu. Belə göründü ki, R.İbrahimbəyovun qarşıdan gələn prezident seçkilərində müxalifətin uğur qazana biləcəyinə inamı tamamilə sarsılıb. Onun üçün bu seçki bitib. Birləşmiş müxalifətin faktiki rəhbəri seçki gününü gözləmədən ağ bayraq qaldırıb. Vaxtını, məqamını belə gözləmədən qarşıda görünməyə başlayan uğursuzluğun məsuliyyətini üzərindən atmağa tələsir. Eynən onun vahid namizədliyinin alovlu tərəfdarı olan Rəsul Quliyev kimi. Qəribədir ki, cənab İbrahimbəyov üzərində olan məsuliyyəti də elə Rəsul Quliyevin üstünə atdı. “Mən namizəd olmaq istəmirdim, Rəsul Quliyevlə Eldar Namazov məni məcbur etdilər” deməklə.

Hər halda, İbrahimbəyovun bu günkü gözlənikməz müsahibəsindən gəlinən ümumi nəticə bundan ibarətdir. Məntiqlə, birləşmiş müxalifətin rəhbəri kimi seçkiyə 25 gün qalmış iqtidara tərəf od püskürməli olan Milli Şura sədrinin təslimiyyətçi əhval-ruhiyyəsi isə, heç şübhəsiz Cəmil Həsənlinin təbliğat kampaniyasına zərbə olacaq. Baxmayaraq ki, seçki heç də R.İbrahimbəyovun zənn etdiyi kimi, bitməyib.

R.İbrahimbəyovun pessimizmini başa düşmək çətin deyil. Onu ümidləndirən, cəsarətləndirən Rusiyanın müəyyən dairələri idi. R.İbrahimbəyov inanmışdı ki, Putin İlham Əliyevlə vidalaşmaq istəyir. Öz növbəsində o da Azərbaycan müxalifətinin liderlərini inandıra bilmişdi ki, Rusiya bu seçkilərdə müxalifətə ciddi dəstək vermək niyyətindədir. Əslində Putinin səfərinə qədər proseslər elə bu istiqamətdə gedirdi. İqtidarla Abbas Abbasov, Söyün Sadıqov kimi Rusiya hakimiyyətinə bağlı adamların söz savaşında müxalifət kölgədə qalmışdı. Moskvadan əldə olunan məlumatlar da burda böyük anti-Əliyev səfərbərliyindən xəbər verirdi.

Lakin Putinin Bakıya qeyri-adi səfəri ilə bütün bu fəaliyyətlərə son qoyuldu. R.İbrahimbəyov da yanıldığını anladı. Görünür Rusiyanın dəstəyi olmadan prosesi davam etdirmək gücünü də özündə tapmadı. Cəsarət nümunəsi göstərərək Bakıya gəlmək, Milli Şuranın sədri kimi Cəmil Həsənlinin seçki kampaniyasının başında durmaq, qələbə üçün əzmlə çalışmaq əvəzinə Rəsul Quliyevin yolunu tutdu. Üstəlik məsuliyyəti üzərindən atmağa tələsərək bu gün ümumiyyətlə siyasətdən uzaqlaşdığını elan etdi.

Yeri gəlmişkən, R.İbrahimbəyovun vahid namizədliyinin ideya müəllifi olan Rəsul Quliyev qətiyyətlə deyirdi ki, o, seçkiyə qədər Bakıya gələcək. Buna heç kimin şübhəsi olmasın. Hətta arada sentyabrın sonuna qədər özünün də Bakıda olacağını bəyan edirdi...

Əlbəttə, Rüstəm İbrahimbəyovun anti-iqtidar cəbhəsində fəal mövqe tutması müxalifətin son illərdəki ən böyük uğurlarında biri idi. Təəsüf ki, düşünülməmiş, naşı siyasi gedişlər nəticəsində İbrahimbəyov faktoru tədricən müxalifətin əleyhinə çevrilməyə başladı. Bunun məsuliyyəti isə öz aralarında razılığa gələ bilməyən, bir-birinə güzəştə getməyən siyasi liderlərin, xüsusən də Əli Kərimli və İsa Qəmbərin üzərində qalacaq.

Bununla belə, Milli Şuranın gec də olsa öz namizədini dəyişərək Cəmil Həsənlinin üzərində anlaşa bilməsi, tam fiasko risqini aradan qaldırdı və müxalif elektorat arasında qarşıdan gələn seçkilərə az da olsa ümidi qoruyub saxlayır.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar