“Bu hakimiyyət məndən qisas alır” - Əli İnsanov

InsanovSabiq nazirin gün ərzində ikinci məhkəməsi daha dramatik oldu; Ə. İnsanov Azərbaycan xalqını Məmmədəmin Rəsulzadənin 130 illik yubileyi münasibətilə təbrik etdi

Yanvarın 31-də Bakı Apelyasiya Məhkəməsində (BAM) sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə gün ərzində ikinci proses keçirildi. Bu iş üzrə onu qeyd edək ki, Avropa Məhkəməsi Əli İnsanovun şikayətinə baxaraq onun Azərbaycan məhkəmələrində işinə baxılarkən bir çox hüquqlarının pozulduğunu tanıyıb. Ali Məhkəmənin Plenumu da Avropa Məhkəməsinin qərarının icrası ilə bağlı qərar verib. Həmin qərarın bir hissəsinə görə Ə.İnsanovun işinə Bakı Apelyasiya Məhkəməsində baxılmalı, digər hissəsinə görə isə birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

Dünən bu iş üzrə keçirilən prosesdə də, günün birinci yarısında olduğu kimi, Ə.İnsanovu şüşədən hazırlanmış xüsusi qəfəsə salıb qapısını bağladılar. Hansı ki, həmin qəfəsdən Ə.İnsanovun səsi kənarda eşidilmir. Yalnız hakim qəfəsdə quraşdırılan mikrofonu işə salarkən sabiq nazirin səsi kənara çıxır.

Artıq iş üzrə ilkin hazırlıq iclası keçirilib. Ötən məhkəmə iclasında Əli İnsanov hakim Qədim Babayevin sədrlik etdiyi məhkəmə tərkibinə etiraz vermişdi. Dünən keçirilən iclasda hakim Qədim Babayev bildirdi ki, etiraza BAM sədri İman Nağıyev baxıb və təmin etməyib. Eyni zamanda proses iştirakçılarının nəzərinə çatdırdı ki, qeyd olunan işlə bağlı Ali Məhkəmənin Plenumu işi yenidən apelyasiya instansiyasına göndərərkən yoxlama aktlarında, işdə adları çəkilən şəxslərin dindirilməsi ilə işin yenidən araşdırılması qərara alıb.

Sonra hakim sözü dövlət ittihamçısına verdi. Dövlət ittihamçısı işin bu mərhələsinin qismən məhkəmə istintaqı aparılmaqla keçirilməsinin vacib olduğunu hakimin diqqətinə çatdırdı.

Ə. İnsanovun vəkili Ağaveyis Şahverdi hakimə etiraz etdi: “Hörmətli hakim, siz qeyd edilən məsələni müzakirəyə çıxarmazdan əvvəl vəsatətlərin olub-olmadığını xəbər almalı idiz. Bunu etmədiz. Biz vəsatət vermək istəyirik ”.

Hakim:

- Verilmiş vəsatətləri müzakirə edəcəyik.

- Belə sual yaranır ki, hazırda işin hansı mərhələsidir? Təkrar apelyasiya baxışı mərhələsidir yoxsa burada istintaqın hansı şəkildə aparılması müzakirə edilir?

- Sizin məhkəmə tərkibinə sual vermək hüququnuz yoxdur.

- Mənim vəsatətim var.

- Buyurun bu məsələyə münasibət bildirin, sonra keçərik vəsatətə.

- Vəsatətimiz var və vəsatəti vermək istəyirəm.

- Ali Məhkəmənin qərarı ilə işi apelyasiya baxışı mərhələsinə qaytarıblar. İşə məhkəmə istintaqı ilə baxılıb-baxılmaması haqda məsələyə münasibət bildirin, sonra vəsatətə baxarıq.

“Əli İnsanov: “Mən müxalifət liderlərini 2003-cü il prosesini udduqlarına görə təbrik edirəm”

- Mənim bununla bağlı vəsatətim var. Məndə Ali Məhkəmənin qərarı var. Burada işin apelyasiya instansiyasında hansı mərhələyə göndərilməsi haqda hər hansı bir məlumat yoxdur. Yəni qərarda elə bir şey yazılmayıb. Burada yazılıb ki, hökm ləğv olunsun və Əli İnsanov barədə olan hissədə apelyasiya məhkəməsinə qaytarılsın. Belə olan halda nə istintaq aparırsız?

- Bu məhkəmənin səlahiyyətindədir.

- Onda işi ilkin instansiyaya – Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərin.

- Buna münasibət bildirin.

- Vəsatət verim sonra. Avropa Məhkəməsinin 14 mart 2013-cü il tarixli qərarının 168-172 bəndlərində göstərilib ki, birinci instansiya məhkəməsində işə baxılarkən Əli İnsanovun Konvensiyanın 6-cı maddəsinin c bəndi – hər bir şəxsin şəxsən və özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək hüququ - məhkəmə tərəfində açıq-aşkar pozulub...

Vəkil bu və digər pozuntulara görə apelyasiya instansiyasında çıxarılan hökmün ləğv olunmasını və birinci məhkəmə instansiyasında ilkin hazırlıq iclası mərhələsinə göndərməsini tələb etdi:

- 17 yanvar 2014-cü il tarixli iclasda vəsatət verərək apelyasiya şikayətinə baxılmasının təmin edilməsi və 20 aprel 2007-ci il tarixli hökmün ləğvini və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini xahiş etmişik. Lakin həmin vəsatət araşdırılmadan rədd edildi. Sədrlik edən dedi ki, apelyasiya məhkəməsi apelyasiya şikayətinə baxılmasını 2007-ci ildə yekunlaşdırıb. Çox gözəl. Həqiqətən bu məhkəmənin – apelyasiya instansiyasının belə bir qərarı var və həmin qərardan verdiyimiz şikayəti Ali Məhkəmə təmin etməyib. Avropa Məhkəməsi qərarının icrası ilə bağlı Ali Məhkəməsinin plenumu keçirdiyi iclasda isə həmin qərarı ləğv etməyib və bu səbəbdən də apelyasiya məhkəməsi iş üzrə yenidən araşdırma apara bilməz. Bu CPM-ə birbaşa ziddir. Digər tərəfdən, Avropa Məhkəməsinin 161-164-cü bəndlərinin tələblərinə görə Əli İnsanovun işinə birinci instansiya məhkəməsində baxılarkən sübutların araşdırılması hüququ kobud və açıq-aşkar şəkildə pozulub.

Vəkil müvəkkilinin təqsirinin sübuta yetirilmədiyi üçün barəsində bəraət hökmü çıxarılmasını vəsatətlə tələb etdiklərini, lakin bütün vəsatətləri kimi həmin vəsatətinin də təmin olunmadığını dedi.

“Bu hakimiyyət məndən qisas alır"

Vəkil işə apelyasiya məhkəməsində baxılmasına xitam verilməsini; Ə.İnsanov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv olunmasını; işin birinci məhkəmə instansiyasının hazırlıq iclasına göndərilməsini məhkəmədən xahiş etdi:

- Əks halda Əli İnsanov haqda bəraət hökmünün çıxarılmasını xahiş edirəm.

Əli İnsanov:

- Bu gün Azərbaycan xalqının böyük oğlu, milli qüruru, dövlətçiliyimizin banisi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi münasibəti ilə hamınızı ürəkdən təbrik edirəm. Azərbaycan xalqını əmin edirəm ki, böyük öndərimzin arzuları yerinə yetiriləcək. Çox qısa bir zamanda onun möhtəşəm heykəli...

Hakim sözünü kəsir. Ə.İnsanovdan vəsatətə münasibət bildirməsini istəyir.

Əli İnsanov:

- Təbii ki, özümə borc bilirəm ki, Avropa Məhkəməsini mənim təqsirsizliyimi sübut edən ədalətli qərara görə təşəkkür edim. ABŞ-ın Dövlət Departamentinə dərin təşəkkür edirəm. Dəfələrlə illik hesabatlarında barəmdə haqlarımı, hüquqlarımı müdafiə edən fikirlər söylənilib. Mən Avropa Şurasının Parlament Assambleyasına barəmdə iki qərar çıxardığına görə dərin təşəkkür edirəm. Mən məruzəçilər – Andreas Qrossa, Herkelə, Ştrasserə, Avropa İnsan Haqları üzrə komisarına öz dərin təşəkkürümü bildirirəm. Uzun illər ərzində mənə dayaq duran Azərbaycanın hüquq müdafiəçilərinə, İşgəncələr Əleyhinə Komitəyə, burada olan və olmayan jurnalistlərə dərin təşəkkürümü bildirirəm. Bir daha təkrar edirəm ki, bu hakimiyyət məndən qisas alır.

“Mən müxalifət liderlərini 2003-cü il prosesini udduqlarına görə təbrik edirəm"

- Vəsatətdən kənar çıxmayın.

- Bir daha deyirəm ki, İlham Əliyev...

Hakim Əli İnsanovun mikrofonunu söndürərək ona fikrini sonadək ifadə etməyə imkan vermədi. Ona əsəbi tonda “Əyləşin, mahiyyətdən kənar çıxmayın! Əyləşin! Əyləşin!” deməklə yerindəcə müşavirə etməyə başladı.

Qəbul olunan qərar isə işin qismən məhkəmə istintaqı aparılmaqla Bakı Apelyasiya Məhkəməsində hazırkı tərkibin baxmasından ibarət oldu. A.Şahverdi qəbul edilmiş qərardan 1 ay müddətində apelyasiya şikayəti vermək hüquqlarının olduğunu deyib hakimdən qərarı müdafiə tərəfinə təqdim etməsini xahiş etdi.

Hakim isə yerindəcə qəbul etdiklərini əsas gətirərək, qərarı müdafiə tərəfinə təqdim etməkdən imtina etdi. Vəkilin qəbul olunmuş qərarın müdafiə tərəfinə də təqdim edilməsinin CPM-in tələbi olmasını xatırlatması da hakimi israrından döndərmədi.

Hakim məhkəmə istintaqı mərhələsinin başlandığını tərəflərin diqqətinə çatdırdı.

Bu vaxt Ə.İnsanovun digər vəkili Toğrul Babayev hakimdən məhkəmə zalında oturan 10-a yaxın mülki geyimli şəxslərin kimliyinin aydınlaşdırılmasını xahiş etdi:

- Fasilə zamanı mən Əli İnsanovla danışmaq istəyirdim. Bax, bu qarşıda əyləşən şəxs məni əli ilə itələyib gedib yerimdə oturmağımı tələb etdi. Kimdir bu şəxs? Kimdir onunla bərabər mənim qarşımı kəsən bu şəxslər? Aydınlıq gətirin! Belə şəraitdə işləmək olmaz. Bizə Əli İnsanovla danışmağa imkan verin.

Hakim vəkillərin müvəkkilləri ilə danışması üçün 5 dəqiqəlik fasilə elan etdi. Fasilə zamanı zalda olan jurnalistlər və prosesə qatılan şəxslər oradan çıxarıldı.

Fasilədən sonra A.Şahverdi mülki geyimli şəxslərin kimliklərinin müəyyən olunması üçün vəsiqələrinin məhkəməyə təqdim olunmasını tələb etdi. Hakim məsələyə məhkəmədən kənar baxacağını dedi. Və ittiham aktının nəticə hissəsini elan etmək üçün sözü dövlət ittihamçısına verdi. Vəkil isə buna etiraz edərək vəsatətlərinə baxılmasını tələb etdi:

“Yəqin hamınız Şirvanşahlar sarayında olmusuz? Oradakı divanxananı görmüsüz. O divanxana mənim oturduğum yerdən çox yaxşıdır. Yəni orta əsrlərdən də geridəyik biz indi"

- Bu nə prosesdir ki, biz müdafiə etdiyimiz şəxslə ünsiyyətdən məhrum edilmişik?

Hakim:

- Siz ünsiyyət yaratmaq istəyəndə deyin, şərait yaradarıq.

A.Şahverdi:

- Axı, bu qaydanı kim müəyyən edib?

- Bu məhkəmə qaydalarıdır.

- Axı siz müdafiə hüququnu pozursuz. Əli müəllimin vəsatəti var, əlindədir, imkan yaradın vəsatəti versin.

- İndi yox, əyləşin.

- Hörmətli hakim, həbs qəti imkan tədbirinin dəyişdirilməsi, ləğv olunması, qüvvədə saxlanılması haqda qərar müdafiə tərəfinə dərhal verilir. Vəsatət verdik ki, həbsin qüvvədə saxlama haqda bu gün verdiyiniz qərar bizə verilsin. Niyə vermirsiz? Verin biz şikayət vermək istəyirik. Siz müdafiə hüququnu pozursuz. Mən məhkəmə tərkibinə etiraz edirəm.

- Yazılı verin.

- Buyurun verirəm.

- Prosesi pozmayın.

Vəkil tərkibə etiraz haqda vəsatəti hakimə təqdim etdi. Etiraza münasibət bildirən T.Babayev dedi ki, ilkin məhkəmə instansiyasında da işə baxarkən təqdim etdikləri vəsatətlər heç bir əsas göstərilmədən təmin olunmayıb:

“Bu məhkəmə Əli İnsanovun məhkəməsidir, burada hamıdan çox mən Əli İnsanov danışmalıyam, siz yox"

- Ali Məhkəmənin qərarı var ki, araşdırma aparıla bilməz. Siz də deyirsiniz ki, yox, biz araşdırma aparırıq. Biz işin Avropa Məhkəməsinin qərarına uyğun olaraq birinci instansiya məhkəməsinə göndərilməsini istəyirik. Bu bizim qanuni tələbimizdir. Hesab edirik ki, məhkəmə qərəzlidir.

- Siz hansı vəsatətlərinizin təmin olunmasını istəyirsiz?

- Biz Kərəm Həsənovun, Fatma Abdullazadənin, Oktay Şirəliyevin dindirilməsini birinci məhkəmə instansiyasında tələb etmişik, amma təmin etməyiblər. Bu gün Ali Məhkəmənin iş üzrə iki bir-birinə zidd qərarı var: - birində deyilir – hökm ləğv olunmalı 1-ci məhkəmə instansiyasına göndərilməlidir. Digərində isə işin apelyasiya instansiyasına göndərilməsi deyilir. Halbuki müxalifətçilərin işində belə olmadı. Pənah Hüseynin, Rauf Arifoğlunun işləri üzrə hökm və qərarlar Ali Məhkəmə Plenumu tərəfindən ləğv olundu və birinci instansiyaya qaytarıldı. Mahiyyətcə eyni işlərdir, amma Əli İnsanova münasibətdə Ali Məhkəmə 2 bir-birinə zidd qərar verib! Məhkəmədən biz xahiş edirik ki, geri qaytarın, deyirsiniz ki, yox biz bu işi araşdırırıq.

- Siz bu iş üzrə kimi dindirmək istəyirsiz vəsatət verin, mahiyyətdən yayınmayın, işə baxaq.

- Əyləşin, bizə işə baxmağa CPM imkan verir.

Vəsatətə Əli İnsanov da münasibət bildirdi:

- Xeyir ola? Mən sadə dildə, hamının başa düşdüyü dildə deyəcəyəm. Mən müxalifət liderlərini 2003-cü il prosesini udduqlarına görə təbrik edirəm.

Hakim:

-Münasibət bildirin.

Əli İnsanov:

- Mənim haqqımda belə qərar vermirsiniz ona görə ki, işi birinci instansiyaya göndərsəz mən azad olunmalıyam. Yəqin hamınız Şirvanşahlar sarayında olmusuz. Oradakı divanxananı görmüsüz. O divanxana mənim oturduğum yerdən çox yaxşıdır. Yəni orta əsrlərdən də geridəyik biz indi. Siz bayaq dediyiniz liderlərlə bizim qərar eyni olduğu halda müxtəlif fərqli qərarlar çıxarırsız məni həbsdə saxlamaq üçün. Və sonra da şikayət edirsiniz ki, bizim Qarabağ kimi dərdimizdə beynəlxalq qurumlarda ikili standartla üzləşirik. Axı ikili standartın ən böyüyü elə buradadır. İndi də Ali Məhkəmənin bu iş üzrə 2 bir-birinə zidd qərarı var. Nə Ali Məhkəmənin qərarını ləğv edə bilmirsiz, nə də ki, qanuni iş aparmırsınız. Bizim danışdıqlarımızın hamısı ədalətin üzə çıxarılması üçündır. Mən sizi söymürəm, təhqir etmirəm, sizə hörmətli deyə müraciət edirəm. Niyə mənə ədaləti axtarmaqda kömək etmirsiz? Siz burada sədarətsiz,bu məhkəmə Əli İnsanovun məhkəməsidir, burada hamıdan çox mən Əli İnsanov danışmalıyam, siz yox! Amma siz deyirsiniz ki, Ali Məhkəmənin qərarı öz yerində, prezident bizə belə deyib, siz mənə meydan oxuyursunuz.

Hakim mikrofonu söndürür.

Dövlət ittihamçısı etirazın qəbul edilməməsini xahiş etdi. Bundan sonra hakimlər müşavirə otağına yollandı və geri dönərək etirazın təmin olunmadığını elan etdi. Vəkillərin etirazına baxmayaraq proses davam etdirildi. Bundan sonra Əli İnsanov vəsatət verdi:

- Mənim səsim də dozalaşdırılıb ilahi. Mən nə yaxınlarıma, nə də dostlarıma məhkəməyə gəlməyə imkan verməmişəm. Demişəm ki, burada şou lazım deyil. Onlar söz deyə, sizə mane ola bilərlər. Görürsiz jurnalistlərdən başqa burada kimsə yoxdur. Axı bu adamlar kimdir, onları bura niyə doldurmusuz? Məni niyə danışmağa qoymursuz?

Hakim mikrafonu söndürərək “vəsatəti verin” deyə Əli İnsanova müraciət etdi.

Ə.İnsanov:

- Körpə uşaq qorxunc bir şey görən kimi gözlərini bərk-bərk yumur, qulaqlarını əlləri ilə bağlayır. Uşaq elə bilir ki, o qorxulu şey itdi. Biçarə gözlərini açanda görür ki, qorxulu şey gözlərinin qabağındadır. İlham ...

Hakim mikrofonu söndürərək “mən xəbərdarlıq edirəm, başqa söz söhbətə yol verən məhkəmə zalından çıxarılacaq”, deyib Əli İnsanovdan əyləşməsini tələb etdi.

Vəkilləri isə Ə.İnsanova vəsatəti sonadək elan etməyə şərait yaradılmasını istədilər. Hakim Ə.İnsanovun mikrofonunu yandırdı.

Ə.İnsanov:

- Qədim Babayev, sizin biliyinizə şübhəm yoxdur, amma heç kim şübhə etmir ki, siz birbaşa siyasi sifariş yerinə yetirirsiniz. Bu mənim məhkəməmdir, hamıdan çox mən danışmalıyam. Niyə? Təqsirsizliyimi Avropada sübut etmişəm, indi burada, öz evimizdə də sizlərə də sübut edim. Siz bu qədər top-tüfənglə haradaydınız bu iş Avropada 5 il ərzində müzakirə ediləndə? Bərəkallah, kürü diplomatiyanız, pulla ələ aldığınız lobbi şəbəkəniz, neft pullarını bütün dünyaya dağıtmısız, indi də gəlib heyfinizi məndən çıxırsız. Ona görə də mən vəsatət qaldırıram. Mənim əlim sizə çatır. Fikrət Məmmədovu dəvət etdim...

Hakim Ə.İnsanovun mikrofonunu yenə söndürdü. Və Ə.İnsanovdan vəsatətin nəticə hissəsini elan etməsini istədi.

Ə.İnsanov:

- Nə məni, nə də vəkillərimizi danışmağa qoyursunuz. Nə Azərbaycanın qanunlarına, nə qoşulduğumuz beynəlxalq konvensiyalara məhəl qoyursunuz. A kişilər erməni Azərbaycanın tərkibində qalar? Onlar bu...

Hakim yenə də mikrofonu söndürdü. Məhkəmə nəzarətçisi Ə.İnsanovun olduğu şüşə qəfəsin qapısını açaraq vəsatəti ondan alaraq aparıb hakimə verdi.

Hakim vəsatətin sədrlik edənə etiraz olduğunu açıqladı. Müşavirə otağına yollanan digər iki hakim oradan qayıtdıqdan sonra vəsatətin təmin olunmadığını və prosesin Qədim Babayevin sədrliyi ilə davam etdiriləcəyini elan etdilər. Bundan sonra dövlət ittihamçısı ittiham aktını elan etməyə başladı. Bir neçə saat davam edən aktın elanından sonra Ə.İnsanov söz istədi. Lakin hakim ona şərait yaratmayaraq prosesi 7 fevral 14:30-a qədər təxirə saldı.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar