«BU SƏHV HAKİMİYYƏTƏ BAHA BAŞA GƏLƏCƏK» - Sülhəddin Əkbərdən qorxulu proqnozlar

"Rusiya xüsusi xidmət orqanları Azərbaycan hakimiyyəti daxilindəki “5-ci kolon”la birgə Bakı ilə Qərb arasındakı "körpüləri yandırdı""

Avropa Parlamentinin qətnaməsi və ardınca Milli Məclisin cavab bəyanatı rəsmi Bakı ilə Qərb münasibətlərinin yeni müstəviyə keçdiyini təsdiqləmiş oldu. Bununla da münasibətlərin qarşıdurma müstəvisində davam edəcəyi şübhə doğurmur. Artıq bir sıra siyasilər, şərhçilər Azərbaycanda "şimal küləyi"nin gücləndiyini açıq şəkildə deyirlər. Siyasi şərhçi Sülhəddin Əkbərlə söhbətimizdə bu istiqamətdə yaranan suallara cavab almağa çalışdıq. 

    -  Sülhəddin bəy, Azərbaycan Milli Məclisinin 14 sentyabr bəyanatına əsasən bir sıra siyasi şərhçilər hesab edir ki, rəsmi Bakı balans siyasətindən əl çəkib Moskvanı seçdi. Siz bu barədə nə düşünürsünüz?

- Son hadisələr rəsmi Bakının apardığı yanlış siyasi xəttin məntiqi nəticəsidir və strateji səhvdir. Çox təəssüf ki, bu səhv Azərbaycana da, hakimiyyətə də baha başa gələcək.

- "Baha başa gələcək" deyəndə nələri nəzərdə tutursunuz?

- Azərbaycan hakimiyyəti ilə Qərb arasındakı sınma nöqtəsi xeyli irəliyə gedib çıxır. Bu, İlham Əliyevin 2009-cu ildə referendum keçirərək Azərbaycan Konstitusiyasına dəyişiklik etməsi ilə bağlıydı. Hansı ki, başda ABŞ olmaqla Qərb İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlməsini dəstəkləmişdi. 2009-cu il referendumu ilə Bakı “qırmızı xətt”i keçmiş oldu. Buna ilk cavab da ATƏT-in 2013-cü il prezident seçkilərinə verdiyi qiymət oldu, seçki məntəqələrinin 58 faizində nəticələr şübhə altına alındı. Qərblə münasibətlərin pisləşməsinin ilk böyük əlaməti kimi ATƏT-in hesabatını göstərə bilərəm. O dövrdən başlayaraq hakimiyyətlə ABŞ və Qərb arasında münasibətlərdə gərginliyin əsası qoyuldu. Bu gərginlik Ukrayna böhranından sonra daha da artdı. Ukrayna böhranı-hakimiyyət dəyişikliyi və bu dəyişiklikdə Qərbin demokratik qüvvələri dəstəkləməsi rəsmi Bakını qorxutdu. Bunun nəticəsində hakimiyyət ötən ilin sonundan Qərbə qarşı təbliğat kampaniyasına start verdi və paralel olaraq Azərbaycanda demokratiya, insan haqları sahəsində durum ağırlaşdı. Beləliklə, hakimiyyətin dili ilə desək, Qərbin “5-ci kolon”unun sıradan çıxarılması müşahidə olundu. Siyasilərin, bloqqerlərin, jurnalistlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin həbsinin şahidi olduq. Çox ciddi səhvlərdən biri ABŞ Konqresinin maliyyələşdirdiyi Azadlıq Radiosunun Bakı ofisinin bağlanması və polis basqını, eyni zamanda, ATƏT-in Bakı ofisinin bağlanması oldu. Bu, Qərblə "körpülərin yandırılması” demək idi. Bu addımların atılmasında Rusiyanın hakimiyyət daxilindəki çox ciddi təsir gücünə malik “5-ci kalonu” xüsusi rol oynadı. Məqsəd İlham Əliyevin Qərblə münasibətlərini “körpülərin yanması”na qədər pozmaq olub. Ondan sonra Rusiyanın Azərbaycanı nəzarətə alması asan olacaqdı. Hesab edirəm ki, Rusiya xüsusi xidmət orqanları Azərbaycan hakimiyyəti daxilindəki “5-ci kalon”la birgə bu vəzifənin öhdəsindən gəliblər.

Təbii ki, ABŞ və Avropa Birliyi də uzun müddət səbr göstərdikdən sonra hakimiyyətin addımlarına reaksiya verdi.

    - Demək istəyirsiniz ki, Azərbaycan hakimiyyəti ilə Qərb arasında “körpülər yanıb”?

- Bəli. Avropa Parlamentinin  qətnaməsi qəbul olunmamışdan əvvəl mətbuata bildirmişdim ki, həm region, həm də Azərbaycan dəyişikliklər astanasındadır. Azərbaycan artıq böyük dəyişikliklər mərhələsinə qədəm qoyub, ilkin əlamətlərini də görməkdəyik.

- Milli Məclisin qərarında bildirilir ki, əgər Azərbaycana qarşı sanksiyalar qəbul olunsa, Nazirlər Kabineti avropalı deputatların ölkəyə girişini qadağan etsin. Bu, hakimiyyətdə Qərbin sanksiyalar qərarı qəbul edəcəyi barədə məlumatlı olması qənaətini yaratmırmı?

- Hakimiyyətdə daha çox məlumat var və Rusiya xüsusi xidmət orqanları bura dezinformasiyaları əlavə edir. Bunlar məsələnin daha bir detalıdır. Baş verənlərə daha dəqiq qiymət vermək üçün mövcud mənzərəyə uzaqdan  baxılmasını istəyirəm. Artıq ABŞ, Qərb və Rusiya arasındakı geopolitik qarşıdurma postsovet məkanına daxil olub və bu, Ukrayna hadisələrilə pik nöqtəsinə çatıb. Rusiya öz potensialını əsasən Ukrayna böhranında istifadə etdi, Krımı ilhaq etdi, Donbas separatçılarını dəstəklədi və burda müəyyən bir sabitlik yarandı. İndi ikinci mərhələ başlayıb, Kreml Ukraynada yaratdıqlarını konservləşdirib və ikinci səhifə açaraq geopolitik cəbhə xəttini postsovet məkanından kənarlaşdırmaq istəyir.  Ona görə də bu ayın əvvəlindən Suriyaya müdaxilə başladı. Rusların bu müdaxiləsində bir neçə variant və hər varianta uyğun bir neçə məqsəd nəzərdə tutulur. Birincisi, A planı tükəndirmə strategiyasına əsaslanır və Əsədin mümkün qədər müdafiəsini nəzərdə tutur. Bu halda ABŞ və Qərb Suriyada daha çox qalmalı, vaxt və enerji itirməlidi. Bunu bacarmasalar B planına keçib Aralıq dənizi sahilində bir Nüsayri dövləti qurmaq istəyirlər -Türkiyənin Xatay vilayətindən Livana qədər. Bu da mümkün olmasa C planına keçib Tarsusdakı və Latakiyada yeni qurmaqda olduqları öz hərbi bazalarını qorumağa çalışacaqlar. Məqsəd Qərblə danışıqlarda əllərində “kozır” saxlamaqdır ki, öz bazalarını qoruya bilsinlər. Əks halda Rusiya Aralıq dənizindən, Yaxın Şərqdən çıxmalı olacaq. İndiki halda Rusiyanın imkanları məhdudlaşır, Putin rejimi mövcud vəziyyətdə daxildə millətçi şüarlarla hakimiyyətini möhkəmləndirmək istəyir, ona görə yeni uğurlara imza atmaq niyyətindədir. Ancaq Rusiyanın Ukraynada potensialı tükənib, Suriyada məhdud potensiala malikdir, yeganə irəliləyiş əldə edə biləcəyi yer Qafqaz, xüsusən də Azərbaycandır. Hesab edirəm ki, Suriyanın ardınca növbəti gərginlik ocağı Cənubi Qafqazda, Azərbaycanda olacaq.

    - Hərbi bazalardan söz düşmüşkən, həmkarınız Ərəstun Oruclu bildirmişdi ki, Moskva Azərbaycanda öz hərbi bazalarını yerləşdirmək istəyir, bu barədə nə deyə bilərsiniz?

- Kremlin istəyi- onlar bunu da heç gizlətmirlər- Azərbaycanın Avrasiya İttifaqına daxil olması və strateji nəzarət altına alınmasıdır. Maksimum plan bundan ibarətdir, bu planı mövcud hakimiyyətlə gerçəkləşdirmək niyyətindədirlər. Yox əgər, İlham Əliyev dirənəcəksə, onu dəyişib yerinə öz adamların gətirməyə çalışacaqlar. Başqa bir variant isə deyilən planı hissə-hissə həyata keçirməkdir. Məsələn, Azərbaycanın İranla sərhədinə nəzarəti ələ keçirməkdir. Necə ki, Ermənistanın sərhədini rus əsgəri qoruyur. Ruslar o zaman sakit və rahat ola bilir ki, sərhədin hər iki tərəfində rus əsgəri dayanır. Bu, onlar haqqında deyilən məsəldir.  Bu baxımdan Moskvanın Azərbaycanla bağlı planları çoxvariantlıdır və biz çox təhlükəli bir dövrə qədəm qoymuşuq. Rusiya Ermənistan-Azərbaycan münaqişəsini qızışdırmaqla regiona humanitar müdaxilə altında girə bilər və Qarabağda hərbi baza qurması mümkündür. Ya da indiki hakimiyyətə təzyiqləri artırmaqla məqsədlərini həyata keçirə bilər. Bunu da millətçi dalğalar üzərində qura bilər, məsələn, yeni hakimiyyət gətirirlər və ardınca bir neçə rayon işğaldan azad olunur, bununla təbliğat qurulur. Guya torpaqlarımızı  qorumaq naminə Rusiya bazalarının yerləşdirilməsinə məcbur olduq. Bütün bunlar Azərbaycanı mürəkkəb dövr gözlədiyini ortaya qoyur.

    - Bu mürəkkəb dövrdə Qərb prosesləri sakit müşahidə edəcəkmi?

- Yox, sakit müşahidə edəcəyini düşünmürəm. İki variant ola bilər: Birinci, Əliyevin vasitəsilə Rusiyanın ölkədəki qüvvələrini sıradan çıxarmaq, ikinci variant isə onun hakimiyyətdən getməsini gözləyib ondan həmən sonra hadisələrə müdaxilə etmək. Hansı yolu seçəcəyini isə söyləmək mümkün deyil. (Meydan.tv)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar