OLİQARXLARIN TALADIĞI MİLYARDLAR BÜDCƏDƏN SİLİNİR - Pirverdiyev və Əsgərova yeni "amnistiya"

Azərbaycanda səhmlərinin ya hamısı, ya bir qismi dövlətə məxsus olan bir sıra səhmdar cəmiyyətlərin borclarının və digər öhdəliklərinin bir hissəsi restrukturizasiya edilərək, gələn ilin dövlət büdcəsindən ödəniləcək. Bu barədə “Fineko” agentliyi Vergilər Nazirliyinə istinadən xəbər yayıb. Məlumata əsasən, borclarının bir hissəsi dövlət büdcəsindən silinəcək səhmdar cəmiyyətlər arasında “Azəraliminium”, “Azərenerji” və AZAL da yer alır.

Xatırladaq ki, hökumət gələn ilin büdcə layihəsini qlobal miqyas alan iqtisadi böhran və neftin kəskin ucuzlaşması səbəbindən sərt qənaət tədbirləri əsasında tərtib edib.

vergilerVergilər Nazirliyindən bildirildiyinə görə, gələn ilin büdcəsində dövlət borclarının ödənilməsi üzrə xərclər limiti 2015-ci ilə nisbətən 61 faiz, yaxud 473,5 milyon manat artırılıb və 1 milyard 249 milyon manata çatdırılıb.

Görünür, bu artımın səbəblərindən biri manatın devalvasiyasından sonra valyuta ilə olan borcların qaytarılmasına manat ekvivalenti ilə daha çox vəsait tələb olunmasından irəli gəlir.

Ancaq “Azərenerji”, AZAL və digər səhmdar cəmiyyətlərin borclarının bir qisminin dövlət büdcəsinə yüklənməsi suallar yaradır.

“Azərenerji”yə, AZAL-a və digər səhmdar cəmiyyətlərə illərdir ayrılan dövlət investisiyaları, subsidiyalar və digər güzəştlər onların nəhayət büdcə üzərində ağır yük olaraq qalmasına son qoymalı idi. Ancaq belə görünür ki, əsasən pis menecment, korrupsiya və digər neqativ hallar üzündən bu baş vermir. İndi bu şirkətlərin borclarının bir hissəsini böhran büdcəsinə yükləyirlər...

Bu səhmdar cəmiyyətlərin dövlət büdcəsinə milyardlarla manat vergi borcu var. Digər tərəfdən, onların yerli və xarici banklar qarşısında milyardlarla dollar kredit borcu yaranıb.

Məsələn, “Azərenerji”yə dövlət büdcəsindən bir ucdan dotasiyaların ayrılmasına baxmayaraq, şirkətin maliyyə göstəriciləri heç cür yaxşılaşmır.

Bu ilin əvvəllərində “Deloitte” şirkəti tərəfindən aparılan audit yoxlaması “Azərenerji”nin maliyyə göstəricilərinin kəskin pisləşdiyini, gəlirlərinin azaldığını ortaya çıxarıb.

Habelə “Fitch” reytinq agentliyi fevral ayında həyata keçirilən devalvasiyadan sonra “Azərenerji”nin yeni risklərlə üzləşdiyini bildirmişdi. Çünki səhmdar cəmiyyətin borclarının əsas hissəsi xarici valyuta ilədir, daxilolmalar isə manatladır.

Xatırladaq ki, "Fitch Ratings" reytinq agentliyinin məlumatına görə, bu ilədək "Azərenerji" elektrik enerji istehsalı və paylaşdırılması bazarında inhisarçı şirkət olub.  Etibar Pirverdiyevin rəhbərlik etdiyi şirkət enerjini baha qiymətdən satsa da, büdcə öhdəliklərini yerinə yetirməyib.

Belə ki, "Fitch Ratings" reytinq agentliyinin məlumatına görə, "Azərenerji"nin vergi borcu 2013-cü ilin sonuna kimi 700 milyon manat təşkil edib. Şirkət qalan vergi borclarını daha böyük həcmli dövlət subsidiyaları hesabına və ya əlavə borclar cəlb etməklə ödəyə bilər. Bu, onun kreditödəmə qabiliyyətinə neqativ təsir göstərir. Ötən 2 il ərzində də şirkətin borcunun bir qədər də  artaraq milyarda yaxınlaşdığı istisna edilmir.

Bundan əlavə, "Azərenerji"nin Dövlət Neft Şirkətinə qaza görə borcu 1 oktyabr 2014-cü il tarixinə 385 milyon manata çatıb.

Eyni zamanda "Azərenerji"nin beynəlxalq maliyyə təşkilatlarına da 100 milyonlarla dollar borcunun yarandığı bildirilir. ASC yalnız 2010-cu ilə qədər 1,45 milyard dollara yaxın xarici kreditlər cəlb edib.

Qeyd edək ki, "Azərenerji" kimi iri şirkətlərin vergi borcunun haradan yaranması indiyə kimi müzakirə olunan əsas mövzulardan biridir. Şirkət rəsmiləri bunu özlərinə sərf edən formada şərh etsələr də, mütəxəssislər tamam başqa fikirdədir. Ekspertlərin açıqladığı fikirlər Etibar Pirverdiyevin ASC-yə ayrılan subsidiyaları düzgün xərcləmədiyini və bu şirkətdə lazımsız xərclərin çoxluq təşkil etdiyini göstərir. Şirkətlərin ödənişlərinə baxdıqda, məsələn, "Azərenerji"də abonentlərdən pullar kifayət qədər yüksək səviyyədə yığılıb. Həmin xidmətlər üzrə qiymətlər də bahalaşıb, ancaq keyfiyyətdə heç bir irəliləyiş olmayıb. Ancaq bu şirkət nəinki hökumət qarşısındakı öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirib, əksinə, dövlətdən investisiya şəklində 100 milyonlarla vəsait alaraq, naməlum istiqamətlərdə xərcləyib. 2005-ci ildən 2014-cü ilə qədər dövlət büdcəsindən “Azərenerji” ASC-yə 1 milyard 132 milyon manat investisiya yönəldilib. Ancaq ortada olan məlumatlar göstərir ki, bunun heç 20 faizi həçmində iş görülməyib.  Əlbəttə, bu, xüsusi araşdırma mövzusudur. Ancaq hökumət bunu araşdırımaq əvəzinə, borcları dövlət büdcəsi hesabına silməyi üstün tutur.

Məlum olduğu kimi, dövlət tərəfindən iri vergi ödəyicilərinə, eləcə də "Azərenerji" ASC-nin rəhbərliyinə bir neçə dəfə güzəşt edilib. Lakin sözügedən qurumun dövlətə olan vergi borcu hər il bir qədər də artır.

Borcların silinməsi isə  son nəticədə pis ənənə yaradır.  Həm "Azərenerji"nin rəhbərliyi, həm də digərlərində arxayınçılıq yaranır  ki, nə qədər cox "yesələr" də, sonda  borcları silinəcək. Və buna görə də talançılığı davam etdirirlər.

azal cahangirAZAL iri vergi ödəyicisi kimi büdcə qarşısında öhdəlikləri yerinə yetirmir. Ən böyük vergi borcu olan dövlətin iri şirkətlərindən biridir. Belə ki, ötən il büdcəyə 29 milyon manat vergi ödənişi nəzərdə tutulsa da, bunun 14,5 milyon manatını yerinə yetirə bilib. Deməli, təkcə ötən il büdcə qarşısında təqribən 14 milyon manat borclu qalıb. Dəqiq rəqəm açıqlanmasa da, bundan əvvlki illərdə də AZAL-ın büdcəyə 10 milyonlarla manat borcunun yarandığı məlumdur.

Cahangir Əsgərov isə AZAL-ın qazandıqlarını "yeməklə" kifayətlənməyib, büdcədən də kifayət qədər vəsait alaraq, "yerbəyer" edib. Son 10 ildə təkcə büdcənin investisiya xərcləri bölməsindən "Azərbaycan Hava Yolları"na 860 milyon manat vəsait ayrılıb. Bundan əlavə, yanacaq və digər xərclər üçün isə büdcənin cari xərclərindən son bir neçə ildə hər il 10 milyon manata yaxın vəsait ayrılıb.

Heç bir hesabatlılığın olmaması isə şirkətin daha geniş əl-qol açmasına, dövlət vəsaitini qeyri-şəffaf, istədiyi kimi xərcləməsinə imkan verir.

Xatırladaq ki, 2010-cu ildə də dövlətə məxsus 16 qurumun və 1 özəl şirkətin (4 il əvvəl ölkəni tərk etmiş başıbəlalı «Barmek») «Azərenerji» ASC-yə 1 yanvar 2010-cu il tarixinədək «işığa» görə yığılıb qalmış olan 1 mlrd. 555,4 mln. manat məbləğində borcu silinmişdi. Bu qərarın digər bəndində isə göstərilir ki, «Azərenerji» ASC-nin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) olan 1 mlrd. 555,4 mln. manat məbləğində olan borcu da silinirdi.

pullar-manat_0Bundan başqa, hökumət «Azərbaycan Hava Yolları» QSC-nin SOCAR-a ödəməli olduğu 99 mln. manat dəyərində borcu da sildiyini bəyan edib. Yəni üst-üstə bu sənədlə 3 mlrd. 205,7 mln. manatlıq borca xitam verilmişdi. İndi yenidən bu proses təkrarlanır.

Ümumiyyətlə son məlumatlara görə, iri vergi ödəyicilərindən - "Azərenerji" ASC-nin, "Azərbaycan Dəmir Yolları" QSC-nin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, "Azərsu" SC-nin, "Azərbaycan Hava Yolları"nın (AZAL), Xəzər Dəniz Gəmiçiliyinin və Bakı Metropoliteninin dövlət büdcəsinə 2.2 milyard manat borcu yaranıb. "Azərenerji" ASC və AZAL-ın borclarının dövlət hesabına silinməsi, digərləri ilə də bağlı eyni addımların atılacağını düşünməyə əsas verir. Hansı ki, bu milyardların hara getdiyini heç kim açıqlamır. Bu da belə bir fikir yaradır ki, oliqarxların taladığı milyardlar büdcənin hesabına silinir. Nəticədə dövlətin büdcəsi boşalır, oliqarxların büdcəsi şişir.

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar